İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Feyziyevin dövlətə qarşı sabotajı – jurnalistlərə meydan oxuya bilməyəcək!

2559 06.02.2022 14:26 Gündəm A A

Cavanşir Feyziyev adında bir biznesmen-deputat var. Hərçənd qanun deputata bizneslə məşğul olmağı qadağan edir. Ancaq Feyziyev fənd işlədərək biznesini oğlu Orxanın, digər qohum-əqrabasının adına rəsmiləşdirib, özü isə deputat mandatından sui-istifadə edərək, inzibati qurumlarla əlbir olub, “otkat” ödəmək şərti ilə dərman alveri üçün böyük bazarlar qazanıb. Bunu ölkədə bilməyən yoxdur.

Hətta o iddialar da var ki, Feyziyevin “alman dərmanları” adı altında satdığı dərmanlar da keyfiyyətsiz və saxtadır. Belə söhbətlər dolaşır ki, Feyziyevin dərman şəbəkəsi xaricdəki firmalarla ağlasığmaz bir qaydada əməkdaşlıq edir. İddia olunur ki, məsələn, Almaniyada 200 avroya (400 manat) olan dərmanı Bakıda 350 manata satırlar. Bu necə olur? Babalı deyənin boynuna, söylənilir ki, dərman alverçiləri xaricdə dərman istehsal edən firmaya tərkibində təsiredici, şəfaverici maddələri azaltmaqla eyniadlı dərmanın ucuz versiyasını hazırlatdırırlar. Həmin dərman istehsalçı tərəfindən kütləvi satılmır, yalnız möhtəkir sifarişçiyə verilir. Yəni X dərmanı bahalı edən onun tərkibindəki 90 faiz təşkil edən Z maddəsidir. Firmaya sifariş verilir ki, Z maddəsini dərmanın tərkibində 45 faizə endirin, onu bizə 50 faiz qiymətə satın.

Beləcə, dərman gəlir ölkəyə, yazıq xəstə alır, qəbul edir, amma faydası olmur. Bu ittihamlar illərdir səslənir, müvafiq qurumlar araşdırsa, yaxşı olar...

Daha bir iddia odur ki, Feyziyev mandatından sui-istifadə edərək, səhiyyə qurumları ilə əlbir olaraq Azərbaycanda xəstələrə pulsuz verilməli olan dərmanların ölkəyə idxalının monopolistinə çevrilib. İqtisadi yazarımız Dünya Sakit qeyd edir: “Sən bu ölkədə uzun illər boyu Səhiyyə Nazirliyinin imtiyazlı xəstələrin dərman təminatı üçün demək olar ki, bütün sifarişlərinin tək alıcısı olub halal biznes fəaliyyəti ilə məşğul oluram deyə bilməzsən! Sən o milyonları böyrək çatışmazlığı, şəkər, talassemiya, hemofiliya, qan çatışmazlığı, daha neçə cür sağalmaz xəstəliyə tutulmuş insanların hesabına, özü də haramçılıqla qazanmısan! Yüz minlərlə xəstənin ah-naləsi, fəryadı var o pullarda... 2007-ci ildən bəri Səhiyyə Nazirliyinin tenderlərinə baxmaq kifayətdir ki, sənin nə qədər halal, nə qədər haram bizneslə məşğul olduğun ortaya çıxsın”.

Bu adam "Avromed" şəbəkəsini - biznesini yekələndirmək üçün deputat səlahiyyətlərindən sui-istifadə edərək, bir neçə kiçik dərman idxalçısının, firmanın başına müsibətlər gətirib, onları şərləyib, bəzilərini zorla bazardan çıxartdırıb...

Üstəlik, onun siqaret mafiyası ilə də işbirliyi var. Hətta siqaret qaçaqmalçılığında da adı hallanıb. 

Belə fikirlər var ki, Feyziyev məmur deyil, deputatdır, dövlət büdcəsini necə talayıb. Bax, bu cür! Bu əlaqənin adı korrupsiyadır!

Feyziyev xalqdan, dolayısı ilə büdcədən qopardığı, oğurladığı, korrupsiya yolu ilə əldə etdiyi pulları ölkədə xərcləsəydi, hansısa sahəyə investisiya yatırsaydı, yönəltsəydi, bəlkə də dərd yarı idi. Topladığı vəsaitləri Britaniya banklarına yerləşdirmişdi. İngilislər də ötən ay onun pullarının bir hissəsini - 5,6 milyon funtsterlinq, təxminən 11 milyon manat – çirkli vəsait kimi müsadirə etdi.
Media da bunu yazdı, xəbərini verdi.
Fakt bundan ibarətdir ki, Feyziyev dünyada Azərbaycanı biabır edənlərdən biridir.
Hazırda bütün dünya mediası bundan yazır və deputatın bəd əməlinə görə dövlətimizə qarşı hücumlar başlayıb. Məhz belələrinin ucbatından Azərbaycan dövlətinin adı korrupsiya siyahılarında keçir. 

Azərbaycan Prezidenti illərdir ölkədə korrupsiya, rüşvətxorluqla mübarizə aparır, sağlamlaşma üçün proqramlar icra olunur. Xüsusi ilə İkinci Qarabağ Savaşından – Zəfərimizdən sonra Qalib Azərbaycanın imicinin daha da yüksəlməsi prosesi gedir. Biz də bu prosesə dəstək veririk, Azərbaycana qarşı qərəzli bəyanatları ifşa edirik, araşdırırıq, reaksiyalar veririk, dövlətimizə qarşı iyrənc kampaniyaları susdurmağa çalışırıq. 
Bəs Feyziyev bu prosesə necə “dəstək” verdi? Bax belə, dövlətimizin adını korrupsiyada hallandıranlardan biri kimi “töhfə” verdi...
Üstəlik öz əməllərindən doğan qəzəbini medianı, jurnalistləri təhqir etməklə bizlərdən çıxmağa çalışdı. Saytı olan bəzi “dostlar” isə ona jurnalistləri söymək üçün tribuna verdi. Feyziyevə yaltaqlanmaq üçün bəzi nankor “siyasi-ictimai-təhsil-mandat” xadimlər də ona “yaxşı eləmisən” fitvasını verməkdədir...
Təəssüf. Lakin həm də nə yaxşı! Hər kəs özünü, nəyə qadir olduğunu, 3-5 manata görə hansı oyuna, iyrəncliyə desən gedəcəyini nümayiş etdirməkdədir.

Əlbəttə, Feyziyev biabırçılığından xaricdə Azərbaycan əleyhinə bir kampaniya başlatmağa fürsət gəzənlər də yararlanmaq istədi.
Ancaq dərmançı-deputat korazehincəsinə, ağı-qaradan seçməyi, kimin kim olduğunu ayırmağı bacarmadığını göstərərək, məlum hadisənin sadəcə xəbərini verən jurnalistlərə – hansı ki, onlar ölkənin əsas imzalarıdır, zəhmətlə, vicdanla yaşayan şəxslərdir - özünün layiq olduğu sözlərlə reaksiya bildirdi...
Sitat: “…Digər bir qismi rahat qazanc və ya Avropada sığınacaq və maddi yardım almaq naminə özlərini xarici kəşfiyyat qurumlarına təslim etmiş və etdikləri cinayətin məsuliyyətindən rahat yaxa qurtarmaq üçün “jurnalist” və ya “siyasi fəal” adları altında müxtəlif beynəlxalq QHT-lərin donuna geyinmiş və onların köməyi ilə toxunulmazlıq statusu əldə etməyə çalışan agentlərdir. Qənimət Zahid, Xədicə İsmayıl, Sevinc Osmanqızı, Həbib Müntəzir, Sevinc Telmanqızı, Ləman Ələşrəf qızı, Osman Gündüz, Rauf Arifoğlu, Bahəddin Həziyev və sairləri də yaxşı yaşamaq üçün vicdanlı əməyi yox, cəsusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi vəzifələri öz üzərlərinə götürüblər.
Digər bir qismi isə gündəlik həyatda hamımızın tez-tez rastlaşdığımız adi dələduzlardır. Bunlar ölkəmizdə İnformasiya texnologiyalarının geniş yayılması və dövlətin onlara verdiyi sərhədsiz azadlığın bəhrəsindən ilk növbədə öz çirkin məqsədləri üçün yararlanırlar. Hərəsi bir smartfonda sayt idarə edən və ya özünə Youtube kanalı açan bu psevdo-jurnalistlər yüksək vəzifəli dövlət məmurları və deputatlarla yanaşı həm də imkanlı iş adamlarını hədəfə alan və müxtəlif şantaj üsulları ilə onlardan pul qoparmağa çalışan reketlərdir. Bu siyahıya tüfeyliliklə məşğul olan, cibgirlik, oğurluq, reketçilik, şər-böhtan və s. üstündə həbsdə yatıb-çıxmış Əvəz Zeynallı, Eynulla Fətullayev, Xədicə İsmayıl, Xalid Kazımlı kimi stajlı dələduzlarla yanaşı bu yolda hələ kövrək addımlarını atan və hələ Kürdəxanı “ziyarətinə” gedib çata bilməmiş Zaur Qəriboğlu, Məhəmməd Ərsoy, Elçin Zahiroğlu, Şahin Əhmədov, Elnur Məhərrəmli kimi çoxsaylı nisbətən gənc dələduzlar da daxildir”.
Təsəvvür edin, adam özünün törətdiyi bütün əməlləri - dələduzluq, oğurluq, cibgirlik, möhtəkirlik, böhtan, agent və s. - ömrü boyu bu işlərdən uzaq olmuş, qələmi, sözü ilə halal pulunu qazanmış adamlara da ünvanlayır...
Adam imzaları, kimin kim olduğunu belə anlaya bilmir. Hamını kütləvi şəkildə təhqir edir.
Özü anlamır, yanında bir ağıllı adam da yoxdur ki, media ilə döyüşə atılanın sonunun çox pis qurtaracağını anlatsın...
Jurnalistlərə müharibə elan etmək sümüklərini hələ gora getmədən çürütmək deməkdir...

Feyziyevin təhqir etdiyi jurnalistlərin əksəri dövlətimizə xain hücumların, təhdidlərin, təhqirlərin qarşısında açıq imzaları ilə dayanan, fədakarlıq edən qələm sahibləridir. Hansı ki, dövlətimizə dillər uzananda Feyziyev daim yaxasını kənara çəkib, dövləti, təmsil olunduğu iqtidarı söyənlərə bir kəlmə cavab da verməyib. Başını aşağı salıb, özü üçün pul qırtıb dövlətdən, xəstə insanlardan.

Hesab edirəm ki, Feyziyev və onun kimi bir neçə qara biznesi olan adamların mediaya belə hücum etməsi, gözdənsalma kampaniyası aparması dövlətə qarşı sabotajdır, şantajıdır və təsadüfi deyil.

Prezident iki həftə öncə mühüm bir açıqlama vermişdi. Medianı, ictimaiyyəti əyri əməllərlə məşğul olanlarla mübarizədə aktiv olmağa çağırmışdı. Habelə qeyd etmişdi ki, neqativ fəaliyyətlər barədə əksər məlumatları mediadan alır...
Bundan sonra Feyzuyev və onun kimilərin bağlı olduqları inzibati çevrələr medianı, ictimai nəzarət anlayışını gözdən salmaq üçün sanki bəhsə giriblər.
Eyni plan üzrə özlərinin saxladıqları saytları da anormal ssenarilərinə alət ediblər. Ki, media daha da gözdən düşsün, camaat dərd-sərini, qanunsuzluqları dövlət rəhbərliyinə media ilə çatdırmaqdan çəkinsin.
Ancaq düşünmürlər ki, media belələrini çox görüb, keçməz bu cür hiylələr. Enində-sonunda belə adamların hamısı dəmir barmaqlıqlar arxasından acizanə şəkildə üzr istəyib.
Feyziyev də öz sonunu özü gətirənlərdəndir.
İndi dayan medianın qabağında. Nə qədər əyri əməllərin var, hamısını oxuyacaqsan, cavab verəcəksən. Onda xalq görəcək ki, dələduz kimdir...
Qeyd: Dünən Feyziyevin hədyanlarına cavab olaraq facebookda status yazmışdım. Bir nəfər şərh yazmışdı ki, axı sənin adını çəkməyib.
Yəqin bu yazını oxuyanlar arasında da elə düşünən olacaq. Deyim, jurnalist həmrəyliyi anlayışı mənim üçün müqəddəsdir. Vicdanı, zəhməti, sadəcə qələmi ilə çörəyini qazanan həmkarlarıma, dostlarıma, iş yoldaşlarıma böhtan atanlara qarşı amansız olmaq xarakterimdir.

3a711bd8ba59c29ab74f9b80ab2f6621.jpg (85 KB)

Elşad MƏMMƏDLİ

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR