İnsanlara hürriyət, millətlərə istiqlal!

126 nəfəri külə döndərən QƏZA – Hadisə 30 il ictimaiyyətdən gizli saxlanılıb

977 29.07.2024 14:20 Yaxın tarix A A

SSRİ-nin 70 illik tarixində texnogen qəzalar, partlayışlar, yanğınlar, təbii fəlakətlər az olmayıb. Amma çoxsaylı insam ölümü ilə nəticələnən bu cür hadisələrin çoxu maksimum dərəcədə ictimaiyyətdən gizli saxlanılıb. Daha çox səs-küyə səbəb olan hadisələr haqqında isə mətbuatda cəmi bir-iki cümlə informasiya dərc edilib: səbəb araşdırılır, xüsusi komissiya yaradılıb və s.

Sovet liderlərini bu məsələdə narahat edən heç də ictimai qınaqla, yerli əhalinin etiraz və narazılığı ilə bağlı olmayıb. Kreml bu hadisələrin Qərb mətbuatında tirajlanmasından çəkinib, hər hansı insan ölümü ilə nəticələnən bir hadisənin ölkənin imicinə zərbə vuracağından qorxub.

NEDELİN.jpg (103 KB)

Uzun illər gizli saxlanılan bü cür hadisələrdən biri də 1960-cı ilin oktyabr ayında Baykonurda baş verib.

Baykonurun 41-ci start meydançasında yeni məxfi raketin - R-16-nın sınağı üçün son işlər aparılıb. Məxfi sayılan sınaq əməliyyatına ali rütbəli hərbçilər, o cümlədən SSRİ-nin ilk raket qoşunları baş komandanı, artilleriya marşalı Mitrofan Nedelin rəhbərlik edib.

Son mərhələdə yeni yanacaq növü ilə istifadə ediləcək raketdə azot turşusunun axıntısı aşkar edilib. Yaranmış problemi tam aradan qaldırmaq üçün uzun müddət tələb olunub. Marşal Nedelin yaranmış nasazlığı başqa yolla həll etməyi qərara alıb və bəlkə də buna məcbur olub. Belə ki, onun qarşısına oktyabr inqilabının ildönümü günü, noyabrın 7-də Nikita Xruşova uğurlu sınaq haqqında məruzə etməsi tapşırığı verilib. Nikita Xruşov və həmin dövrdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid Brejnev şəxsən özləri mütəmadi olaraq sınaq meydançası ilə birbaşa əlaqə saxlayıblar.

Mitrofan Nedelin belə qənaətə gəlib ki, sızıntı olan yerləri qaynaqla yamamaqla nasazlığı aradan qaldırmaq mümkündür və düşündüyü kimi də mütəxəssislərə göstəriş verib. Təbii ki, bu variant çox vaxt tələb etməyib. Qısa müddət ərzində marşalın göstərişi yerinə yetirilib və belə qəbul olunub ki, raket sınağa hazırdır.

BEZMA.jpg (63 KB)

Oktyabrın 24-də uçuşa yarım saat qalmış raketin mühərrik hissəsində partlayış baş verib və bu da güclü yanğına səbəb olub. 41-ci start meydançasında olanların hamısı, 126 nəfər həlak olub. Onların meyitləri tanınmaz hala düşüb.

Marşal Nedelinin meyitini Sovet İttifaqı Qəhrəmanı ulduzuna və marşal rütbəsinə görə tanıyıblar. Baş konstruktor Konopolyov isə boyuna görə tanınıb. O, sınaq meydançasında olan ən hündürboylu adam olub.

Partlayış zamanı bəxti gətirənlər də olub. Belə ki, digər konstruktor Yanqel və dövlət komissiyasının üzvü, milliyyətcə erməni olan Andronik İosifyan partlayışdan bir neçə dəqiqə əvvəl siqaret çəkmək üçün kənara çəkiliblər.

Hadisə ilə bağlı Kremlə məlumatı konstruktor Yanqel verib.

O, məxfi rabitə vasitəsi ilə Nikita Xruşova telefonoqramma göndərib:

“Saat 18.45-də sınağın həyata keçirilməsinə 30 dəqiqə qalmış partlayış olub və güclü yanğın baş verib. Baş vermiş hadisə zamanı yüzdən artıq ölən və yaralanan var. O cümlədən artilleriya marşalı Mitrofan Nedelin də onların arasındadır. Hazırda onun axtarışı aparılır. Xahiş edirik təcili olaraq xüsusi tibbi personalın və xilasedicilərin hadisə yerinə gəlməsini təmin edəsiniz...”

Elə həmin gün Baykonura xüsusi tibb, yanğınsöndürmə və xilasedicilər briqadaları göndərilib.

KOSMO.jpg (86 KB)

Oktyabrın 25-də hadisə ilə bağlı xüsusi hökumət komissiyası yaradılıb. Komissiyaya Brejnev başçılıq edib.

Komissiyanın ilk iclasında Brejnev gərginliyi nəzərə alaraq bildirib ki, hadisə ilə bağlı heç kim cəzalandırılmayacaq.

Konstruktor Vasili Budnik sonralar komissiyanın işi haqqında fikirlərini aşağıdakı kimi bölüşüb:

“Komissiya ilk yığıncağını gecədən xeyli keçmiş keçirdi. Komissiyaya rəhbərliyi Brejnev edirdi, Andrey Qreçko və Dmitri Ustinov da komissiyanın üzvləri idi. Brejnev bildirdi ki, təhlükəsizlik qaydaları ciddi pozulub və onları pozanlar da ciddi xəsarət alıblar. Bu vəziyyətdə onları cinayət məsuliyyətinə cəlb etmək, cəzalandırmaq humanist addım sayılmaz. Odur ki, biz heç kimi cəzalandırmayacağıq. Onlar özləri özlərini cəzalandırıblar...”

Baş vermiş hadisənin məxfi saxlanılması DTK-ya həvalə olunub. Marşal Nedelinin aviaqəzada həlak olması bildirilib. Digərləri haqqında isə heç bir məlumat verilməyib. DTK əməkdaşları onların ailələri ilə xüsusi “söhbət”lər aparıblar.

Yalnız 1989-cu ildə Baykonurda baş vermiş hadisələr haqqında geniş məlumat yayılıb və bir neçə məkanda, o cümlədən Baykonurda həlak olanların xatirəsinə abidələr ucaldılıb.

ABİD.jpg (109 KB)

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR