“Ultrasəs müayinələri mümkün problemləri erkən mərhələdə aşkar etməyə kömək edir”.
Musavat.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının radioloqu Jalə Parlanova deyib.
Müsahibəni təqdim edirik:
- Jalə xanım, ilk öncə hamiləlik dövründə mütəmadi müayinələrin vacibliyi haqqında məlumat verərdiniz…
- Ultrasəs müayinəsi (USM) olduqca mühüm bir diqanostik vasitədir və xüsusilə qadın sağlamlığında çoxsaylı tibbi proseslərdə geniş tətbiq edilir. USM-dən həm hamiləlik öncəsi qiymətləndirmə, hamiləlik dövründə icra edilən çoxsaylı müayinələr, həm də doğuş sonrası ana sağlamlığının skrininqi üçün istfadə olunur.
Hamiləlik dövründə mütəmadi USM müayinələri gələcək ana və körpənin sağlamlığını izləmək üçün olduqca vacibdir. Müayinələr mümkün problemlərin erkən mərhələdə aşkarlanmasına kömək edir. Bu da, vaxtında müdaxilə etməyə və riskləri azaltmağa imkan yaradır. Eyni zamanda, valideynlərin körpələrinin inkişafı haqqında məlumatlandırılması onları rahatlaşdırır və doğuşun müsbət nəticələnməsinə dəstək olur.
- Hər trimestrdə hansı məcburi müayinələr aparılır?
- Hamiləlik üç trimestrə bölünür və hər trimestrdə ana və körpənin sağlamlığını izləmək üçün xüsusi müayinələr aparılır.
Birinci trimestrdə (14-cü həftəyədək) ananın müəyyən qan analizlərinin verməsi vacibdir. Bu analizlər nəticəsində qan qrupu, RH faktoru, hepatitlər və digər amillər yoxlanılır. Eyni zamanda, bu trimestrdə (təxminən 11-14-cü həftələrarası) NT müayinəsi aparılır. Bu da, qan analizləri ilə birlikdə uşaqda xromosom anomaliyalarının riskini qiymətləndirmək üçün əsas götürülür. Bu trimestrdə digər genetik analiz – NİPT də təklif edilə bilər.
İkinci trimestrdə artıq inkişaf edən döldə mövcud vəziyyətin müəyyən edilməsi üçün müayinələr aparılır. Körpənin orqanları, struktur vəziyyəti və plasentanın yerləşməsi yoxlanılır. Eyni zamanda, gestesional diabeti aşkar etmək üçün qlükoza dözümlülüyü testi də aparılır.
Son trimestrdə isə, körpənin inkişafını izləmək üçün böyümə USM-ləri icra edilir. Bu müayinələr körpənin ölçüsü, mövqeyi (duruş) və amniotik mayenin səviyyəni yoxlayır. Eyni zamanda, 36-38-ci həftələrdə icra edilən GBS testi bakteriyaların doğuş zamanı körpəyə keçməsinin qarşısını almaq üçün vacibdir.
- Ultrasəs müayinəsinə gəlməzdən öncə nələri bilmək lazımdır? Bu müayinə üçün ön hazırlıq mərhələsi varmı?
- Hazırlıq ultrasəs növündən asılıdır. İlk ultrasəslər üçün maye qəbul edərək, sidik kisəsinin dolu olmasına nəzarət etmək məsləhət görülür. Anomaliya və böyümə skanları üçün isə adətən xüsusi hazırlıq tələb olunmur. Bununla yanaşı, ultrasəs müayinələrinin tamamilə ağrısız olduğunu xatırlamaq vacibdir. Bu müayinələr hamiləliyin problemsiz və sağlam keçməsini təmin etmək üçün nəzərdə tutulub.
- Ultrasəs müayinələr nə qədər təhlükəsizdir?
- Ultrasəs müayinələri düzgün istifadə olunduğu halda təhlükəsizdir. Bu müayinələr görünən vizual nəticələri yaratmaq üçün radiasiyadan yox, səs dalğalarından istifadə edir. Bu da, onların həm ana, həm də körpə üçün olmasını təmin edir. Əsas məsələ ultrasəsin tibbi məqsədlər üçün və peşəkar həkimlər tərəfindən aparılmasıdır. Bu, onun düzgün və effektiv istifadəsini təmin edir.
Bundan əlavə, müayinələr valideynlərə körpələri ilə emosional əlaqə qurmaq imkanı və körpənin ultrasəsdə hərəkətlərini izləmək imkanı verir. Bu görüşlər valideynlərə körpənin inkişafı barədə məlumat almağa, doğuma hazırlaşmağa və hər hansı narahatlıqlarını həkimlə müzakirə etməyə şərait yaradır.
- Ultrasəs müayinələrinin qadın sağlamlığı üçün daha hansı üstünlükləri mövcuddur?
- Erkən hamiləlik dönəmində və hətta ondan öncə ultasəs müayinəsi hamilələyin təsdiqlənməsi, mövcud döllərin sayı, yerləşməsi (uşaqlıq daxilində və ya xaricində), ürək döyüntülərini yoxlamaq, plasentanın yerləşməsini müəyyən etmək üçün icra edilir.
Eyni zamanda, doğuş prosesindən sonra plasentanın qalıqlarının və qanaxma təhlükəsinin qiymətləndirilməsi üçün də USM vacibdir. Uşaqlığın normal şəkildə əvvəlki vəziyyətinə doğru yığılması və sağalması, uşaqlıq infeksiyalarının aşkar edilməsi və anada süd vəziiləri ilə bağlı yaranan vəziyyətləri tədqiq etmək üçün də ultrasəs müayinəsi icra edilir.
Qadınlarda yumurtalıqda mövcud olan yumurta ehtiyatının qiymətləndirilməsi, uşaqlıqda struktur problemlərinin diaqnostikası, follikul inkişafının izlənməsi və ovulyasiya monitorinqi, süni mayalanma və hormonal diaqnostikalarda yardımçı vasitə kimi geniş istifadə olunur. Eyni zamanda, çanaq sağlamlığı, uşaqlıq və yumurtalıqlarda olan anomaliyaları öncədən müəyyən etməyə imkan verərək, mümkün cərrahi müdaxilələrin aparılmasını müəyyən edir.