İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğru yaşamın gerçək üslubu

1018 15.02.2019 10:10 Yazarlar A A

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə özümüz haqqında, mövcudluğumuz haqqında düşünmək, fikirləşmək səadətini nəsib edib. Allaha şükür olsun ki, bizi Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) ilə tanış olmaq səadətinə çatdırıb.

İblisin (lən) daxilimizdəki müttəfiqi

Mövzumuz insanın mənəvi təkamülü zamanı maneə törədən amillərlə bağlı idi. Danışdıq ki, bir tərəfdən həvayi-nəfs öz təsirini göstərir, digər tərəfdən dünya vurğunluğu öz təsirini qoyur, üçüncü tərəfdən şeytanın (lən) vəsvəsələri təsirini göstərir. Bunlar bir-birinə bağlı haldadır.

Bizim nəfsani istəklərimiz olmasa, şeytanın (lən) gəlib bizə təsir göstərməsi imkansız olar. Dünyaya bağlantımız olmasa, nəfsani istəklərimiz də meydana gəlməz. Əslində bu üçü bir-birinə ciddi şəkildə bağlıdır. Xüsusilə nəfsani istəklər və dünyaya vurğunluq bir-birinə bağlıdır və şeytanın (lən) vəsvəsəsi də bu vurğunluq və bağlılıq olan zaman, nəfsani istəklər işə düşən zaman baş tutar. Şeytan (lən) gəlib fürsətləri dəyərləndirir, toxumlarını əkir, ondan sonra da istədiyi nəticələri də əldə etməyə çalışır. Bunları daima diqqətdə saxlamaq lazımdır ki, insan qəflətə düşməsin.

İmanımızın diri qalmasına mane olan amillərlə necə mübarizə aparaq?

Sual budur ki, necə edək ki, bu üç amil qarşısında duruş gətirə bilək? İnsan hansı bir cəhətini, hansı istiqamətini artırmalıdır, gücləndirməlidir ki, müqavimət qabiliyyəti artsın? Özümüzün hansı cəhəti ilə gərək xüsusi olaraq məşğul olaq?

Əllamə Misbah Yəzdi cənablarının bu mövzuda fərqli baxışlar ortaya qoyur və buyuruşundan belə başa düşülür ki, lokal və bircəhətli reseptlər çıxış yolu deyil. Yəni ümumi olaraq, insanın bu üç istiqamətdə problemlərdən qurtulması üçün deyə bilərik ki, gərək tanıması yuxarı olsun, əqidəsi möhkəm olsun, dünyagörüşü mükəmməl olsun. Digər tərəfdən, gərək fiqhi və əhkami məsələlərə diqqət etsin. Üçüncü tərəfdən əxlaqi fəzilətlərə yiyələnməyə çalışsın.

Bunlar özü-özlüyündə yaxşı səslənsə də, necə və hansı ardıcıllıqla insan bunlara nail ola bilər? Həyat bizi gözləmir. İnsan əqaidi məsələlərini artırana qədər, əxlaqi və əhkami məsələləri onu gözləyir. İnsan bir ömür zamanını sərf edə bilər ki, əqaiddə, dünyagörüşündə, tanımada bir mərhələyə çatsın. Amma bu getdiyi zaman, insanın digər məsələləri kənarda qala bilər. Üstəlik, hər kəsin tutumu və qavraması o qədər deyil ki, bütün bunlarda ən ali mərtəbəyə yüksəlsin.

Əxlaqi mövzulardan başlayanda da, insan bir mərhələyə yetişir ki, nəyin əxlaq olmasını ayırd etməkdə çətinlik çəkir. Bunun üçün gərək bilgisi, tanıması, mərifəti olsun. Başa düşülən budur ki, bunların hər hansı birindən başlayıb, digərlərinə doğru getmək kimi bir həll yolu yoxdur. Bu, məsələnin bir tərəfidir.

İnsan öz mövcudiyyətinin 3 əsas bünövrəsini paralel təmin etməlidir

Ümumi götürəndə, insanın varlığı üç bölümdən təşkil olunub.

Birincisi - əql qüvvəsi, düşüncə, təfəkkür, axtarmadır ki, insan gərək buna çarə tapsın, bunu ödəsin.

İkinci - insanın hissləri, duyğuları, atifələridir. Gərək bunlar da ödənsin.

Üçüncü - insanın, cismani, fizioloji ehtiyaclarının mövzusudur ki, gərək bunlar da təmin olunsun. Aclıq, susuzluq, istilik, soyuqluq, digər təbii ehtiyaclar həll olmalıdır.

Belə deyil ki, insan gərək əqli müstəvidə bir yerə çatsın, sonra digər məsələləri qaydasına qoysun. Atifə, duyğular, hisslər, fiziki ehtiyaclar gözləmir. Əqli də tam lazımi vəziyyətə çatmayana qədər, hisslər də həmişə doğru yerə aparmır, ehtiyaclar da həmişə doğru təmin olunmur. İnsanın həyatının içərisində bu üçü də paralel olaraq gündəmdədir. Ağılın, hisslərin, duyğuların, həm də cismani ehtiyacların gündəlik tələbatı var. Göründüyü kimi, vəziyyət çox da sadə deyil.

Qurani-Kərimin qurtuluş üslubu

Əllamə Misbah Yəzdi cənabları bu mövzuda Qurani-Kərimin üslubuna nəzər salır. İslam inancının bu mövzuda mühüm, bünövrəvi təqdimatı Qurandadır. Qurani-Kərim bu mövzuda bölgü aparmır. Belə deyil ki, əvvəl bir hissələr gəlir ki, öncə ağılı gücləndirilsin, sonrakı hissələr - hisslərə yönəlsin, sonrakı hissələr gəlib cismi ehtiyaclar mövzusunu əhatə etsin. Qurani-Kərimdə hamısı yanaşı, bəzən bir ayədə biri bir qədər çox, digər ayədə o biri məsələ bir qədər qabarıq yer alır.

Başa düşülən budur ki, bizim bu vəziyyətdən götürə biləcəyimiz ən böyük ibrət və dərs budur ki, Qurani-Kərimin üslubunu əsas kimi qəbul edərək, bütöv varlıq kimi inkişafımızın üzərində düşünməliyik. Quranla tanışlıq, Quranla ünsiyyət və Quranın buyuruşları, ayələri ilə tanışlıq həm də buna görə tövsiyə olunur ki, insan Quranla tanış olan zaman bu mövzularda bu və ya digər formada hissə-hissə, müəyyən dərəcədə qidalanma alır.

Quranın ən praktik formada izahını verən, çatdıran Peyğəmbər (s) və onun pak Əhli-Beytidir (ə). İnsanın gün ərzində Quranla təmasda olmasının bu qədər tövsiyə olunmasının başlıca səbəblərindən biri budur ki, Qurani-Kərim bu mövzularda müxtəlif həcmlərdə, müxtəlif dozalarda çatdırışlar edir, insanda ayılmalara gətirib çıxardır.

Belə bir nəticələndirmə edə bilərik ki, biz günümüzü elə tənzimləməliyik ki, bütün istiqamətlərimiz, bütün cəhətlərimiz, bütün mövzularımız qidalana bilsin. İnsan bədənində belə deyil ki, ilk öncə ürək işə salınır, sonra beyin, sonra digər orqanlar və s. Bədən bir bütöv şəkilində qidalanır. Bu mənada bizim bütün mövcudiyyətimiz eyni anda qidalanmalıdır və Qurani-Kərimin bizə təqdim etdiyi üslub da budur.

Qurani-Kərim nə üçün nazil olub?

“Nəhl” surəsinin 44-cü ayəsində Rəbbimiz buyurur: “(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər”.

Ayədə mühüm nöqtələrə işarə olunub. Vurğulanır ki, Allah Təala Qurani-Kərimi Peyğəmbərimizə (s) nazil edib və Peyğəmbərin (s) missiyası Quranı insanlara çatdırmaq və aydınlatmaqdır.

Bəzən belə fikirlər olur ki, Quran özü bir mətn olaraq bəs edər. Rəbbimiz Özü açıqlayır ki, belə bir məsələ yoxdur. Peyğəmbərin (s) və onun (s) Əhli-Beytinin (ə), eləcə də ümumən o irsdən bəhrələnən alimlərin, üləmanın vəzifəsi və məsuliyyəti - Qurani-Kərimin mövzularını açıqlamaqdır.

İslamın ruhunu, çatdırışlarını zamanına, məkanına, şəraitinə görə açıqlamaq missiyası var. Quranın nazil olmasının və açıqlanmasının hədəfi isə insanların təfəkkürünü artırmaqdır. Hədəf budur ki, biz yaxşı düşünək, təfəkkür edək.

Təəssüflər olsun ki, praktikada həm Quranla tanışlıq çox aşağı həddədir, həm də Quranla tanışlıq elə təqdim olunur ki, sanki bütün məsələlər bu tanışlıqla bitir. Guya ümumi tanışlıq bəs edir, təfəkkür etməyə, düşünməyə elə də ehtiyac yoxdur.

Amma Quran çatdırılır, aydınlaşdırılır ki, insanın təfəkkürü artsın.

Mübarək ayədən əxz olunan müddəalar

- Ayədən başa düşülən ilk mövzu budur ki, Qurani-Kərimim Allah Rəsuluna (s) nazil olması bəyan edilir. Yəni, Quranın İlahi mənbəyi və Rəsuli-Əkrəmin (s) məqamı vurğulanır.

- İkinci mühüm məsələ budur ki, Quran - xatırlama Kitabıdır. Quranın missiyası - xatırlama, yada salmadır. Bizim kimliyimizi, nə üçün yaradıldığımızı, nə üçün yaşadığımızı, sonra nə olacağını bu Müqəddəs Kitab bizə xatırladır.

- Ayədən anlaşılır ki, “zikr” - Quranın adlarından biridir.

- Dördüncü mühüm nöqtə budur ki, Həzrət Rəsulallahın (s) Qurani-Kərimi insanlar üçün açıqlamaq vəzifəsi, mükəlləfiyyəti və missiyası var.

- Ayədə həm də vurğulanır ki, Quran bütün insanlara açıqlanmalıdır. Quranın müxatəbi - danışıq tərəfi - dünyanın bütün hər yerində və hər zamanında yaşayan insanlardır. Bəzən belə yanlış təsəvvür olunur ki, Qurani-Kərim tək müsəlmanlara çatdırılmalıdır. Rəbbimiz isə bəyan edir ki, Quran insanlıq adına kim varsa, hamısına ünvanlanıb. Həzrət Peyğəmbərin (s) missiyası var idi ki, Quranı hamıya çatdırsın.

- Daha bir nöqtə budur ki, əziz Peyğəmbərimizin (s) Quranla bağlı daha üstün və daha geniş anlayışı var. Çünki, yalnız belə anlayışı olan kəsə onu çatdırmaq və aydınlatmaq missiyası verilə bilər. Peyğəmbərimizin (s) Qurandan olan həqiqətlər haqqında olan bilgisi və əhatəsi, insanların hamısından yuxarıdır və daha dərindir.

- Daha önəmli nöqtələrdən biri budur ki, biz insanların, Peyğəmbərimizə (s) və Peyğəmbər (s) irsinə qapı olan Əhli-Beytə (ə) müraciət etmək vəzifəmiz var. Biz onların buyuruşlarına müraciət edərkən, əslində həmin Quranın aydınlatmasına, izahına, ruhunun çatdırılmasına nail oluruq.

- Quranın nazil olmasında hədəf isə budur ki, bəşəriyyət təfəkkür etsin, insanların düşünməsi artsın. Bu bilgilənmə nəinki məhdudlaşmaya aparmır, əksinə - insanın bilgilənməsi, İslamla tanışlığı onun təfəkkürünün inkişafına aparıb çıxarmalıdır.

Quran insanları daha çox təfəkkürə səsləyir

Bizim bu toxunulanlardan götürə biləcəyimiz dərslərdən biri budur ki, hər vaxt ki, İslamla bağlı mövzulara fraqmental baxıldısa - o zaman yanlışlığa düşüldü. Hər vaxt ki, lokal baxıldı, bir hissəsi əsas götürüldü - o zaman problem yarandı. Deməli, anlaşılan budur ki, insanın mövcudiyyətini əhatə edən bütün amillərin təmini bir yerdə olanda, bu, lazımi nəticəni verir. Bunların biri olub, digəri olmayanda şeytanın (lən) vəsvəsələri də, həvayi-nəfs də, dünyaya vurğunluq da öz işini görə bilir.

Biz özümüzü tanısaq, bu mətləblərə varsaq - vəsvəsələri tənzimləyə bilərik, həvayi-nəfsimizi nəzarətə ala bilərik, anlaya bilərik ki, dünyaya vurğunluqla bir yerə gedib çıxmaq olmaz. Amma yalnız tanımaq da bəs etmir. Tanımanın yanında hisslər, duyğuları təmin edən həqiqi eşq, sevgi, məhəbbət olmalıdır. Xüsusən də duyğular mövzusu tanımasız olanda, çox pis nəticələrə aparıb çıxarda bilər. Çünki, bir gün gəlir ki, valideyn yalnız duyğularla davranmağının mümkün olmadığını anlayır. Elə bir mərhələ gəlib çatır ki, övladı ilə münasibətində yalnız duyğular əsasında rəftar etmək alınmır. Duyğular hər zaman güzəşt tələb edir, amma bəzən valideyn övladın xoşu gəlməyən bir mövzunu deməli olur.

Üçüncü tərəfdən də əməllər həm əhkami müstəvidə, həm də əxlaqi müstəvidə doğru tənzimlənməlidir. Bunlar hamısı bir yerdə olduğu zaman, insan Qurani-Kərimin bəşəriyyətə təqdim etdiyi doğru yaşam üslubunu yaşatmış olur.

Tanıma və niyyətin diriliyi

Bəhslərdən bu nəticəyə çatdıq ki, imanımızın diri qalması üçün gərək tanımamız və niyyətimiz diri olsun. Bunlara mane olan amillərin həvayi-nəfs, dünyaya vurğunluq və şeytanın (lən) vəsvəsələri olduğunu bildik. Bunların həlli də budur ki, biz gün ərzində, həyatımızın hər anında diqqətli olaq.

Hər hansı bir mövzu ilə və ya qısamüddətli hər hansı həll ilə bütün mövzularımızı həll edə bilmərik. Gərək həyatımızı hər gün dəyərləndirək, bu müstəvilərdə bilgilənməyə, çalışmağa səy göstərək, Qurani-Kərimin həqiqətləri ilə, Peyğəmbər (s) və onun pak Əhli-Beytinin (ə) bu mövzularda aydınlatmaları ilə tanış olaq və bu mövzular üzərində çox təfəkkür edək.

Allahım, aqibətlərimizi xeyirli et!

Allahım, bizləri Qurani-Kərim həqiqətləri ilə bilgilənənlərdən qərar ver!

Allahım, bizə həyatımızı Peyğəmbər (s) və onun pak Əhli-Beytinin (ə) aydınlatması ilə nizamlamağı və təfəkkür etməyi nəsib et! Amin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR