İnsanlara hürriyət, millətlərə istiqlal!

“Demokratiya sammiti” günü Baydenə jurnalist başı hədiyyəsi

1717 12.12.2021 20:36 Gündəm A A


Dünyada demokratiya adı altında qəribə, “lətifə” kimi işlər baş verməsinə son illərdə bir növ adət etmişik. ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə 9-10 dekabrda keçirilən “Demokratiya naminə Sammit” də bu qəbildən olan hadisələrdən biri kimi tarixə düşdü.

Əvvəla, 2 günlük toplantının dünyada demokratiyanın durumuna yalnız pis təsir göstərəcəyi qənaəti formalaşdı. Tədbir boyunca sülhə, əmin-amanlığa çağırışlardan, tövsiyələrdən daha çox hədə-qorxular, təhdidlər səsləndirildi...
Əslində, ABŞ-ın demokratik imici hələ Donald Tramp dövründə yerlə bir olmuşdu. Trampın qalib olduğu 2016-cı il seçkilərində kənar dövlətlərin müdaxiləsi olması məsələsi hələ də dartışılır.

Daha sonra - pandemiya dövründə, 2020-ci ildə keçirilən seçkilərdə Bayden hakimiyyətə gələr-gəlməz, elə seçkilərin gedişində ABŞ-ın demokratik imici daha da zədələndi. Saxtakarlıq ittihamlarını sabiq prezident, Baydenin rəqibi Tramp özü səsləndirirdi, tərəfdarları Konqresə hücum etmişdi, iğtişaşlar baş vermişdi. Beləcə, Amerikanın heç də “demokratiyanın beşiyi” olmadığı haqda fikirlər qətiləşdi, ayrı-ayrı ölkələr, siyasətçilər kifayət qədər ritorik, ələ salan açıqlamalar verdilər.
Tənqidçilər Amerikanı məsxərəyə qoymaqda davam etdiyi üçün məntiqlə Baydenin işi ABŞ-ın demokratik imicini yaxşılaşdırmağa çalışmaq idi. Ancaq əksi baş verdi.

ABŞ məkrli bir siyasət üzrə “Demokratiya sammitinə” elə dövlətləri dəvət edib, elə ölkələri çağırmadı ki, buna heç özləri də normal izah tapıb verə bilmədilər.

Dövlət Departamentinin Avropa Bürosundan “BBC”-nin sorğusuna cavabda belə “izahat” verilmişdi ki, bəs, siyahının hazırlanması zamanı bütün regionların sammitdə təmsil olunması əsas götürülüb. İddia (əslində bəhanə) ediblər ki, əsas kriteriya olaraq, ölkələrin qlobal demokratiya və sülhün inkişafına verdiyi tövhə nəzərə alınıb. Hələ utanmazca onu da deyiblər ki, “uzunmüddətli perspektivdə sammitin məqsədlərini dəstəkləyən bütün ölkələrlə əməkdaşlıq etməkdə maraqlıyıq”...

9e5a3f11a2c2d1e034a881a414968ada.jpg (139 KB)

Hansı normal ölkə qərəzli “demokratiya sammiti"nin hiyləgər məqsədlərini dəstəkləyər?

Bayden əməkdaşlıq üçün Qana, Liberiya, Malavi, Mauritius, Namibiya, Niger, Nigeriya, Yaxın Şərqdən İraq, Hind Okeanı dövlətlərindən Keniya, Hindistan, Cənubi Qafqazdan Ermənistan və s. “demokratik” dövlətləri sammitə dəvət edib. Əcəb edib, özü bilər.
Məgər Baydenə deyən olmayıb ki, Ermənistan Cənubi Qafqazda demokrarik proseslərin, inkişafın qarşısını alan, terrorlar törədən, 30 il Azərbaycanın torpaqlarını işğalda saxlayan ölkədir? Məgər o şahidi olmur ki, Azərbaycan işğala, erməni terrorizminə son qoymaqla Qafqazda, regionda yeni reallıqlar yaradıb, əməkdaşlığa, demokratik və sülhün inkişafına misilsiz töhfələr verib?! Fərqində deyil ki, Türkiyə, Macarıstan məsələn, sammitə dəvət edilmiş Keniya ilə müqayisə də edilə bilməz?!..

Bunlar barədə ötən 2-3 gündə çox danışılıb, mediada kifayət qədər şərh verilib.

Diqqət etməli olduğumuz ən kuryoz hadisə isə “Demokratiya sammiti” başlayan gün dünyanı silkələmiş “WikiLeaks”ın qurucusu Culian Assancın ABŞ-a təhvil verilməsi barədə qərar çıxarılması oldu.

C.Assanc 10 ilə yaxındır yazdıqlarına, ABŞ-ın paxırlarını, gizli sənədləri, İraqda, Suryada, Əfqanıstan törədilən qəddar cinayətləri, seçkilər zamanı namizədlərin qanundankənar yazışmalarını açıb-tökdüyünə görə təqib olunur. Son 10 ildə yazığın başına gətirilməyən oyun qalmadı. Öncə sığındığı İsveçdə zorlama iddiası ilə təqib olundu. 2012-ci ildə ABŞ-ın irəli sürdüyü casus ittihamlarından sonra o, Ekvador hökumətindən sığınacaq istədi və bu ölkənin Londondakı səfirliyinə daxil oldu. 2019-cu ilin aprelində isə Ekvador ona verilən sığınacağı ləğv etdi, Assanc səfirlikdən çıxan kimi ABŞ-ın tələbi ilə İngiltərə polisi vasitəsilə saxlanıldı.

ve-buyukelcilikten-cikarildi-dunyanin-konustugu-isim-gozaltinda-53354f.jpg (33 KB)

İndi isə məhz "demokratiya sammiti"nin açılışı olan gün Britaniya məhkəməsi Culian Assancın ABŞ-a ekstradisiyasına qərar çıxarıb. Onu Birləşmiş Ştatlarda 175 ilə qədər həbs gözləyir. Jurnalistlər, Assancın tərəfdarları Londonda Ali Məhkəmənin qarşısında etiraz aksiyası da keçirdilər, ancaq nəticə dəyişmədi, ömrünü zəhər etdikləri Culianı tam məhv etmək üçün ABŞ-a təhvil verirlər...
Bu, faktiki olaraq jurnalistin ölümünə fərman vermək, demokratiya sammiti başlayan gün Assancın başını Baydenə “hədiyyə” etmək anlamına gəldi. Buyurun, sizə demokratiya. Onu ömürlük həbs, yaxud həbsxanada müəmmalı ölüm gözləyir Amerikada. Başını sığallamağa aparmırlar...

                                                           ***
Azərbaycanda, dünyanın hansısa bir ölkəsində bir blogeri belə konkret cinayət əməlinə görə saxlayanda da bəyanat verən ölkə onlarla hüquq-müdafiə təşkilatının Assancla bağlı tələblərini vecinə almadı.

"Sərhədsiz Reportyorlar" və dünyanın onlarla mətbuat azadlığı, insan hüquqları, gizlilik hüquqları təşkilatı 2020-ci ildə Culian Assancın dərhal azad edilməsi tələbi ilə Britaniya hökumətinə açıq məktub yazmışdılar. Xüsusi olaraq qeyd etmişdilər ki, “Cənab Assancın ABŞ-a göndərilməsi ölüm hökmünə bərabərdir”. Ancaq “demokratiya beşikləri”ndə başqa “laylalar çalındı”...

Dünyada həqiqi islahat etmək, demokrayanın bərqərar olmasını istəyənlərdən biri kimi qiymətləndirilən Assancı beləcə bitirdi “demokratiya paytaxtları”...

Qısacası, əyan etdilər ki, bəli, demokratiya hayqırtıları ABŞ-ın özünə çatana qədərdir. Bir zamanlar sadəlövh insanlar, elə bir çox azərbaycanlılar da məsumca Amerikanın dünyada demokratiya yaymaq nağıllarına təəssüf ki, inanmışdılar...

Dünyanı mövcud məqsədli demokratiya böhranından çıxarmaq üçün ciddi işlər görülməlidir. Yoxsa bəşəriyyəti daha ağır fəsadlar gözləyir...

Elşad MƏMMƏDLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR