İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatların paylaşımları daşnakların ardınca İranın İrəvandakı səfirliyini də “yandırdı”

3002 24.02.2022 00:45 Yazarlar A A

Neçə gündür Ermənistanda iki azərbaycanınlı deputatın müzakirəsi gedir. Bunu söyləmək üçün sosial şəbəkələrin erməni seqmentinə və Ermənistan mətbuatına diqqət etmək kifayətdir. Avronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün İrəvana səfər edən Milli Məclisin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov hər paylaşımları ilə erməni revanşistləri dəli olmaq həddinə çatdırırlar.

Bir az əvvəl Tahir Mirkişili İrəvandakı “Qələbə” parkındakı tankın qarşısında dayandığı şəklini feysbukda paylaşmışdı, “Tank köhnə olsa da, çox etibarlı texnikadır (İrəvanda 1941-1945 parkı)” qeydi ilə. Dərhal Ermənistanın aparıcı saytları deputatın paylaşımını manşetlərdən yaydılar, tüstülənə-tüstülənə. Tank haqqında qeydlərinin mənası barədə Tahir bəydən soruşdum, gülərək dedi ki, geniş publika üçün deyil, mənasını “bilən bilir”.

Təsəvvür edin, deputatımızın zarafatını belə, sinirə bilmir ermənilər. Neçə gündür gərginlik içindədirlər. Azərbaycanlı iki deputatın Ermənistana səfər etdiyini eşidən kimi, Daşnaksütyun partiyasının gəncləri “Zvartnots” aeroportunun əsasyolunu kəsdilər. Təhlükəsizlik xidmətinin yolu dəyişməsi nəticəsində xətərsiz otelə yetişmək mümkün oldu. Daha sonra Avronestin iclasının keçirildiyi idman-konsert kompleksinin qapısını kəsdirdilər. Orda da məqsədlərinə nail ola bilmədikdə, gecə yarısı “Mariott Armeniya” otelinin qarşısı daşnakların çığır-bağır məkanına çevrildi. Şivən qopardılar “bəlkə türklərə çay, kofe gətirək”, deyə, cilov gəmirdilər, Şuşanın müqəddəs adını mundar dillərinə gətirməyə çalışdılar, Azərbaycan və Türkiyə əleyhinə hədyanlar səsləndirdilər. O qədər həyasızlıq etdilər ki, erməni polisinin də səbri daşdı və indi xeyli daşnak “qoduqluqda”dır, azı 25 nəfər!

İki azərbaycanlı deputatın xoşməramlı səfərini belə, həzm edə bilmirlər. Təkcə səfər faktı da deyil təbii. Tahir Mirkişili rəhbərlik etdiyi komitə iclasında revanşist erməni deputatına “həyasız” deyib, yerində oturdur, cəfəngiyyat danışdığı üçün belələrinə söz vermir və ermənilər havalanır. Təsəvvür edin, 30 il torpaqlarımızda “at oynadan”lar bu gün çıldırırlar ki, iki türk gəlib, İrəvanda erməni deputata söz vermir. Hələ üstəlik, Tahir Mirkişili və Soltan Məmmədov çıxışlarında Ermənistanı 44 günlük dərsdən nəticə çıxartmağa, normal mövqe tutmağa, əməkdaşlığa çağırır, əks halda, növbəti dəfə “Dəmir Yumruq”un işə düşə biləcəyini xatırladırlar! İrəvanda baş verir bu hadisə, dünənədək bu şəhərdən Azərbaycan və Türkiyəyə hədyanlar ünvanlanırdı, Ağrı dağını göstərib, Türkün əzəmətli ünvanına iddia səsləndirirdilər. Amma indi baxırlar ki, cəmi iki türk onların əl-qolunu bir yerə yığıb.

Səfərdə olduğu günlərdə Tahir Mirkişili ilə dəfələrlə əlaqə saxlamışıq, hal-əhval tutmuş, həm də son məlumatları almaq istəmişik. İlk açıqlamanı da Musavat.com-a verdi İrəvandan! Bu, gerçəkdən bir hadisəydi, tarixi şəhərimizdəki deputatımızla birbaşa əlaqə saxlamaq da varmış qismətimizdə, görün Qarabağ Zəfəri bizi haraya aparır, haraya aparacaq, inşallah! Deməli, “Zəngəzur, Göyçə, İrəvan bizim tarixi torpaqlarımızdır”, bəyanatı, xəbərdarlığı ən yüksək səviyyədə təsadüfən səslənmir. İrəvandakı deputatlarımızın uğurları Qərbi Azərbaycan torpaqlarına Böyük Qayıdışımızın ilk müjdələri, ayaq səsləri də sayıla bilər.

Bir neçə il əvvəl Türkiyənin dəyərli diplomatı Hulusi Kılıçın böyük təşkilatçılığı ilə Ağrı tərəfdə aksiya keçirmiş, İrəvanla qənşər zirvəyə, Mübariz İbrahimov yüksəkliyinə qalxmış, “Bir millət, iki dövlət”in bayraqlarını qaldırmışdıq. Onda hələ Qarabağ işğaldaydı, günün birində Qarabağda, İrəvanda olacağımıza inamımızı ifadə etmişdik. Şükürlər olsun, qoşa bayraqlarımız Şuşada dalğalanır, deputatlarımız İrəvan küçələrində addımlayırlar. İrəvandan Su çərşənbəsi münasibətilə Dünya Azərbaycanlılarına təbrik ünvanlamaları, Azərbaycan Prezidentinin fotosu ilə Qalib Dövlət, Qalib Prezident haqda gözəl paylaşım etmələri erməni revanşistlər üçün göz dağı oldu. Fəxr etdim belə deputatlarla! Bu mənada İrəvandan hamımızı qürrələndirən YAP-çı deputatları qucaqlamaq istəyən dəyərli Əvəz Zeynallının səmimiyyətinə qəti şəkildə şübhə etmirəm.

Tahir Mirkişili və Soltan Məmmədov bir az əvvəl ermənilərə elə bir od qoydular ki, tüstüsü İranın İrəvandakı səfirliyindən “çıxdı”. Tahir Mirkişili yazıb: “Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir. Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə  aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də.

İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər, Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur”.

Gözəl yazıb, 1764-68-ci illərdə İrəvan xanının inşa etdirdiyi və 8 məsciddən sağ qalan yeganə dini ibadətgahımızla bağlı deputatımızın paylaşımı erməniləri necə qeyzləndiribsə, dərhal İranı köməyə çağırıblar. İranın bu ölkədəki ermənipərəst səfirliyi də dərhal bəyanat yayıb ki, ay qoymayın, azərbaycanlı deputatlar “bizim məscid”i öz adına çıxır. Şuşa məscidinə də eyni yarlığı vurmağa çalışmışdılar. İnşallah İrəvanda da haqq öz yerini tapar...  

Bir xatırlatma edək: Mətbuat Şurasının sədri Əflatun Amaşov bir neçə il əvvəl İrəvanda səfərdə olarkən Göy məsciddə namaz qılmışdı. O zaman ermənilər indiki kimi qəzəblənməmişdi. Amma bu qəzəb özümüzkülərdə baş qaldırmışdı, “asıb-kəsirdilər” Əflatun bəyi. O zaman məğlubiyyət acısı ilə yaşayırdıq, gediş-gəlişlər qəbul edə bilmirdi bir çoxları.

Eməni deputatlar Avronestin Bakıdakı iclaslarında iştirak üçün gələndə də QAT üzvlərinin davamlı etirazları olurdu. Şəxsən mən Milli Məclisdəki iclaslarda erməni deputatların davranışlarından az qala havbalanırdım, yersiz replikaları, ədabaz hərəkətləri adamı təbdən çıxarırdı. Hətta hörmətli Zahid Orucla Ermənistana xəbərdarlıqdan bəhs edən müsahibəni elə erməni deputatların “qulağının dibində” almışdım, acığa...

Bu gün bizim deputatlar, bütün gərginliklərə, daşnakların terror təhdidinə rəğmən İrəvanda Azərbaycanın sözünü deyirlər, hətta “İrəvanda xal qalmadı” paylaşımını da tarixi şəhərimizdən çəkdikləri kadrlarla yayımlayırlar. Vaxt vardı Moldovanın Ombudsmanı Aureliya Qriqoriunun Xocalı həqiqətlərini İrəvanda ermənilərin gözlərinin içinə cəsarətlə dediyinə görə təskinlik tapırdıq. Sonrakı dönəmlərdə Azay Quliyev, digər deputatların da cəsarətli mövqeyinin şahidi olduq. Sadəcə o günlərdə Qarabağ işğaldaydı, sadəcə təskinlik idi...

Bu günsə məğlub ölkənin başkəndində, tarixi Azərbaycan şəhərində Azərbaycan Milli Məclisinin üzvləri həqiqətləri deyir, Dövlətinə, Prezidentinə arxalanaraq. Bir az əvvəl təkrar əlaqə saxladım, Tahir bəy beləcə yazdı: "Siz bəlkə təsəvvür etmirsiniz biz necə güclüyük! Allah Prezidentimizi və Dövlətimizi qorusun!" 

Qürurlandım! İrəvandan yazılır gücümüzün əzəməti, miqyası barədə! Təşəkkürlər, sizinlə fəxr edirik, Tahir Mirkişili və Soltan Məmmədov!

Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da əkinçi ola  bilərdim” -MÜSAHİBƏ

Elşad Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR