İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat olmaq istəyənlərin sayı sürətlə artır

4576 25.12.2019 08:50 Dünya A A

Buraxılmış parlamentin bir sıra üzvləri də yenidən namizədliklərini irəli sürüb

Prezident İlham Əliyev 23 dekabrda yerli telekanallara müsahibəsində növbədənkənar parlament seçkiləri, seçkilərin əhəmiyyəti  barədə danışıb. Həmçinin necə bir parlamentin formalaşmasının cəmiyyətimiz və dövlətimiz üçün gərəkli olduğu haqda fikirlərini ifadə edib:

“Bilirsiniz, parlament seçkiləri çox önəmli hadisədir və önəmli prosesdir. Mən artıq qeyd etdiyim kimi, ölkəmiz yeni islahatlar dövrünə qədəm qoydu, Prezident Administrasiyası, Nazirlər Kabineti, bəzi mərkəzi icra orqanları, yerli icra orqanları artıq struktur islahatlarını başa çatdırıblar, yaxud da ki, bu islahatlar davam etdirilir. Belə olan halda, parlament də kənarda qala bilməz və növbədənkənar parlament seçkilərinin əsas məqsədi ondadır ki, vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik bazası formalaşsın və qanunvericilik sahəsində atılan addımlar ümumi islahatlar kursunu dəstəkləsin. Digər tərəfdən, onu da bildirməliyəm ki, bizdə parlament dörd ay tətildə olur, iyun, iyul, avqust, sentyabr aylarında işləmir. Belə olan halda biz, sadəcə olaraq, seçkiləri 4-5 ay qabağa çəkdik. Bunun da məqsədi odur ki, vaxt itirmək lazım deyil. Hesab edirəm ki, növbədənkənar parlament seçkiləri cəmiyyət tərəfindən, o cümlədən siyasi partiyalar tərəfindən müsbət qiymətləndirilir. Hazırda bütün şərait yaradılıb. Əminəm ki, Azərbaycanda parlament seçkiləri şəffaf keçiriləcək. Azərbaycan xalqı öz iradəsini göstərəcək və nəticələr Azərbaycan xalqının iradəsini əks etdirəcək. Azərbaycan xalqı layiqli nümayəndələri seçəcək. O nümayəndələr ki, öz qanunvericilik fəaliyyətlərində ümumi işimizə töhfə verəcək. O nümayəndələr ki, onlar öz dairələrində fəal iş aparsınlar”.

Prezident yeni seçiləcək deputatlara tövsiyəsini də edib ile ilgili görsel sonucu

Prezident yeni seçiləcək deputatlara tövsiyəsini də edib: “Mən parlament üzvlərinin fəaliyyətinə qiymət vermək istəmirəm, çünki bu, hakimiyyətin başqa qoludur. Ancaq yeni seçiləcək deputatlara tövsiyəm odur ki, onlar öz dairələrində daha fəal olsunlar ki, vətəndaşlar onları tanısınlar, onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, bax, dediyim o ictimai nəzarətin bir forması da bu olacaq. Çünki bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir. Əlbəttə, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi öz namizədlərini müdafiə edəcək. Bu da təbiidir. Bizdə sistem majoritar sistemdir, hesab edirəm ki, çox ədalətli sistemdir.

Bu sistem seçilmiş millət vəkilini öz dairəsinə bağlayır. Mən bunu öz təcrübəmdən deyirəm. Çünki mən birinci dəfə 1995-ci ildə majoritar sistem əsasında parlamentin üzvü seçilmişdim. O vaxt mənim dairəm var idi və dairədə çox fəal idim. 2000-ci ildə isə mən artıq Yeni Azərbaycan Partiyasının bir nömrəli namizədi kimi qeydə alındım və seçiləndən sonra elə bil ki, mənim dairəm yox idi və bu, imkan vermirdi ki, mən hansısa bir dairəyə xüsusi diqqət göstərim. Ona görə öz təcrübəmdən deyirəm ki, majoritar sistem seçicilər üçün ən uyğun sistemdir. O halda ki, seçilən deputat fəal olsun və vətəndaşlarla sıx təmasda olsun. Azərbaycan xalqı hər şeyi yaxşı bilir, atalar sözüdür, xalqın gözü tərəzidir. Azərbaycan xalqı layiqli nümayəndələri seçərək, eyni zamanda, təmin edəcək ki, bu nümayəndələr onların problemlərini dilə gətirəcəklər, təklif verəcəklər. Belə olan halda əlbəttə ki, məsələlər və problemlər daha məqbul formada öz həllini tapa bilər”.

Aydın Mirzəzadə ile ilgili görsel sonucu

Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan cəmiyyətində parlament seçkilərinə çox böyük maraq var və prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində növbədənkənar parlament seçkiləri, seçiləcək deputatların fəaliyyətinin aktiv olmasının vacibliyi barədə dedikləri cəmiyyətin seçkiyə marağını daha da artıracaq: “2019-cu ili başa vurmaq üzrəyik. Hər dövr bizim yeni mərhələyə qalxdığımızı bir daha nümayiş etdirir. 9 fevralda keçiriləcək parlament seçkilərinə cəmiyyətdə həqiqətən də böyük maraq var. Bu, birincisi, dövlətçliyimizə, demokratiyaya insanların inamından irəli gəlir. Hər bir insanın öz potensialını göstərmək üçün şəraitin olduğunun göstəricisidir. Təsadüfi deyil ki, parlament seçkilərində tək siyasi partiyalar deyil, eyni zamanda çox sayda müstəqil şəkildə öz namizədliyini verən insanlar da var. Digər bir cəhət isə insanlar inkişafa, müstəqilliyimizin möhkəmlənməsinə, problemlərin həllinə öz bilik və bacarıqlarını sərf etmək istəyirlər. Bu, əlbəttə ki, yaxşı göstəricidir. Hər bir ölkədə seçkilərə belə böyük maraq olmur. Hər ölkədə gənc nəsil özünün lazımlı olduğunu bu səviyyədə hiss etmir. Ona görə də seçkilərin demokratik, rəqabətli keçəcəyinə, layiqlilərin seçiləcəyinə heç bir şübhə yoxdur. Ən azı seçilməyən insanlar bir təcrübə qazanacaqlar, özlərini cəmiyyətə tanıdacaqlar, özlərinin güclü və zəif tərəflərini görəcəklər ki, bu da parlamentdə olmasa da cəmiyyətin ayrı-ayrı sahələrində özünü göstərməyə imkan verəcək. Cənab Prezidentin telekanallara müsahibəsi bir çox məsələlərə aydınlıq gətirdi. Mən deyərdim ki, cəmiyyət bir çox məsələləri öz açıqlığı ilə gördü. Azərbaycanın beynəlxalq aləmdə öz hüquqlarının müdafiəsi üçün apardığı mübarizədə, Azərbaycan karbohidrogen ehtiyatlarının dünya bazarında satışının incəlikləri, eyni zamanda Azərbaycandaxili məsələlərlə bağlı cənab Prezidentin çox maraqlı açıqlamaları oldu. Biz qarşımızda mübariz bir lider görürük, problemlərimizi bilən və milli maraqlarımızı yüksək səviyyədə müdafiə eləyən bir azərbaycanlı oğul gördük. Cənab Prezidentin gələcək parlamenti necə görmək istəməsi ilə bağlı fikirləri olduqca maraqlıdır. Hesab edirəm ki, o fikirləri eyni zamanda 10 milyondan çox Azərbaycan cəmiyyəti bölüşür. Bu fikirlər cəmiyyəti seçkilərdə daha da aktivləşdirir. Deputatlar seçicilərlə sıx əlaqədə olmalıdırlar, onların səsini parlamentdə qaldırmalıdırlar, hakimiyyətin müxtəlif zümrələrinə çatdırmalıdırlar. Cənab Prezidentin müsahibəsindəki bu fikirlər hər bir namizədin seçki platformasında çox uğurla istifadə edilə bilər. Eyni zamanda cənab Prezident seçkilərdə xalqın seçiminə hörmətlə yanaşdığını bir daha ortaya qoydu. Bələdiyyə seçkiləri başa çatdı və parlament seçkilərinə az qalır. Tariximizdə ilk dəfə iki seçki eyni zamanda olur. Yəni bir seçki başa çatmamış onun ardınca başqa bir seçki kampaniyası gedir. Bu seçkilərin rəqabətli olacağı, demokratik şəraitdə keçəcəyinə heç bir şübhə yoxdur”.   AMİP-in sədr əvəzi Arzuxan Əlizadə ile ilgili görsel sonucu

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirdi ki, qarşıdakı parlament seçkiləri ölkə həyatında olduqca əhəmiyyətli hadisədir və bir çox məsələlərə aydınlıq gətirəcək. Cəmiyyət də bunu bildiyi üçün seçkiyə maraq göstərir: “Cari ilin əvvəllərindən başlayaraq Azərbaycan prezidenti başda olmaqla, iqtidar mənsubları ölkədə ciddi islahatların həyata keçiriləcəyi anonsunu verirdilər. Hətta dövlət başçısı Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanlanmış təbrik müraciətində ölkədə sosial-iqtisadi sahədə, məhkəmə-hüquq sistemində gözlənilən köklü islahatlarla yanaşı, ilk dəfə olaraq siyasi islahatların həyata keçiriləcəyini də bəyan etmişdi. İnsafən, bu müddət ərzində orta aylıq əmək haqqının, məvacib və təqaüdlərin artırılması, məhkəmə hüquq sistemində və digər sahələrdə yeniliklər də daxil olmaqla bir sıra uğurlu sayıla biləcək addımların atıldığının şahidi olmuşuq. Eləcə də uzun illər ərzində ölkə əhalisinin əhəmiyyətli hissəsinin etimadını itirmiş və islahatların həyata keçirilməsinə mane olan oliqarx-məmurların görəvdən alınması, idarəetmədə müsbətə doğru struktur dəyişikliklərinə start verilməsi, həmçinin son müsahibəsində dediyi bir çox fikirlər ölkənin gələcəyinə ümidlə baxmaq şansı yaradır. Bu sırada yenidən formalaşmasına qərar verilmiş qanunverici orqana seçkilərin əvvəlkindən fərqli qaydada, demokratik dəyərlər qorunmaqla keçirilməsi, parlamentdə cəmiyyətdəki qüvvələr nisbətinin balanslaşdırılmasına üstünlük verilməsi ölkədə aparılan islahatlara inamın artmasına səbəb olar ki, bu da özlüyündə cəmiyyətdə sabitliyə və barışa vəsilə olar. Mən proseslərin müsbətə doğru istiqamətlənəcəyinə nikbinliklə inanmaq istəyirəm”.

Qənirə Paşayeva ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, artıq bir sıra deputatlar da yenidən namizədliklərini irəli sürdüklərini elan ediblər. Məsələn, Qənirə Paşayeva bildirib ki, 105 saylı Tovuz seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürməyə qərar verib: “İnanıram ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəyəm. Bütün bu illər ərzində onların etimadını itirməmək üçün və onları layiq olduqları kimi təmsil etməyə çalışdım. Hər bir seçicim mənim üçün çox əziz və dəyərlidir”.

V çağırış Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də yenidən parlament seçkilərində iştirak edəcəyini dünən açıqlayıb. E.Musayev artıq sənədlərini 110 saylı Zaqatala dairə seçki komissiyasına təqdim etdiyini bildirib. Zahid Oruc da ənənəvi olaraq deputat seçildiyi dairədən namizədliyini irəli sürüb. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR