İnsanlara hürriyət, millətlərə istiqlal!

Dələduzluq əməlləri ilə məhkəmələr gəzən direktora yekun cəza verildi - 11 il 9 ay

916 19.05.2021 21:12 Ölkə A A

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimov və Vaqif Güləliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Dəfələrlə ayrı-ayrı məhkəmələrdə barəsində olan cinayət işləri araşdırılan Telman Səlimova yekun cəza verilib.

Musavat.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Telman Səlimov 11 il 9 ay, Vaqif Güləliyev isə 5 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, T.Səlimov 27 may 2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş “Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləyib.

O, bundan əvvəl də iki dəfə məhkum olunub. Əvvəl Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Səlimovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

Dələduzluqda təqsirləndirilən T.Səlimov barəsində daha bir cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən eyni əmələ görə həbs edilib.

T.Səlimov mənzil fırıldağında ittiham edilib. Belə ki, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişməsində 36-cı məhəllədə inşa olunan 17 mərtəbəli bina iş adamı Şakir Hüseynova məxsus olub.

Telman Səlimov həmin binada mənzil satmaq adı ilə dələduzluq etmək qərarına gəlib. O, həmin binanda inşaat qaydalarının pozulduğu üçün tikinti işlərinin dayandırılması barədə məhkəmə qərarının olduğunu bilib.

Buna baxmayaraq, həmin binadan sakinlərə ev verib, amma vədinə əməl etməyərək, dələduzluq və vəzifə saxtakarlığı edib.

İstintaq orqanı tərəfindən Telman Səlimova Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Telman Səlimov 2008-ci ildə iş adamları - "Şakir“ MMC tikinti şirkətinin rəhbəri Şakir Hüseynov, onun qardaşı Vidadi Hüseynov, İlham Hüseynov, Əşrəf Orucov ilə birlikdə də mühakimə olunublar. Həmin ittihama görə, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 16 mərtəbəli və Yasamal rayonu Tbilisi prospektində yaşayış binası tikiblər. Onlar qəzalı vəziyyətdə olan binaları aldararaq vətəndaşlara satıblar. İş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş var. İş adamları vətəndaşlara 2 milyon manata yaxın ziyan vurublar.

Məhkəmə həmin məhkumlara 10 il 6 ay şərti cəza təyin edilib. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişləri evlə təmin etmələri barədə qərar qəbul edib.

Lakin Şakir Hüseynov birinci məhkəmə instansiyasında zərərçəkmişlərin evlə təmin edilməsi barədə verdiyi sözə əməl etmədiyinə görə Bakı Apelyasiya Məhkəməsi onu zərərçəkmişlərin şikayəti əsasında həbs edib. Məhkəmə şərti cəza almış Şakir Hüseynov barədə 10 il 6 ay müddətinə hökm elan edib. Məhkəmə digər təqsirləndirilən şəxslərin barəsində olan hökmün isə qüvvədə saxlanılması barədə qərar qəbul edib.

Bildirək ki, Telman Səlimova daha əvvəlki cinayət əməlləri də nəzərə alınmaqla 11 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR