Ermənistan hökumətinin Avropa İttifaqına qoşulmaq haqqında qanun layihəsini təsdiqləmək barədə qərarı Rusiyada ciddi narazılıqla qarşılanıb.
Musavat.com xəbər verir ki, Rusiyanın Strateji Mədəniyyət Fondunun eksperti, politoloq Andrey Areşev yerli mətbuatın bununla bağlı suallarını cavablandırıb.
“Bu qərar, deyək ki, sürpriz olmadı. Çünki bildiyimiz kimi, Paşinyan ötən il və ondan əvvəlki dövrdə kifayət qədər səmimi, Ermənistanı Avropaya maksimum inteqrasiya səviyyəsində görmək istədiyini deyib. 2024-cü ildə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüş olub, burada bu istiqamətdə yol xəritəsinin bəzi elementləri aydın şəkildə göstərilib”, - deyə Areşev qeyd edib.
Rusiyalı politoloq Moskvanın buna hələ ki, təmkinli reaksiya verəcəyini düşünür.
“Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın həm Avrasiya İqtisadi İttifaqı ilə, həm də Avropa İttifaqına üzvlüyünün uyğun olmadığını bəyan edib. Mənə elə gəlir ki, KTMT məsələsində gördüyümüz situasiya müəyyən dərəcədə burada da təkrarlanacaq.
Moskva ilk növbədə gömrük, tarif siyasəti sahəsində Ermənistan hökumətinin real addımlarını rəhbər tutacaq. Əgər bu, Ermənistanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində konkret normativ hüquqi aktlar səviyyəsində öhdəliklərinə birbaşa ziddirsə, yəqin ki, konkret addımlar atılacaq. Fikrimcə, Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi halında və 2026-cı ildəki parlament seçkilərindən sonra Moskvadan daha konkret reaksiya gələcək”, - deyə Areşev qeyd edib.
Musavat.com