İnsanlara hürriyət, millətlərə istiqlal!

“Distant təhsilə keçsək, internet pulsuz olmalıdır”- Şahlar Əsgərov

“Ancaq savadlı yox, ağlı və düşüncəsi olan gənclərin hamısını ali məktəblərə buraxmalıyıq”

Tanınmış təhsil eksperti Şahlar Əsgərov koronavirus pandemiyası səbəbindən ölkədə təhsil sistemində yaranmış problemlər, abituriyentlərin imtahanla bağlı çətinlikləri, bu məsələdəki sistem problemləri və sair məsələlərlə bağlı “Yeni Müsavat”a müsahibə verib.

-Şahlar müəllim, pandemiyadan sonra baş verənlər və bunun təhsil sisteminə təsirlərini necə dəyərləndirirsiniz? Niyə Azərbaycanda bu mərhələdən uğurla çıxmaq üçün yetərli infrastruktur yoxdur?

-Dəyərlər sistemindən baxsaq, şagirdlərimizə bilik vermək bir dəyərdir, digər tərəfdən şagirdlərin sağlamlığını qorumaq da dəyərdir. Koronavirus bizi iki dəyər arasında seçim etməyə məcbur etdi. Əlbəttə ki, biz şagirdlərin sağlamlığını daha üstün tutduq. Şagirdlərimizin sağlam qalmasına üstünlük verəndə, istər-istəməz təhsil məsələlərində güzəştə getməli idik və getdik. Bu elə bir bəladır ki, tarixdə bunun tayı -bərabəri olmayıb. Bu xəstəlik haqqında bilgimiz də çox azdır. İndi bütün dünya koronavirusla mübarizə aparır, mən əminəm ki, onun dərmanı tapılacaq. Ancaq bu müddət ərzində Təhsil Nazirliyi qeyri-standart bir şəraitdə fəaliyyət göstərməyə məcbur oldu. Videodərslər şəklində, informasiya texnologiyalarının bu və ya digər növlərindən istifadə edərək məktəblərdə dərslər aparıldı. Ancaq bu o demək deyil ki, bütün məktəblərdə eyni qaydada aparıldı və ya videodərslər tələbatı ödədi. Xeyr, bunlar tam olaraq canlı dərsləri əvəz edə bilməz. Birincisi, respublika üzrə bizim məktəblərin bir çoxunun internetə qoşulma problemi var. Hər bir məktəbdə Bakıda olan şərait olmadığına görə, rayon məktəblərində kompüter texnologiyalarından nə dərəcədə istifadə olunduğunu bilmədik. Ancaq Bakıda qabaqcıl məktəblər onlayn dərslər keçirdilər. Onların arasında çox böyük fərq var. Ancaq bu o demək deyil ki, bu bizim standart ata-baba dərs metodumuzu əvəz edə bilər. Təhsil Nazirliyi bu işdə əlindən gələni etdi, “Microsoft teams” proqramı ilə ali məktəblər tələbələri onlayn dərslərə qoşdu, konfranslar keçirdi. İctimai Şura olaraq biz də bir neçə dəfə konfrans keçirdik. Onlardan birini Təhsil Nazirliyinin rəhbərliyi ilə bir yerdə apardıq. Gəldiyimiz bir nəticə o oldu ki, koronavirusun sonu görünmədiyinə görə, indiki mühitdə yaşamağı, dərs deməyi bacaraq. Ona görə də, çalışıb yeniliklər axtarmalıyıq.

-Teledərslər layihəsini necə dəyərləndirdiniz?

-Əlbəttə ki, teledərslər adi dərsi heç zaman əvəz edə bilməz. Burada müəlim və şagird təmasda olmur. Müəllim dərsi keçir və şagird sadəcə dinləyici kimi iştirak edir. Olmayan yerdə əlbəttə ki, yaxşıdır. Ancaq onlayn dərslər daha effektivdir, burada şagird və müəllim interaktiv təmasda olur, sual-cavab olur. Teledərslərin əhəmiyyəti o oldu ki, uşaqlar tək qalmadıqlarını, sahibsiz olmadıqlarını baş düşdülər. Bildilər ki, dövlət də , təhsil sistemi də onların qayğısına qalır. Ancaq ən böyük qayğı onların sağlamlığı ilə bağlıdır.
Belə ehtimal olunur ki, növbəti tədris ilinin birinci yarısında da ali və orta məktəblərin açılması gözlənilmir, çünki pandemiya davam edir. Belə olan halda distant təhsilə keçilə bilərmi? Halbuki ölkəmizdə distant təhsilin qanunvericilik bazası belə yoxdur...
Biz ikinci dünya dövlətiyik, ona görə bizdə bu məsələlər bir qədər çətindir. Məsələn, Estoniya birinci dünya dövlətidir və orada internet pulsuzdur. Birinci dünya dövlətlərindən əksəriyyətində internet pulsuzdur. Biz isə interneti satırıq, yəni onu pulsuz edəcək qədər imkanımız yoxdur. Bu isə distant təhsilin əlçatanlığını azaldır. Mən hər zaman internetin satış qiymətinin aşağı salınmasını və ya pulsuz olmasını təklif etmişəm. Bizim həyatımızda su, hava, torpaq kimi ünsürlərdən sonra, enerji və internet gəlir. Bu mənada internet pulsuz olsa daha yaxşıdır. Distant təhsil üçün alt yapı olmalıdır. İki il öncə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) distant təhsil üçün alt yapını hazırladı və distant təhsil üçün imkanlarını ortaya qoydu. Ancaq qanunda bu məsələ ilə bağlı boşluqlar olduğuna görə, o da son mərhələyə gəlib çata bilmədi. Lakin yenə də UNEC-də distant təhsil yaxşı həyata keçirilir. Belə bir durum yaranacağı gözlənilməz idi. İndi bizim informasiya -kommunikasiya texnologiyalarını yaxşı bilən ekspertlərimiz də yavaş-yavaş üzə çıxır, bu problemi də yəqin ki, yoluna qoyacaqlar.

-Şahlar müəllim, hazırda təhsil prosesində ən böyük çətinlik məhz abituriyentlərin üzərindədir. Xüsusən də ötən ildən etibarən buraxılış və qəbul imtahanlarının ayrı-ayrılıqda keçirilməsi və hər ikisinin müsabiqə şərtlərinə daxil olması indi böyük çətinlik yaradıb. Bu məsələdə sizin mövqeyiniz necədir?

-Mən 30 ildir deyirəm ki, buraxılış imtahanı ilə qəbul imtahanı birləşməlidir. Ümumiyyətlə, qəbul imtahanına ehtiyac duyulmur. Bəlkə də çətin prosesdir və bunu çoxları başa düşmək istəmirlər. Gəlin , təhlil edək, orta məktəbi bitirən 100 gənc götürək. Onlar məktəbi bitirəndən sonra özlərini necə reallaşdırırlar. Onlardan 20 gənc xaricə üz tutur, onlar orta məktəbi yüksək səviyyədə bitirən, xarici dil bilən istedadlı gənclərdir. İkinci qrup isə imkanlı insanların uşaqlarıdır, onlar da təxminən 15 faizdir. Varlı deyərkən təkcə nazir uşaqlarını nəzərdə tutmuram, adi bələdiyyə sədrlərinin uşaqları da xaricdə oxuyurlar. Onların bəziləri savadsız, təhsildən bəhrə götürməmiş uşaqlardır. Yəni, 35 faiz xaricə üz tutur, 65 faiz ölkədə qalır. Bizə lazımdır ki, 65 uşağın hamısı ali məktəb oxusun. Çünki Sovet dövründə bu qədər təhsilli adam lazım deyildi, onlar 100 gəncdən 33-nə təhsil verirdi, qalanları kolxozda, zavodda işləyirdilər. İşçi qüvvəsinə ehtiyac var idi. Ona görə də, Sovet dövlətində sərt qəbul imtahanları keçirilirdi, hətta pul, rüşvət də rol oynayırdı. İndi əgər bizdə 100 şagirddən 65-i ölkədə qalırsa, zavod-fabrik də yoxdursa, sərt imtahan götürməyə ehtiyac varmı? Onların hamısı təhsilli olmalıdır. İmtahan edib, onlardan yarısını qəbul edib, qalanını küçəyə buraxmaq olmaz. Ancaq savadlı yox, ağlı və düşüncəsi olan gənclərin hamısını ali məktəbə buraxmalıyıq. Ona görə də, qəbul imtahanları yüngülləşməlidir. Yaxşı oxuyanlar xaricə gedir, onlar heç gəlməyəcəklər. Biz zəif və babat oxuyanların ümidinəyik, onların da yarısını kənarda qoyuruq. Əqli cəhətdən zəif uşaqlardan başqa, hamısı ali təhsil almalıdır. Bunu özümüzə borc bilməliyik.
Növbəti mərhələdə abituriyentlərin ixtisas seçimi gəlir. Ancaq bu zaman da çox yanlışlıqlara yol verilir, əmək bazarının tələbləri nəzərə alınmır...
İnsanın özündən çox onun gələcəyini düşünən heç kim ola bilməz. Bir gənc valideynindən daha çox özünü düşünə, qərar verə bilər. Allah hər kəsə ağıl verib, ona görə də, seçimi abituriyent özü etməlidir. İmtahanda əqli potensialını ortaya qoyan, yetərli bal yığan gənc özü hansı ixtisass gedəcəyini müəyyən etməlidir. Seçimi nə TQDK, nə də valideyn etməlidir. Abituriyent özü-özünü yerləşdirməlidir. Təbii ki, yığdığı bala uyğun rəqabət şəraitində.

-Test sistemi ilə bağlı ənənəvi bir tənqid var ki, daha çox məntiqə, düşüncəyə deyil, əzbərçiliyə , yaddaşın gücünə əsaslanır. Məntiqi güclü olan deyil, yaddaşı güclü olan ali məktəbə daxil olur. Bu məsələ ilə razısınızmı?

-Bəli, bu bir həqiqətdir. Çinin məşhur bir professoru bir dəfə demişdi ki, test sistemi Rusiyanı məhv elədi. Biz də bundan nəticə çıxara bilərik. Əlbəttə, mühakimə qabiliyyəti olmayan, danışa bilməyən, fikrini izah edə bilməyən, düşüncəsi olmayan , sadəcə bilgiləri əzbərləyən uşaqlar ali məktəbə daxil olur. Əzbərçilik də çox faydasız bir işdir, çünki istənilən əzbər 2-3 ildən sonra yaddaşdan silinir. Düşüncə , məntiq insanla daim yaşayır, ancaq əzbər yaddaşı müvəqqətidir.

-Test sisteminin məntiqə-təfəkkürə əsaslanması üçün bir mexanizm tətbiq oluna bilərmi?

-Sovet dövründə SSRİ Elmlər Akademiyası var idi, hər bir respublikada da Milli Elmlər Akademiyası açıldı. Sovet dövründə Rusiya Pedoqoji Akademiyası da var idi, ancaq heç bir ölkəyə imkan vermədilər ki, pedaqoji akademiya yaratsınlar. Çünki pedaqoji akademiya, sosiologiyanı, psixologiyanı, fəlsəfəni birləşdirib məktəbə gətirilməsi idi, o resept idi. Ruslar imkan vermədi ki, digər respublikalarda bu olsun. Ona görə də, Rusiya dağılan kimi təhsil sistemi də dağıldı, çünki yeni sistemdə yeni resept yox idi. Bu sahədə tədqiqatlar aparılmalıdır. Bizim Təhsil Problemləri İnstitutumuz var, onlar tədqiqat aparıb 6 ay ərzində istənilən suala cavab tapa bilərlər. Ancaq heç kim bu sahəyə maraq göstərmir. Kərəm Karabulud adlı bir türk professoru var, o türk xalqları üçün bir təhsil modeli tərtib edir. Bu model mənim də xoşuma gəldi. Tezislər belədir: Oxutmaq, düşüncə, müzakirə və mühakimə, bir də icad etmə. Yəni nəticədə hər bir şagird sonda nə isə icad etməli, yaratmalıdır. Sadəcə atestat alır, ancaq öyrəndikləri çox işə yaramır. Təhsilin modelin dəyişməliyik, türk professorun modeli çox gözəldir. Mart ayında nələr baş verdi? Dünyada maska düzəltməkdən asan heç nə yoxdur, ancaq biz bu məsələdə aciz qaldıq. Cəlilabadda iki müəllim maska tikib insanlara payladılar. İnsanlara nəyisə yaratmaq öyrədilməyib.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR