İnsanlara hürriyət, millətlərə istiqlal!

Departamentin 2 milyonu və minadan partlayan “Dina”    

1290 12.09.2022 16:55 Yazarlar A A

Dövlət Departamenti məlumat yayıb ki, ABŞ Qarabağ müharibəsindən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 2 000 000 dollar yardım ayıracaq. Bu informasiyada vəsaitin nə vaxt, kimə ayrılacağı barədə bir kəlmə də yoxdur. Niyə? Bu, nə qeyri-müəyyənlikdir? Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu hətta ABŞ-ın bir saylı düşməni olan Rusiya prezidenti də bəyan edir, beynəlxalq hüquq da öz yerində. Onda bu 2 milyonun Azərbaycan hökumətinə, yaxud illərdir erməni işğalı nəticəsində mina ilə çirklənən ərazilərdə fədakarcasına mübarizə aparan ANAMA-ya, ya başqa quruma ayrılacağını aydın mətnlə yazmaq niyə belə çətin olub?

“Minalar və partlamamış hərbi sursatlar mülki insanları öldürməyə və şikəst etməyə, iqtisadi inkişafı əngəlləməyə və məcburi köçkünlərin təhlükəsiz qayıtmasına mane olmağa davam edir. Bu vəsait ölümcül minaları və partlamamış hərbi sursatları təmizləmək üçün minatəmizləmə təşkilatlarının texniki potensialını gücləndirməyə kömək edəcək. Bu səylər insanların təhlükəsizliyinin gücləndirilməsi və məcburi köçkünlərin öz evlərinə qayıdıb həyatlarını təhlükəsiz şəkildə bərpa etmələri üçün həlledici rol oynayır”, – DD-nin açıqlamasında bildirilir. Minalar və partlamamış mərmilər hardadır? Təbii ki, Azərbaycan ərazisində. Hətta Rusiya sülhməramlılarının müvəqqəti təsir zonasında olan ərazilərimizdə belə, nə mina, nə partlamamış mərmi var, çünki 30 ildir Qarabağa soxulmuş ermənilər bu əraziləri “şumlayır”, təkcə əkib-becərmək üçün yox, həm də ağır texnika ilə...Əgər köçkünlərdən söhbət gedirsə, burada da ünvan Azərbaycandır, Azərbaycan hökumətidir. Çünki məcburi köçkünlər on illərdir Azərbaycan dövlətinin üzərində yükə çevrilib, dövlətimiz təkbaşına milyona yaxın insanın taleyinə sahib çıxıb.

Deməli, yardımın ünvanı da bir olmalıdır – BAKI! Yox, əgər DD hesab edirsə ki, yarım iki hissəyə bölünməlidir, onda bu, ədalətli deyil, həm də Azərbaycanın daxili işlərinə müdaxilədir. Azərbaycan dövlətinin mövqeyi aydındır: qanunlarımıza uyğun olaraq Qarabağda yaşamaq istəyən ermənilərə - dinc, cinayətlərdə əli olmayan və sovetlər dönəmində vətəndaşımız olaraq yaşamış şəxslərə - normal yaşamaq imkanı tanınacaq! Deməli, heç bir halda Qarabağdakı separatçı, terrorçu quruma yardım ayrıla bilməz! Əks halda bu, Azərbaycanın suveren hüquqlarına müdaxilə sayılmalıdır. Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib və qanunlarımıza hörmət edən hər kəsə sahib çıxdığını bəyanlayıb. Həmçinin Qarabağa aparan bütün yollar da Bakıdan keçir! Azərbaycanın humanizminin məntiqi nəticəsi olan Laçın yolundan isə belə qara işlər üçün istifadə olunsa, nəticəsi ermənilərin özləri üçün ağır olacaq, ermənilərin taleyini ABŞ-da düşünürlərsə, bunu unutmamalıdırlar.

Bir-iki ay əvvəl də ABŞ Senatının Təxsisatlar Komitəsi 2023-cü maliyyə ili üçün ayırmalar qanun layihəsini açıqlamışdı. Göstərilirdi ki, layihə Azadlığa Yardım Aktının 907-ci maddəsini yenidən təsdiq edir və Qarabağdakı separatçı rejimə minaların təmizlənməsi üçün 2 milyon (!!!) dollar, habelə köçkün ermənilərə dəstək üçün humanitar yardım ayırmağı təklif edir. Dövlət Departamentinin açıqlamasındakı qeyri-müəyyənliyin səbəbini məhz bu açıqlamada axtarmaq lazımdır və qəbulolunmazdır!

 

Prezident İlham Əliyev bu il beynəlxalq tədbirlərin birində demişdi ki, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 1 milyon!!!

Sitat: “İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb”. Bu, yalnız son ayların statistikasıdır, erməni işğalı nəticəsində minadan zərər çəkən insanlarımızın sayı isə minlərlədir! İndi ABŞ mina təmizlənməsi üçün terrorçu Arutyunyanın dəstəsinə pul ayıracaq?! Yeri gəlmişkən, Araikin “sağ əli” Babayan bu günlərdə ABŞ-da səfərdə oldu və Dövlət Departamenti erməni separatçının Konqresə dəvət olunması və görüşlərin planlaşdırılması xəbərini təkziblə kifayətləndi.  

ABŞ konqresmenlərinin Azərbaycana münasibətini 1992-ci ildən bəri az görməmişik, “907-ci düzəliş”dən... Çox təəssüf ki, nəhəng bir ölkə erməni lobbisinin, Kim Kardaşyanın təsirindən çıxa bilmir, Qarabağla bağlı siyasətinə düzəliş eləmir, hələ də bir ovuc erməninin iddialarının stimullaşdırılmasının hayındadır. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bir müddət öncə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Azərbaycana səfəri ilə bağlı xatirələrini bölüşmüşdü: “1998-ci ilin yayında ABŞ konqresmenlərinin Ermənistan və Azərbaycana səfəri olmuşdu. Nümayəndə heyətinin tərkibində, Frenk Pallone də daxil olmaqla, demək olar, bütün ermənipərəst lobbiçilər var idi. Onların hər birinin iyrənc bəyanatlarla çıxış etdiyi Ermənistan səfərindən sonra ABŞ Səfirliyindən mənə bildirdilər ki, onlar məcburi köçkünlərlə görüşdən imtina ediblər. Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda qərara alındı ki, mən və Qaçqın və Məcburi Köçkünlər üzrə Komitənin sədri Əli Həsənov onları təyyarənin trapında qarşılayacaq və məcburi köçkünlər üçün çadır düşərgəsinə aparacaq helikopterə minməyi qətiyyətlə təklif edək. İmtina edənləri isə biz jurnalistlərin “öhdəsinə” buraxmalı idik. Pelosi və digər konqresmenlər helikopterlə uçdular, F.Pallone öz həyat yoldaşı ilə açıq, qətiyyətlə imtina etdi. Daha sonra bu haqda bütün mətbuat – həm ölkə, həm də xarici mətbuat yazırdı. Pelosi məcburi köçkünlərin yaşayış şəraitini görəndə, hətta göz yaşlarını da saxlaya bilmədi. Düzdür, o hələ də erməni seçicilərin səslərinə görə ermənipərəst lobbinin əsas fiqurlarından biri olmaqda davam edir”.

Baxın, 90-larda azərbaycanlı məcburi köçkünlərin durumuna göz yaşı tökən Pelosinin ölkəsi - Konqresi o vaxtdan nə 907-ni ləğv etdi, nə də Ermənistana, Qarabağdakı terroçu rejimə münasibətini dəyişdi. Bu ilin yazında daha Qarabağ separatçılarına maliyyə yardımının ayrılmayacağı barədə anons olanda erməni lobbisi hərəkətə keçdi və nəticə ortada: sən demə, ermənilər minadan əziyyət çəkibmişlər, köçkün düşübmüşlər. Hansı köçkünlərdən söhbət gedir-Suriyadan, Livandan Qarabağa köçürülən terrorçulardan? Minaya gəldikdə...Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin 70-80 faizi saxta çıxdı, qınanmadılar da. Amma Azərbaycan minatəmizləyənləri təkcə bir yüksəklikdə 1300 mina aşkarladılar, 2021-ci il Ermənistan istehsalı olan minalar!!! Özü də bu yüksəklikdə minaları Qarabağdakı terrorçu dəstələr basdırmışdılar. İndi belə çıxır ABŞ DD onlara maliyyə ayırır ki, “mina təmizləmə” adı altında yenidən ayağımızın altına mina düzsünlər? Hətta minatəmizləyən itlərimiz də tələf olur bu prosesdə...

ABŞ Konqresinin Nümayəndələr Palatasında Erməni Qrupunun üzvləri Adam Şiff, Ceki Speyr, Frenk Pellone, Qus Bilirakis və David Valadao tərəfindən Azərbaycanın maraqlarına zidd olan yeni qətnamə layihəsi hazırlamışdı bir müddət əvvəl. “2020-ci il 9 noyabr tarixli Üçtərəfli Bəyanatın tələblərinin, xüsusilə hərbi əsirlərin qaytarılması ilə bağlı razılaşmanın Ermənistan tərəfindən tamamilə icra edildiyinə rəğmən, Azərbaycan tərəfi hələ də 200-ə yaxın hərbi və mülki şəxslərin “girov” kimi saxlayır”, məzmunlu. ABŞ Konqresində ədalət olsaydı, 4 mindən artıq azərbaycanlı əsir, itkin və girovlarla bağlı sənəd qəbul edər, yaxud təkcə 22 ay ərzində minaya düşən 220 azərbaycanlıdan bəhs edədi. Amma yox, Frenk Pellone kimi ermənilərdən qidalananların sözü keçir hələ ki...

ABŞ-ın Bakıdakı səfiri hələ də Şuşaya ayaq basmayıb. ABŞ şirkətləri hələ ki, Qarabağdakı bərpa prosesində iştirak etmək istəmirlər. Amma Qarabağ ermənilərinə milyonların ayrılmasının yollarını arayırlar...

Biz yaxşılığı unutmuruq. Məsələn, bilirik ki, ABŞ Azərbaycan ərazilərinin minadan təmizlənməsi və insanların minalardan zərər görməməsi üçün minatəmizləmə fəaliyyətlərinə 500 min min ABŞ dolları vəsait ayırıb. Həmçinin ABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycan hökuməti ilə minaların aşkarlanması üçün minaaxtaran itlərin verilməsi barədə razılığa gəlib. Amma söhbət ermənilərin basdırdığı azı 1 milyon (!!!) minadan gedir. Azərbaycan dünyada ərazisinin minalarla çirklənməsinə görə 10 ən çox çirklənmiş ölkədən biridir. 10 ölkədən biri! Bu terroru həyata keçirənsə Ermənistandır, Qarabağdakı erməni terrorçularıdır. Hələ də onların Xankəndi, Xocavənd, Ağdərə, Xocalıdan çıxmamasına çalışanlar var. Ayağımızın altına mina düzənlərin! ABŞ-ın Azərbaycana göndərəcəyi minaaxtaran itlərin də sonu Qubadlıda tələf olan Belçika malinuası – “Dina” ləqəbli minaaxtaran itin sonluğu kimi ola bilər. ABŞ DD isə ermənilərə pul ayırır...Bu gedişlə 2023-cü ildə Azərbaycan ordusu irəlilədiyi yeni ərazidə 2022-ci il Ermənistan istehsalı olan minaların təmizlənməsini həyata keçirməli olacaq! Məsuliyyəti təkcə erməni canilər daşımır...Minadan partlayan “Dina”dır, ABŞ pulu Qarabağ separatçılarına ayırır. Erməni terrorçularına bir sent belə, haramdır!

 

Elşad Paşasoy,
Musavat.com

elsad.jpg (28 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR