İnsanlara hürriyət, millətlərə istiqlal!

Colan təpələrində druzlara çəkilən dağ – İsrail “Hizbullah”ı hədəfə alır

789 29.07.2024 12:51 Dünya A A

Colan təpələrindəki druz kəndinə tələfata səbəb olan hücumundan sonra İsrail liderləri “Hizbullah”a qarşı əməliyyat planları hazırlayırlar. Məcdəl Şəmsdə futbol meydançasına edilən və dərhal “Allahın partiyası”nın üstündə qalan hücum 2023-cü ilin oktyabrından bəri yəhudi dövlətinin şimalında mülki əhali arasında ən çox itkiyə səbəb olan epizoddur.

Regional opponentlər baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti Livanın cənubunu işğal etmək üçün bəhanə axtarmaqda ittiham edirlər.

İsrail odusunun baş qərargah rəisi Herzi Halevi iyulun 28-də siyasi rəhbərliyə şimal cəbhəsində bir sıra güc ssenarilərini təqdim edib. Dünən yəhudi dövlətinin Amerika turundan qayıdan baş naziri Netanyahu Colan təpələri ətrafında yaranmış vəziyyət fonunda ABŞ-dakı proqramını ixtisar etmək məcburiyyətində qalıb.

Ölkəsinə dönən Netanyahu dərhal Müdafiə Nazirliyinin Təl-Əvivdəki Kiriya kompleksinə gedib və orada 10-16 yaşlı 12 uşağın ölümünə səbəb olan Məcdəl Şəmsin atəşə tutulmasına cavab variantlarını qiymətləndirmək üçün iclas keçirib.

1967-ci ildə “Altı günlük müharibə” zamanı İsrail tərəfindən işğal edilmiş Colan təpələrində yerləşən və druz xalqının yaşadığı kənddə yer alan faciə iyulun 27-də “Hizbullah”ın Livandan yəhudi dövlətinin ərazisini kütləvi şəkildə atəşə tutması nəticəsində baş verib. Atılan raketlərdən biri həmin vaxt Məcdəl Şəmsdə uşaqların oynadığı futbol meydançasında partlayıb, nəticədə 12 uşaq və yeniyetmə həlak olub.

İsrail rəsmiləri hücumu İrana sadiq qüvvələrdən görür, qətliamda “Hizbullah”ı günahlandırırlar. İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Həqarinin sözlərinə görə, futbol meydançası “Fələq-1” raketi ilə vurulub. "Bu, İran istehsalı olan raketidir, döyüş başlığı 50 kq-dan çox partlayıcı daşıyır. “Fələq-1”dən yalnız bu hücumu həyata keçirən “Hizbullah” terror qruplaşması istifadə edir”, - Həqari deyib.

Artıq iyulun 28-də “Hizbullah”ın üzvləri İsrailin cavab əməliyyatının nəticələrini minimuma endirmək üçün Livanın cənubunda kütləvi şəkildə yerlərini dəyişməyə başlayıblar. Bir sıra Qərb ölkələri öz vətəndaşlarını Livan ərazisini təcili tərk etməyə çağıran tövsiyələr verib. Rəsmi Beyrut ABŞ prezidenti Cozef Bayden administrasiyasına mesaj göndərərək ondan genişmiqyaslı qarşıdurmanı dayandırmağı xahiş edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani yəhudi dövlətini Məcdəl Şəms hadisəsini bəhanə edərək Livana qarşı hər hansı yeni avantüra planlaşdırmaqda ittiham edib və “sərt xəbərdarlıq” ünvanlayıb.

Bir gün əvvəl Yəmənin “Ənsarallah” hərəkatının nümayəndələri İsrailin hərbi kampaniyasına cavab olaraq Hüseyn əl-Husi ardıcıllarının “qırmızı xətlərinin olmayacağını” bildiriblər. “Ənsarallah” üzvü Məhəmməd Əbdülsəlam deyib ki, bütün həssas qurumlar onlar tərəfindən hədəf alınacaq.

İsraildı hakim koalisiyanın maliyyə naziri Bezalel Smotriç deyib ki, “Hizbullah”ın baş katibi Həsən Nəsrullah və bütün Livan bu hücumun bədəlini ödəməlidir.

Suriya Xarici İşlər Nazirliyi isə artıq bəyan edib ki, Məcdəl Şəmsdəki faciə İsrail tərəfindən “Livana qarşı təcavüzü genişləndirmək üçün bəhanə”dir. Diplomatik departamentin bəyanatında deyilir: “Suriya onilliklərdir işğala qarşı mübarizə aparan və suriyalı ərəb kimliyindən əl çəkməyən Colan təpələri əhalisinin İsrail hakimiyyətinin yaydığı yalanlara aldanmayacağına əmindir. Colandakı xalqımız yad torpaqları mənimsəyən İsrail işğalçılarına və onların təcavüzkar siyasətinə qarşı müqavimətin tərkib hissəsi olub və qalacaq”.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd İsrail, Livan və Suriya ərazisində yaşayan druz xalqının övladıdır.

Colan təpələri 1967-ci ilə qədər Suriyaya məxsus olub. Həmin il İsrail bu regiondan İsrailə töhlükə olduğunu bildirərək Colan torpaqlarını işğal edib və məskunlaşdırıb.

Colan təpələri bu regionda ən bərəkətli torpaqlara, su ehtiyatına malik bir ərazidir. Suriya bu ərazini geri almaq üçün nə qədər çalışsa da, diplomatik təşəbbüslər bəhrə vermir.

İndi belə bir ehtimal var ki, “Hizbullah”ın hücumundan zərər çəkən druzlar İsrailin müttəfiqinə çevriləcək. Bölgədə hərbi əməliyyat baş verəcəyi təqdirdə “Hizbullah” artıq druzlara arxalana bilməyəcək.

Bu, Suriyadakı vəziyyətə də aiddir, ölkənin cənubunda druzların məskunlaşdığı Suveyda əyalətində hökumət əleyhinə iğtişaşlar davam edir.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR