İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşaltı xəyanəti haqda ilginc açıqlamalar

10792 28.01.2014 08:35 KİVDF layihələri A A
Azərbaycan xalqı daha bir ağır günün ildönümünü qeyd etdi, şəhidlərini andı. Yanvarın 26-da böyük uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”nın 22-ci ildönümü tamam oldu və bu əməliyyatın qurbanı olmuş insanların yaxınları, döyüş yoldaşları Şəhidlər Xiyabanında anım mərasimi keçirdilər. Ancaq  üstündən on illər keçsə də, indiyə qədər Daşaltı sirləri hələ də açılmayıb, Azərbaycan ordusunun ağır məğlubiyyətinin səbəbkarları qanun qarşısında cavab verməyib.

Odur ki, ən azı tarix üçün bir sıra məsələlərin yazılmasına, uğursuz əməliyyatla bağlı canlı şahidlərin xatirələrinin səslənməsinə ehtiyac duyduq.

Qeyd edək ki, Şuşanın 3 kilometrliyində yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyata keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə başçılıq edib. Həmin əməliyyatda təzəcə yaradılmış Azərbaycan Milli Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Əməliyyatda MN-in yenicə yaranmış təxminən 120 nəfərlik I taboru və Şuşa müdafiə taborunun döyüşçüləri, eləcə də MN Kəşfiyyat Xidmətinin rəis müavini Riad Əhmədovun zabitlərdən ibarət 11 nəfərlik diversiya dəstəsinin də iştirak etdiyi deyilir. Sonradan Laçın alayı və polisindən də kömək gəlib. İlkin məlumatlarda deyilirdi ki, taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşüb və şəxsi heyətin böyük hissəsi həlak olub. Kəndə girməyə nail olan bir neçə tağım isə xeyli itki verərək geri çəkilməyi bacarıb. Azərbaycanın itkilərinin konkret sayına gəldikdə, rəsmi məlumata görə, Daşaltı əməliyyatında ordumuz 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti isə indiyədək itkin düşmüş hesab olunur. Məlumatlara görə, Daşaltı döyüşündə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib. Beləcə, 1992-ci il yanvarın 25-də axşam saat 20:00 radələrində başlayan əməliyyat yanvarın 26-sı axşam saatlarında uğursuzluqla sona çatıb.

Daşaltı əməliyyatı keçirilən zaman sovet imperiyası artıq bir ay öncə dağılsa da, sovet qoşunlarının hissələri Azərbaycanın bir sıra yerlərində, o cümlədən Xankəndində qalırdı. Bu mənada Azərbaycan ordusunun əməliyyatının iflasa uğramasında sovet kəşfiyyatının və ordu hissələrinin də rolunun olduğu şübhəsizdir. Əməliyyatın uğursuzluğunu labüd edən digər bir fakt kimi isə cəmi iki ay öncə, 1991-ci ilin 20 noyabrında Azərbaycan rəhbərliyinin çox önəmli simaları olan daxili işlər naziri Məhəmməd Əsədov, dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov kimi dövlət rəsmilərinin Qarakənd səmasında helikopterdə vurularaq qətlə yetirilməsi idi. 

...Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00 radələrində başlayıb və yanvarın 26-sı axşam saatlarında uğursuzluqla başa çatıb. Erməni yaraqlıların güclü bazaya çevirdiyi Daşaltını azad etmək üçün keçirilmiş əməliyyata sabiq müdafiə naziri, general-mayor T.Mehdiyev şəxsən özü rəhbərlik edib. Əməliyyatda MN-in yenicə yaranmış təxminən 120 nəfərlik I taboru və Şuşa müdafiə taborunun döyüşçüləri, eləcə də MN Kəşfiyyat Xidmətinin rəis müavini Riad Əhmədovun zabitlərdən ibarət 11 nəfərlik diversiya dəstəsi iştirak edib. Sonradan Laçın alayı və polisindən də kömək gəlib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması və deyilənə görə, bələdçilərin xəyanəti nəticəsində öndə gedən hissələrimiz Nəbilər kəndi yaxınlığında pusquya salınaraq məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə düşmənin güclü müqaviməti nəticəsində xeyli itki verərək geri çəkilməyə məcbur olub. Rəsmi məlumatlara görə, silahlı qüvvələrimiz 90 nəfərdən yuxarı itki verib. Onlarla əsgərimiz hələ də itkin sayılır. Ermənilər isə 80-ə yaxın canlı qüvvə və bir neçə texnika itirib. Döyüşdə Riad Əhmədovun dəstəsi bələdçinin xəyanəti nəticəsində pusquya düşüb, lakin onlar barədə dəqiq məlumat yoxdur. Deyilənə görə, çoxları son güllələrinədək vuruşaraq həlak olublar...

 

Kapitan Füzuli Rzaquliyev: “Biz hər an erməni qatillərindən qisas almaq, torpaqlarımızı azad etmək haqda düşünürük”

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, kapitan Füzuli Rzaquliyev “Yeni Müsavat”a iştirakçısı olduğu Daşaltı əməliyyatı ilə bağlı danışarkən bir sıra ilginc açıqlamalar verdi: “1991-ci ilin oktyabrında Azərbaycan Milli Ordusunun yaradılması ilə bağlı fərman veriləndə mən ilk yaradılan ”Şıxov briqadası"nın zabiti olmuşam. Taqım və bölük komandiri vəzifəsindən qərargah rəisi vəzifəsinə qədər yüksəlmişəm. Bizim bölük könüllülərdən ibarət idi, olduqca vətənpərvər insanlar toplaşmışdı. Hətta o zaman bir məktəb direktoru işini atıb orduya yazılmışdı. Daşaltı əməliyyatına qədər bizim bir neçə uğurlu döyüş əməliyyatımız olmuşdu. Hara gedirdiksə, alnıaçıq üzüağ qayıdırdıq. 1991-ci il dekabrın 31-dən 1 yanvara keçən gecə keçmiş Şaumyan rayonunda 5 erməni postunu götürmüşdük. Yəni döyüşdə təcrübəsiz deyildik. Daşaltı isə mənim ikinci döyüşüm idi". F.Rzaquliyev deyir ki, yenicə müstəqilliyini qazanmış Azərbaycanda ordunun yaradılmasına mane olan gizli qüvvələr var idi: “Ordunun yaradılmasını istəmirdilər. Hətta bəzən bizə normal paltar, yemək də verilmirdi, silahlar məhdud idi. Bir dəfə xəbər gəldi ki, Prezident Aparatının qarşısına toplaşan mitinqçilərlə milis arasında qarşıdurma yaranıb. Biz dərhal 6 maşın şəxsi heyətlə birgə Prezident Aparatının qarşısına gəldik və milisə xalqı dağıtmağa imkan vermədik. O zaman mən qarşı tərəfdə qəzəbli münasibət gördüm və dedim artıq bizim fatihəmizi verdilər”. 

Keçmiş döyüşçü deyir ki, onun da daxil olduğu qüvvə Qarabağa növbəti dəfə yanvarın 24-də göndərilib: “Çox pis hava olduğundan Zabrat aeroportu işləmədi və biz vertolyotla uça bilmədik. Odur ki, biz həmin gün Bakıdan avtobusla Qubadlıya, ordan da Laçına getdik.  Maraqlısı o idi ki, silahı bizə yalnız Laçında verdilər. Bundan əlavə, benzin doldurulmuş butulkalar vermişdilər, ancaq bununla bir  erməni evini də yandıra bilmədik. Rabitə əlaqəsi, ümumiyyətlə, yox idi. Müdafiə üçün olan F-1 əl qumbarası verilmişdi ki, onunla da bir iş görə bilmirdik. Bu qumbara bir halda ”köməyimizə çatdı". Mənim əsgərim Xəlilov Elşən yaralanmışdı və erməni onu əsir götürmək istəyəndə özünü partlatdı. 
F.Rzaquliyev Daşaltıda qəhrəmanlıq göstərən döyüş yoldaşlarını sayğı ilə xatırlayır: “Cəfərov Zaur Qubadan olan özünü son gülləsi ilə vurmuşdu. Rəhmətlik Riad Əhmədovun əfqan döyüşçülərdən ibarət dəstəsi də böyük şücaət göstərdilər. Daşaltıya göndəriləndə bizə deyilmişdi ki, guya kənd alınıb, biz də əsgərlərimizə köməyə gedirik. Ancaq təsəvvür edin, kəndə girdik, bizi ermənilər qarşıladılar, başımıza güllə, mərmi yağdırmağa başladılar. Biz ”Qaraj" deyilən bir yerə çəkilərək döyüşdük deyə, erməni xeyli tələfat verdi, özümüz də tam məhv olmaqdan qurtulduq. Həlak olan hərbçilərimizin 77-si bizim briqadadan olmaqla ümumi 90 nəfər itki verdik". F.Rzaquliyev deyir ki, döyüşdən sağ çıxanlar əsasən onun rəhbərlik etdiyi taqımın üzvləri olub: “Bizdən yaralanan çox oldu, Qəhrəmanov Qəhrəman var idi - hansı ki, o, döyüşə qatılmalı deyildi, hardansa silah alıb bizə qoşulmuşdu, o həlak oldu”. 

Keçmiş döyüşçü Daşaltı uğursuzluğunun günahının bələdçilərin satqın və xain olmasında olduğu barədə fikirlərə fərqli reaksiyası var: “O vaxt Rəhim Qazıyev müdafiə naziri olmaq istəyirdi, Tacəddin Mehdiyev isə özünü nazir kimi sübut etməyə çalışırdı. Deyirlər bələdçilər satqın oldu, şəxsən mən bunu hiss etmədim. Hətta bir bələdçimiz yaralandı. Bu mənada mən satqınların olduğunu deyə bilmərəm. Yəni yerli camaat satqınlıq edərdi ki, erməni gəlsin onun ev-eşiyini məhv etsin? Bu, məntiqə uyğun deyil”. 
Ermənilərin Mİ-8 terroru

Ancaq müsibət Daşaltı hadisəsi ilə bitməyib. Ermənilər 28 yanvarda Azərbaycana daha bir sarsıdıcı zərbə endirib. Belə ki, həmin gün düşmən mülki vətəndaşlarımızı daşıyan Mİ-8 vertolyotumuzu “Yer-Hava” tipli raketlə vuraraq 44 nəfərin həyatına son qoydular. F.Rzaquliyev həmin günü belə xatırlayır: “O zaman yollar bağlı idi və mülki əhalinin daşınması üçün vertolyotlardan istifadə edirdik. Erməni alçaqlar Ağdam-Şuşa vertolyotunu Xankəndi tərəfdən vurdu. Vertolyotun raketlə necə vurulmasını, alışmasını biz anbaan gördük. Çox dəhşətli mənzərə idi. Körpə uşaqlar, qadınlar, qocalar özlərini yanan vertolyotdan aşağı, dağların, meşəliyin üstünə atırdılar. O hadisə zamanı 3 nəfər də heyət üzvü də həlak oldu. Mülki əhali o zaman Ağdamdan Şuşaya gəlirdi, adamların necə yanıb meşəyə töküldüklərini gördük, olduqca dəhşətli mənzərə idi. Bizim nəzarətimizdə olan əraziyə düşdüyü üçün sonradan onların cəsədlərini götürdük. Bu, böyük bir terror idi. Həmin cinayətin də cəzası indiyədək verilməyib”. 

Keçmiş döyüşçü danışır ki, Daşaltı əməliyyatı zamanı T.Mehdiyevin 14 yaşlı oğlu da yanında idi: “Amma kənddən çıxanda gördük ki, nə nazir var, nə də tabor komandiri Nurəddin Abdullayev. Elə bilmişdilər ki, biz tamam qırılıb məhv olmuşuq. Çünki ətrafdakılar məhv olmuşdular, təbii ki, bizim kəndin içində  salamat qalmağımız möcüzə idi”.  
F.Rzaquliyev danışır ki, Daşaltı əməliyyatı, həmçinin vertolyot faciəsi könüllüləri sarsıtmadı və sonrakı aylarda uğurlu Ağdərə, Şaumyan əməliyyatı oldu, Laçının 42 kəndi azad edildi: “Qəribəsi o idi ki, Daşaltı əməliyyatı üçüncü dəfə idi ki, eyni taktika ilə hazırlanırdı, məxfilik qorunmamışdı. Hələ biz Bakıdan avtobuslara doldurulanda bilirdik ki Daşaltı əməliyyatına gedirik. Xəbər-ətərsiz Daşaltıya getsəydik, daha uğurlu olardı. Sadəcə, bir həqiqət var ki, erməniyə indiki kimi o zaman da kömək edən fars və rus idi. Əks təqdirdə, onlar bizim qarşımızda dura bilməzdilər. Biz həmin vaxt qeyri-bərabər döyüşlərə girirdik. Döyüşdə itkilərimizin böyük olmasına baxmayaraq, düşmən də böyük itki ilə üzləşirdi. Biz Daşaltıda düşmənin bir ”KamAZ" şəxsi heyətini məhv etdik, daha sonra kəndin içinə daxil olaraq orada da düşmənin canlı qüvvələrini məhv etdik. Mən həmin döyüşdə hərbçilərimizin mətinliyinin şahidi oldum. Biz sadəcə döyüşü uduzmuşuq, müqəddəs müharibə hələ qabaqdadır. Daşaltı uğursuzluğu ilə bağlı heç kim həbs olunmadı. Bundan sonra istintaqdansa torpağı azad etmək gərəkdir. Biz həmişə hazırıq. O vaxt evdə üç körpə uşağım var idi, ancaq bu gün iki oğlumla birgə döyüşə getməyə hazıram. Qarabağı azad etmək bizim vəzifəmizdir. Döyüş ruhumuz da var, təcrübəmiz də. Biz hər an erməni qatillərindən qisas almaq, torpaqlarımızı azad etmək haqda düşünürük".

Daşaltı “Karintak” olub

Bir məqamı da xatırladaq ki, 22 ildir işğal altında qalan Daşaltı kəndini hazırda ermənilər “Karintak” adlandırırlar. 600-dən çox erməninin yaşadığı kənddə 22 il əvvəl kəndin müdafiəsi zamanı ölənlərə abidə də qoyulub... 

Məsələ ilə bağlı son günlər ərzində dəfələrlə sabiq müdafiə naziri Tacəddin Mehdiyevlə danışmaq istəsək də, onun telefonları bağlı olduğundan bu, baş tutmadı. Ancaq generalın Daşaltı məğlubiyyətindən sonra Bakıdakı bir tələbə yoldaşı ilə telefon danışığından bir parçanı da xatırlatmaq yerinə düşər:

“...Mən şokdayam. Bizi satıblar. Biz sanki ”ətçəkən maşına" düşdük. Onlar bizi gözləyirmişlər. Onlar əvvəlcədən bizim hücum edəcəyimizi bilirmişlər. Bizim aramızda satqın var..."

Maraqlıdır, Azərbaycanı o zaman kim satmışdı, görən bu sualın cavabı nə zaman veriləcək? Köhnə satqınlar ifşa olunmasa, ikinci Qarabağ savaşında onların yenə də öz missiyalarını davam etdirməyəcəyinə təminat varmı..?

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR