Beynəlxalq birjalarda ABŞ dollarının aparıcı valyutalara qarşı bahalaşması davam edir. Bu gün Dollar İndeksi (ABŞ dollarının 6 aparıcı valyutaya qarşı ortaq məzənnə dəyərini ifadə edir - red.) bir qədər də yüksələrək 109,8 həddinə çatıb.
Sfera.az xəbər verir ki, birja analitikləri dolların hələ bir neçə gün bahalaşacağını proqnozlaşdırırlar. Ümumi rəy ondan ibarətdir ki, dollar yeni prezident Donald Trampın inaqurasiya mərasiminə, yəni yanvarın 20-nə kimi bahalaşacaq.
Lakin bu fikirlə razılaşmayanlar da çoxdur. Onların fikrincə, dolları bahalaşdıran amillər Trampla bağlı deyil. Belə ki, dollar 2024-cü ilin sentyabrın sonlarından bahalaşır və bahalaşma artıq dördüncü ayına keçib. Hesab olunur ki, dolları bahalaşdıran fundamental səbəblər var. Bu səbəblər arasında ABŞ iqtisadiyyatında maksoiqtisadi vəziyyətin yaxşılaşması, əvəzində Avropa İttifaqında iqtisadi vəziyyətin pisləşməsi göstərilir.
Mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə, dolların daha da bahalaşacağı və 2022-ci ilin sentyabrındakı səviyyəyə çatacağı güman edilir.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında indeks 112 həddini keçmişdi və onda bir avro 0,98 dollara dəyişdirilirdi. Hazırda isə bir avro 1,02 dollardır.