İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilican geciksə də...

2302 21.03.2021 22:25 Yazarlar A A
Novruz, yaz bayramını, qədim türklərin Törə dediyi bayramı qeyd eləyirik və bu il yazın gəlişi xüsusilə qiymətlidir – işğal edilən torpaqlarımızın azadlığına qovuşmuşuq. Yerin coğrafi-etnik xəritəsinə baxsaq, türkdilli xalqların yerləşmə zolağında hər yerdə yazın gəlişi qeyd olunur. Bu, dədə-babalarımızın bizə əvəzsiz nemətidir, bunun qədrini bilməliyik, çünki planetdə daim isti, daim soyuq, bir-iki fəsillik zonalarda yaşayan xalqlar var və onlar üçün nə yaz gələr, nə qış olar. Harda yaz varsa, orda türk xalqı var. Yazın ardıyca düşüb yayılmışıq. Bunun əfsanələri də türk xalqlarının folklorundadır. Yazın gəlişi qar altından baş qaldıran çiçəklərlə simvolizə edilər. Altay dağlarından Qafqaza, Anadoludan Savalana qədər hər yerdə bu qar çiçəkləri var. Bizim Qarabağı azad etməyimiz həmin qarın altından çiçəyi çıxartmaqdır. O çiçək ana yurdumuz, vətənimizdir, onu Günəş işığında yenidən böyüdəcəyik.
 
Bir etiraf etmək istəyirəm ki, mən Qarabağın azad ediləcəyini şəxsən görəcəyimə inanmırdım. Bəlkə işğalın təzə, “isti” vaxtlarında müəyyən ümidlərim vardı, ancaq illər ötdükcə bu ümidlər azalmış, demək olar yoxa çıxmışdı. Ramiz Rövşənin bir şeirində təxminən bu vəziyyət təsvir edilib: “Bir az uzun çəkdi ömrüm deyəsən, İstəyənlər istəməkdən yoruldu, pisləyənlər pisləməkdən yoruldu...” Mən də Qarabağı istəməkdən yorulmuşdum. “Yatsam, yuxumda görsəm, inanmaram” deyə bir ifadə var, Qarabağın azad ediləcəyini heç yuxumda da görmürdüm. Əlbəttə, xalqımızın, ümumən türklərin tarixinə baxsaq, burada çoxlu eniş-yoxuşlar görmək mümkündür və böyük türkoloq Qumilyov bunu özünün passionarlıq nəzəriyyəsində ətraflı izah edibdir. Bizim enişlərimiz tarix boyunca çox olub, ancaq hər dəfə daha yuxarılara qalxmışıq, daha böyük torpaqlarda vətən qurmuşuq. Bu xalqın ruhunu qırmaq mümkün deyil, çünki gücünü yazdan, Günəşdən, torpaqdan alır. Qısası, mən bilirdim xalqımız haçansa Qarabağa qayıdacaq, ancaq bunu şəxsən görəcəyimə inamı itirmişdim. Buna görə Operativ Qərargahın hansısa cəzası varsa, çəkməyə hazıram. Zarafat öz yerində, Azərbaycan xalqı inanılmaz bir işi bacarıbdır. Hər il “Arzu edirik gələn Novruzu Cıdır düzündə keçirək” cümləsini o qədər işlədib şablona, trafaretə çevirmişdik ki, artıq bu bir az da ironik şəkil almışdı. Ancaq xalq zarafat eləmirmiş. Xalqın öz yurdlarını azad eləmək arzusu olduqca ciddi imiş. Budur, artıq Şuşada Novruz tonqalı reallıqdır, gerçəklikdir. Eyni zamanda, hələ də mənə fantastika kimi gəlir. Sanki Marsa enmişik və orda yurd salmışıq. Yəqin bir gün o da olacaq.  
 
Üzeyir Hacıbəyovun “Yevlax-Şuşa yolu” adında balaca, bir vərəq yarımlıq satirik hekayəsi var. 1912-ci ilin 27 sentyabrında Bakıda “İqbal” qəzetində çıxıb. Bəy bu əsərində bizim, necə deyərlər, nəqliyyat infrastrukturumuzun geri qalmasını təndiq atəşinə tutub. Məsələn, Yevlaxda qatardan düşən adam Şuşaya getmək üçün at arabasını – dilicanı xeyli gözləyir ki, arabaçı müştəri yığsın. Yolda çayı keçmək lazım gəlir, bu zaman “biletin” qiyməti qalxır. Arabaçı Bərdədə çox dayanır və sairə. Mən bu qısa hekayəni məhz satirik əsər kimi oxumuşdum, ancaq indi romantik yol qeydi kimi oxuyaram. Deməli əsərin qavranması üçün dövrün böyük önəmi var. Söz Üzeyir bəyindirsə, biz kimik... Yazını o hekayənin elə sonluğu ilə də bitirirəm:
 
“... Tərtəri keçib yenə dilicana minirsən və fikir edirsən ki, bəli, bu çayı salamat keçdik, indi qaldı Xatın ilə Xocalı.
 
Nә başınızı ağrıdım, axşama bir saat qalmış dilican varid olur Ağdama vә bir qәdәr dә orada lәngidikdәn sonra yola düşürsәn. Əsgəran ötür, Xocalı ötür, Ballıca ötür, Xanbağı ötür, şәhәrin dolayı yolu başlayır. Ağzın dönür gah günbatana, gah günçıxana. Amma gün çoxdan batıbdır, axşamdır. Yol üzüyoxuşadır. Atlar güclә addım atırlar. Lap qaranlıq çökür, sәni mürgü basır. Ayılıb görürsәn ki, yol gedirsәn, üstün dağ, altın uçurum. Dilicançıya deyirsәn ki, "qoçaq, bәs sәn deyirdin ki, axşam azanına bir saat qalmış şәhәrdә olacayıq?". Dilicançı qulaq ardına vurub, bu sözlәr ilә zümzümә elәyir:
 
Ayın aydınlığı, hava nә xoşdur,
Ay dilbәr, can dilbәr, can....
 
 
Sübh azanına bir saat qalmış şәhәrә varid olursan”. Sitatın sonu.
 
Doğrudan da, hava nə xoşdur...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR