İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağlar arxasında üç post -Nə Ağdam var, nə ağ dam, tənha ağ leylək var

3909 15.02.2021 12:57 Reportaj A A

 

Qarabağda adında ağ sözü olan xeyli yaşayış məntəqəsi var - Ağdərə, Ağdaban, Ağkənd, Ağtəpə, Ağbənd, Ağcakənd, Ağbulaq və başqaları. Bu ağ adlı, qara baxtlı şəhər və kəndlərimizin başında Ağdam gəlir.

Güzarımız Ağdama düşmüşdü. Orda olduğumuzu bilən dostlar telefonla ilkin təəssüratımızı soruşurdular: “Necədir şəhər? Ağdamı necə gördünüz?”

Sözün düzünü deyək: Biz nə Ağdamı gördük, nə də bu şəhərdə bir ağ dam gördük. Ümumiyyətlə, damı olan tikili görmədik. Biz vaxtilə Ağdam olmuş bu viranəlikdə yalnız uçuq-sökük binalar, ağacları kəsilmiş, kol-kos basmış həyətlər, hər şeyi dağıdılmış, quru yurda döndərilmiş bir məkan gördük.

Bizimlə bərabər Ağdama getmiş insanlar, xüsusilə də ilk dəfə gedənlər məlul-müşkül şəkildə ətrafa göz gəzdirir, xarabalığın içində vaxtilə yaşadıqları, oxuduqları, tanıdıqları yerləri axtarırdılar: “Bura bankın binasıydı”; “Bax, ora dram teatrıydı”, “Burda mexanizasiya texnikumu yerləşirdi”, “O tamam dağılmış yer raykomun binasıydı”; “Bazar və univermağa burdan dönüb gedirdik”; “O əyilmiş dəmir var ha, o, məşhur üçmərtəbəli çayxananın pilləkənlərinin dəmiridir” və sair və ilaxır.

Bəzən adamlar öz aralarında mübahisə də edirdilər: “Yox, bu, köhnə qəstinsanın binasıdır, sonra hansısa idarəyə vermişdilər”; “Bu uçuq binanı heç cür tanıya bilmədim, deyəsən, milis idarəsiydi”. “Yox, ora deyildi, milisi şöbəsi o biri küçədəydi”.

photo_2021-02-14_19-41-16.jpg (151 KB)

 

Ağdamın yeganə salamat qalmış, uçurulub dağıdılmamış binasının – Şah Abbas məscidinin qoşa minbərindən baxanda şəhərin xarabalığı daha aydın görünür. Bu kimi mənzərələri atom bombası atılmasından sonra Xirosimada, Almaniya faşistlərinin işğalından azad olunan Polşanın paytaxtı Varşavada çəkilmiş şəkillərdə görəmək olar. Tipik müharibə mənzərəsidir bu: dağılmış binalar, yollar, bərbad olmuş həyat. İnsansız, yiyəsiz qalan məkanların aqibəti belə olur – xarabalıq.

Əslində Ağdamda heç məscid də tam salamat deyil. Binaın üzlüklərinin bir xeyli hissəsi qoparılıb, armaturları görünür, kümbəzlərin bir neçəsi uçurulub, məscidin içində abadlıqdan, səliqədən əsər-əlamət yoxdur. İşğalçılar bu məscidi sadəcə körk üçün, dikələn minarələrini əcnəbilərə göstərmək, özlərinin nə cür “tolerant və mədəni” olduqlarını, barbar olmadıqlarını sübut etmək üçün salamat saxlayıblar. Yəqin ki, bu, həm də hərbi məqsəd daşıyıb. Məscidin minbərinin başından on kilometrlərlə məsafə aydın görünür. Biz hava yoluyla 10 kilometr aralıdakı Şelli kəndində olarkən təpədən Ağdam şəhəri səmtinə baxdıq: məscidin minarələri aydın görünürdü.

Dağıntıların miqyası o dərəcədədir ki, açıq-aydın bu, hərbi əməliyyatların əsəri deyil. Talan və dağıntı ən azı 10 il boyunca davam edib. Bir-iki ilə bu boyda qurulu şəhəri bu vəziyyətə çatdırmaq üçün minlərlə söküntü briqadaları işləməliydi.

photo_2021-02-14_19-41-20.jpg (136 KB)

Azərbaycan sovet yazıçısı İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” adlı bir romanı var, ötən əsrin 60-cı illərində, indi “dünyanın düz vaxtı” adlandırılan dövrdə yazıb. Bu romanda söhbət hərbi xidmətlərini bir hərbi hissədə başa vurub qayıtmış Xocavənd ermənisi Haykın, ukraynalı Mikolanın və Füzuli sakini Şahların dostluğundan, dar gündə bir-birinə yardım etmələrindən gedir. Hazırda həmin dağların arxasında 3 dost yoxdur, 3 post var – birində qarabağlı Şahların övladlarıdır, o birində erməni Haykın nəvələridir, lap ortadakında isə - slavyan Mikolanın. Mika münaqişədə olan köhnə qonşuları, talellərinə bir dövlətdə yaşamaq, yoldaşlıq, dostluq etmək düşmüş düşmənləri barışdırmağa, ən azı yenidən tutaşmalarına imkan verməməyə çalışır. Hər halda onun adı sülhməramlıdır.

44 günlük müharibənin nəticəsi olaraq Ağdamı tərk edən ermənilərdən sonra şəhər xarabalığında çoxlu sahibsiz it-pişiklər var. Onlar olduqca arıq, əldən düşmüş haldadır. Görünür, qida tapmırlar və həsrətlə şəhərin köhnə sakinlərinin yenidən geri qayıtmasını gözləyirlər. O zaman onlar da çörək tapacaqlar. Ağdam həmişə çörəkli şəhər olub – Daşkənddən də ötə (sovet vaxtı “Daşkənd çörəkli şəhərdir” adlı film vardı).

Elə Şelli yolunun üstündə yolun ortasına və evlərdən birinin damına qonan tənha leylək də insanların geri qayıtmasının intizarındadır. Leylək gənc ailələrə yeni sovqat, pay gətirəcək.

Xalid Kazımlı

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR