İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilindən tələyə düşən Diana

3344 04.12.2025 11:00 Yazarlar A A

Öncədən REAL TV-nin aparıcısı, dəyərli Vəfa Həmzəyevaya həmkar və tamaşaçı olaraq təşəkkür edirəm: anındaca vətəndaş mövqeyi ortaya qoyaraq erməni jurnalisti susdurduğuna görə. Elə bu məqamda qeyd etmək yerinə düşər ki, REAL TV 8 avqust razılaşmasından sonra sülh prosesində media orqanı olaraq faydalı və cəsarətli mövqe sərgiləyib, birbaşa İrəvanla əlaqə yaradaraq, ordakı ab-havanı çatdırmaq baxımından da önəmli iş görüb. Amma Azərbaycan dilində verilişlərini təqdim edən erməni jurnalist Diana Karapetyan nümunəsindən bəlli olur ki, Paşinyan istəsə belə, onun “Real Ermənistan” qurması asan olmayacaq, çünki beyinlər zəhərlənib. Bu efiri həm də “Real Ermənistan” qurduqlarını deyənlərin REAL TV-də ifşa nümunəsi də saymaq olar.

Həmin bu Karapetyanın iddiasına görə, “Elə mövzular var ki, hələ iki ölkənin dövlət başçıları belə, razılığa gəlməyib. “Artsax” məsələsi və sair”. Vəfa Həmzəyevə sual edir ki, “artsax”, yoxsa Qarabağ?” Erməni jurnalistin cavabı ikrah doğurur: “Bizim üçün “artsax”, digərləri üçün Qarabağ”. Düzdür, Vəfa xanım Karapetyanın cavabını verib, xatırladıb ki, Nikol Paşinyan özü də Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, bundan sonra nə “artsax” söhbətidir? Sülh pərdəsi altında gizlənənlərin növbəti dəstəsinin ifşası baxımından çox uğurlu bir layihədir. Təsəvvür edin, erməni jurnalist guya sülhə töhfə vermək niyyətində imiş. Amma elə öz dilindən tələyə düşür və məlum olur ki, elə sülhü pozanlardan biridir. Özü də “digərləri üçün Qarabağ”. Hikkəyə baxın, “digərləri” dediyi nəinki Qarabağın, hətta Karapetyanın efir açdığı İrəvanın da tarixi sahibləridir! Azərbaycanlılara istinad etməyi belə, içindəki paxır, düşmənçilik hissi imkan vermir. Şübhəsiz, “türk sənin düşmənindir”, laylası ilə yuxuya gedənlərdəndir. “Digərləri” dediyi həm də Ermənistan və ermənilərin bir çoxu xaric, bütün dünyadır. Beynəlxalq aləm üçün “artsax-martsax” yoxdur, Qarabağ var və Qarabağ da beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz hissəsidir! Əgər 44 günlük müharibədən, 1 günlük antiterror əməliyyatından sonra da Ermənistanda hətta sülh tərəfdarı olduğunu iddia edənlərdə “artsax” nostaljisi qalıbsa, bu məsələnin “həllinə” ümidləri varsa, demək, proseslər heç də İrəvanda da rəvan getməyəcək.

Bu, hələ Paşinyanın həbsə atdığı rusiyalı iş adamı, hakimiyyətə iddialı milyarder Samvel Karapetyan deyil, heç Ermənistanın keçmiş baş naziri Karen Karapetyan da deyil, sadəcə erməni jurnalist “sülh göyərçini” Diana Karapetyandır. Hələ bu Diana özünü “bəzəyib-düzəyib”, sülhpərvər “vid-fasonu”na salıb, efirə çıxıb, görün digərləri, yaxud revanşistlər nə düşüncədə, nə gündədirlər...

Jerom Lambert: Azad edilmiş Azərbaycan torpaqlarında bərpa dövrü başlanıb -  AZƏRTAC

Ötən ay İMZA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfarsa Parisdən Fransa parlamentinin Fəxri deputatı, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lambert ölkəmizin dostu olaraq savaşdan sonrakı dönəmdə arxayın olmamağı məsləhət gördü. Onun “Elə etməliyik ki, bu suverenlik əbədi olsun. Ehtiyatı əldən verməməliyik. Azərbaycanın başı üstündə həmişə qara buludlar var. Çətin mövqedəsiniz, regionda maraqlar var. Azərbaycan bütün sivilizasiyaların keçdiyi yerdir”-söylədi. Fransa rəhbərliyi Ermənistanı özünün “kiçik bacısı” hesab edir. Düzdür, son zamanlar, xüsusilə də Azərbaycan Prezidenti ilə görüşdən sonra Makronun və digərlərinin münasibətində müəyyən dəyişikliklər hiss olunur. Amma Fransa yarım milyondan çox erməninin yaşadığı, erməni diasporunun güclü olduğu ölkələrdən biridir və Ermənistana təsir imkanları da aradan qaldırılmayıb.

Eynilə ABŞ-dəki erməni lobbisinin və diasporunun yenidən Qarabağ erməniləri ilə bağlı kifli iddiaları gündəmə gətirmələri, erməni milyarderlərdən qidalanan konqresmenlərin, senatorların hərəkətlənməsi sülhə mane yaradan amillərdəndir. Məhz xaricdəki havadarların dəstəyi Ermənistandakı revanşistlərin ayaqlanmasına şərait yaradır, həmçinin yeni meyllərin baş qaldırmasına, “artsax” xülyalarının dilə gətirilməsinə səbəb olur. ABŞ Senatında Ed Marki və Şeldon Uaythaus başda olmaqla, demokratların lideri Çak Şumer və 27 senatorun bu günlərdə imzaladığı məktub sıradan məsələ deyil. Məktub müəllifləri Azərbaycan rəsmilərinə qarşı qlobal Maqnitski sanksiyalarının tətbiq edilməsinə çağırış edib, Bakıdakı ədalət məhkəməsində cinayətləri ifşa olunanları “erməni hərbi əsirləri” adlandıraraq, separatçı liderlərin azad edilməsini qaldırır, 120 min (?!) erməninin Qarabağdan guya məcburi köçürülməsi iddiası ilə çıxış edirlər, “etnik təmizləmə” iddiasını ortaya atırlar. 1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edənlərin erməni terroru və işğalına qahmar çıxma siyasəti davam edir. Bütün bunların “səsi” İrəvanda çıxır, özü də Azərbaycan dilində. Əmin olun, Ermənistanda Azərbaycan dilini sülh dövründə, əmin-amanlıq şəraitində yaşamaqdan, bizimlə danışmaqdan ötrü tədris etmirlər. Elə Diana da Azərbaycan dilindən azərbaycanlılara xoş məqsədlə xitablar etməkdən ötrü yararlanmır. Əks təqdirdə, diliindən tələyə düşməzdi, Azərbaycanın tarixi ərazisinə “artsax” yarlığı yapışdırıb, üstəlik də bu, abırsız ifadədə israr etməzdi. Azərbaycan Prezidenti “Sevan yox, Göyçə” deyir - yeni reallıq yaradır Azərbaycan, bunu unutmasınlar gərək!

Nikol Paşinyan Mehriyə “desant” göndərdi

Nikol Paşinyan bu günlərdə sələflərinin Qarabağla bağlı uğursuz siyasətini ifşa etməkdədir, sənədləri ictimailəşdirir, faktları açıb ortaya qoyur. Vaxtilə Qarabağı Ermənistan ərazisi hesab edən adam 44 günlük müharibədən, sonrakı illərdə baş verənlərdən sonra reallığı xeyli dərəcədə dərk etdi. Bu gün onu da anlayır ki, hakimiyyətinin və özünün ömrünü uzatmaqdan, 2026-cı ilin yayında seçkilərdən qələbəsini təmin etməkdən ötrü Azərbaycanın təqdim etdiyi “ev tapşırığı”na əməl etməli, sülh razılaşmalarına xələl gətirən addımlar atmamalıdır. Hələ bu da o demək deyil ki, Nikol Paşinyan gələn ilin iyununda seçkidə qələbəsini təmin edəndən sonra başqa ab-havada olmayacaq, biz axı, onlara yaxşı bələdik. Amma əgər “zilə” çıxacaqlarsa, başlarına dəyəcək Dəmir Yumruq hazırdır! Ümid edək ki, bu dəfə səhvə yol verməyəcək, əks təqdirdə, Ermənistan darmadağın olar!

Azərbaycan dilində efirlərə çıxan və özünün dediyi kimi, azərbaycanlı auditoriyaya xitab edən Diana Karapetyana isə bəzi məsləhətlərimiz var. Əvvəla, onun İrəvandan yayımladığı Azərbaycan dilində verilişlərə baxası, qulaq asası bir nəfər də olsun azərbaycanlı yaşamır Ermənistanda – tarixi Qərbi Azərbaycanda! Levon Ter-Petrosyan özü etiraf etmişdi ki, onlar Göyçə-Zəngəzur və digər ərazilərdən yüz minlərlə azərbaycanlını deportasiya etməsəydilər, demoqrafik problemlə üzləşəcəkdilər. Əgər sülhdən danışırıqsa, o halda Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtması zərurətindən erməni jurnalistlər də danışmalıdırlar, əgər sülh istəyirlərsə.

“Arsax”-martsax məsələsi bitib, Qarabağdakı ermənilər də könüllü şəkildə köçüb gediblər, bütün dünyanın gözləri qarşısında. Nikol Paşinyan belə, Azərbaycanın Qarabağ ermənilərinə təzyiq göstərmədiyini etiraf edib. Bütün bunlardan sonra hətta özünü “sülhpərvər” adlandıran media mənsubu da əsassız iddialar səsləndirirsə, bu, ən azı sülhə aparmır, ona görə də Diana və digərlərinin daha korrekt olmaları lazımdır. Tarixi yaddaşın sülhə problem yaratdığını deyir, özü də hər iki tərəflə bağlı. Filmdə Kərbəlayi İsmayıl deyir e, “Mənə dəyən təpik sənə dəysəydi...” İki əsr ərzində ermənilərdən və onların havadarlarından nələr çəkmişik...İndi bu erməni jurnalist deyir gəlin hər ikimiz onları unudaq?Mən gəlib sənin torpaqlarında dövlət qurmamışam, səni soyqırım eləməmişəm, uşaqları borulara doldurub diri-diri öldürməmişəm...4 min nəfərimiz hələ də itkindir...Biz bütün bunlara rəğmən, sülh tərəfdarıyıq, deyirik, əbədi düşmənçilik olmasın. Karapetyan isə “artsax”dan danışır...Kəsəsi, özünüifşa...Qoy danışsınlar, daha yaxşı tanıyaq!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR