“Hacı evə, ailəyə bağlı, çox ciddi, ağır təbiətli adam idi. Sonuncu dəfə onun 70 illik yubileyini qeyd etdik. Təmtaraqlı ad günü keçirməyi, məclis qurmağı xoşlamazdı”.
Bunu Musavat.com-a açıqlamasında mərhum Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova deyib.
“Ailəcanlı, sakit bir adam idi və göstəriş üçün yaşamırdı. Onun bu həyatda tək arzusu övladı ilə bağlı idi. Onun məktəbə, universitetə girməsini arzulayırdı. Hacı indi həyatda olmasa da, ondan sonra onun arzularını bacardığı qədər həyata keçirdim, övladının mükəmməl təhsil almasına nail oldum. Qızımız Şölə Türkiyədə Hacettepe universitetinin “Siyasi elmlər və dövlət idarəçiliyi” fakültəsini ingilis dilində bitirib, indi orada elə magistr təhsili alır. Hacı çox mehriban insan idi, kin saxlamağı bacarmazdı, uşaq kimi qəlbi var idi. Onun kiminləsə konflikti olmazdı. Hər kəsin arzuladığı bütün titulları vaxtında almışdı. Ən əsası xalqın sevimlisi idi. Bundan gözəl nə ola bilərdi ki?!”
Arzu xanım bildirib ki, Hacıbaba Bağırovun ondan əvvəlki nikahından olan övladları ilə də əlaqə saxlayır:
"İlk nikahından olan oğlu Aleksandr Bağırov hazırda Smolenskdə yaşayır. Onunla hər gün danışıram. 73 yaşı var, işləyir. Aleksandrın həyatı Rusiyada keçib, oranın vətəndaşıdır”.

A.Bağırova bildirib ki, həyat yoldaşının sənət dostları ilə əlaqələri davam edir: “Sənət dostlarının çoxusu dünyasını dəyişib. Sağ olanların hamısı ilə əlaqəmiz davam edir. Çingiz Əhmədov, Nahidə Orucova hər il zəng edir, yada salır. Mən Hacının sənət dostlarından çox razıyam”.
Qeyd edək ki, Hacıbaba Ağarza oğlu Bağırov 1932-ci il iyunun 12-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib. Burada sənət korifeylərindən dərslər alıb - nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.
1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib. 1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə "Fuad" ("Almas"), "Şahsuvar" ("Komsomol poeması"), "Rəşid" ("Anacan") kimi müxtəlif səpkili rollar oynayıb.

Hacıbaba Bağırovun qızı Şölə
1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında "Soltan bəy", "O olmasın, bu olsun"da "Məşədi İbad", Z.Hacıbəyovun "50 yaşında cavan"ında "Orduxan", S.Ələsgərovun "Həmişəxanım"ında "Cəbi Cüməzadə", "Hardasan, ay subaylıq"da "Novruzəli", Ə.Abbasovun "Həyətim mənim-həyatım mənim"ində "Qulam", E.Sabitoğlunun "Hicran"ında "Mitoş", "Nəğməli Könül"də "Fərzəli", V.Adıgözəlovun "Nənəmin şahlıq quşu"nda "Cəsarət", S.Hacıbəyovun "Qızılgül"ündə "Nadir", A.Məşədibəyovun "Toy kimindir?" əsərində "Uzun", E.Sabitoğlu və T.Vəliyevanın "Bankir Adaxlı", "Sizinlə gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş" trilogiyasında "Sonqulu", "Məhəbbət oyunu"nda "Nuruş", "On min dollarlıq keyf"də "Fərzəli" kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.
Teatrla yanaşı, kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da "Möhsün", "Mehman"da "Arif", "Onun bəlalı sevgisi"ndə "Qaraxalov", "Alma-almaya bənzər"də "Məmmədəli", "Şirbalanın məhəbbəti"ndə "Şirbala" rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. 1974-cü ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. H.A.Bağırov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 1998-ci il tarixli, 717 nömrəli Fərmanına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib.1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" Teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu və T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Hacıbaba Bağırov 2006-cı il oktyabrın 6-da vəfat edib. İkinci Fəxri xiyabanda dəfn edilib.

Şahanə Rəhimli
Musavat.com






