İnsanlara hürriyət, millətlərə istiqlal!

Çırmanırıq keçməyə... hay gəlməmiş?..

1678 26.11.2025 18:22 Yazarlar A A

Bakı və İrəvanın sülh prosesi ilə bağlı əldə etdiyi razılaşmalar, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin təmsilçilərinin qarşılıqlı səfərləri, müxtəlif platformalarda reallaşan görüşlər bəzilərini “çay gəlməmiş çırmanmağa” həvəsləndirib. Əslində “hay gəlməmiş...” də yazmaq olar. Çünki baş verənlər bundan sonra hər şeyin İrəvanda rəvan gedəcəyini söyləməyə əsas vermir. İşğal zamanı Qarabağda hərbi xidmət edən birisini özünü qazi qızı adlandıran sənətçinin qucaqlaması gündəmin mövzularındandır. Səhvi etiraf edib, üzr istəmək də ziyanın yarısından qayıtmaq idi. Amma özünə bəraət qazandırmağa cəhd etmək, hətta ölüm təhdidindən qorxduğu üçün hansısa vageni bağrına basdığını söyləmək, bax, bu, heç olmadı. Gərək hər kəs özünə aid olan işlərlə məşğul olsun, yox bir ermənini qucaqlamaqla Qafqazda sülhə töhfə verəcəkmişlər.

Vaxtilə Azərbaycan İrəvanı, digər torpaqlarımızı haylara güzəşt edib, sülhə nail olmaq mümkün olmayıb, bunlar 12 xalla, üstəlik, qucaqlaşmalarla regiona sülh gətirəcəkmişlər. Etməyin, öz işinizlə məşğul olun! Bütün dünyaya məlumdur ki, hayların musiqi əsərlərindən mətbəxinədək oğurluqdur, əksəriyyətini də bizlərdən oğurlayıblar. Təməldə oğurluq dayanır, birdən-birə nə oldu ki, nadir əsər ortaya çıxartdılar? Deyək ki, bu dəfə alındıra biliblər, olsun, musiqiyə yüksək bal ver, amma Azərbaycanın adını da hallandırıb, bağrına basmaq nədir? Barmağınıza tikan batanda dözürsünüzmü? Şəhidlərimizin ağrı-acısını yaşadan on minlərlə ailələr var...Onlar bu mənzərəni görəndə hansı hisslər keçirirlər, düşünürsünüzmü?

İşğal zamanı namusunu qorumaq üçün Kəlbəcər qayalıqlarından özünü atan qız-gəlinlərimiz, erməni işğalçılarının girovluğunda qalmış ağbirçək nənələrimiz daxil, 4 minədək vətəndaşımızın taleyindən bu günədək xəbər-ətər yoxdur! Ermənistan 30 ildən çoxdur bu faktları gizlədir. Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun hansı şəraitdə qətlə yetirildiyini, harada basdırıldığını da açıqlamırlar.

NATİQ NATİQ.jpeg (139 KB)

Minlərlə ailə öz ciyərparasının məzarına belə həsrətdir. Ən böyük arzuları itkinlərimizin başdaşına sarılmaq üçün məzar yerinin olmasıdır, çoxları dünyadan nakam köçüb bu illərdə. Amma birisi gedir “bu sənətdir” deyib, ermənini qucaqlayır. Vaxtilə hayları süfrəmizin başında oturtduq, nə oldu? Leninakan zəlzələsinə yardıma gedənlərimizi belə vurub yerə saldılar, məhv etdilər. Bu qucaqlaşma uşağına “türk sənin düşmənindir” “laylayı” çalan hayların düşüncəsini dəyişəcəkmi? Əksinə, ələ salırlar, gülürlər. Qələbəmizə xələl gətirən belə hərəkətlər etməyin!

İLHAM ESGER.jpg (246 KB)

Dövlətimizin başçısı tarixi Zəfərin memarıdır, nəyi, nə zaman demək və etmək lazım olduğunu gözəl bilir. Necə ki, məqamı çatanda separatizmin kökünü kəsdi, yaxud Ermənistan üçün taxıl yolunu açıq elan etməklə hayları faktiki olaraq çətin duruma saldı: böyük siyasət budur! İndi hər kəs çıxıb desin ki, mən də dövlətimizin sülh siyasətinə töhfə verirəm, Aşot, gəl, qucaqlaşaq, bu, anormallıq olardı. Prezident Xocalı, Kəlbəcər və digər azad yurd yerlərimizə səfərləri zamanı nə demişdi, niyə unudursunuz?

Müzəffər Ali Baş Komandanımız bütün çıxışlarında tarixi unutmamağı tövsiyə edir, həmçinin Ermənistana, onun havadarlarına xəbərdarlıq ünvanlayır. Bildirir ki, tarixi sülh fürsətinə xələl gətirən hərəkətlərə yol verilsə, qarşılarında Azərbaycanın güclü ordusunu görəcəklər! Həm də ermənilərin havadarlarının peşman olacağını dəfələrlə bəyan edib. 2026-cı ilin dövlət büdcəsində hərbi xərclərimiz niyə artırılıb? Təbii ki, biz müharibə istəmirik, sülh tərəfdarıyıq, özü də əbədi! Amma qarşı tərəf doğrudanmı sülh tərəfdarıdır? Söhbət konkret Paşinyan, ya qeyrisindən getmir. Ermənistanda revanşist əhval-ruhiyyə təkcə daşnaklarda, Qarabağ klanında, yaxud digərlərində yoxdur ki. Elə hakim düşərgənin də imkanı olsa, gecənin yarısı yenidən başımıza bombalar yağdırarlar. 2020-ci ildə Gəncədə uşaqları qətlə yetirən hakimiyyətin “tövbə” etdiyinə əminsinizmi? Sadəcə çıxılmaz durumda qaldıqları üçün sülh prosesini müdafiə edirlər.

ALEN.jpg (63 KB)

Budur, Ermənistan parlamentinin spikeri Alen Simonyan məsuliyyətsiz və həyasız açıqlamalar səsləndirib. Erməni spiker Bakıda saxlanılan, Xocalı soyqırımında, Qarabağda Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlərdə iştirak etmiş, separatçı rejimin qondarma “nazirləri” və silahlı dəstələrinin üzvləri də daxil olmaqla bütün cinayətkarların guya “geri qayıdacağına əmin olduğunu” bildirib.

NİKOL SON.jpg (202 KB)

Nikol Paşinyan da fürsət düşən kimi “əsir”lərdən danışır. Erməni baş nazir ölkəsinin xarici borcunun nə səbəbə artdığı barədə suala cavabında deyir ki, kredit götürüb, silah alıblar. Qırıcılar alırlar, raketlər, mərmilər... “Sülh göyərçini” üçün borc-xərc bahasına silah-sursat nəyə lazımdır? Aydın deyilmi? O yandan da ABŞ və digər ölkələrdəki erməni lobbisi yenidən aktivləşib, caniləri xilas üçün hərəkətə keçib. Normalda sülh prosesinə dəstək üçün “kimin cəzası var, çəkməlidir”, yanaşması olmalı idi. Ermənistan rəhbərliyi Azərbaycana qarşı cinayətlər, soyqırımlar törətmiş şəxsləri cəzalandırmaq əvəzinə Bakıda olan cəlladları da azad etmək istəyir...

Ermənistanda “Vahidlik qanadları” hərəkatının rəhbəri Arman Tatoyan isə 2026-cı il parlament seçkilərində qalib gələcəyi təqdirdə həyata keçirməyi planlaşdırdığı əsas istiqamətlərdən danışarkən “Yalnız güclü olaraq biz sülhə nail ola bilərik” - deyə, çərənləyib.

Beləcə, o hakimiyyətin sülhü, bu da müxalifətin. Hələ 4 kəndimizi azad etməyiblər, tarixi Başkəndimizə iddia edirlər. Hələ Azərbaycana və Türkiyəyə qarşı iddiaların əksini tapdığı konstitusiyanı dəyişməyiblər. Hələ Zəngəzur dəhlizini açıb, tikib, istifadəyə verməyiblər ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst gediş-gəliş olsun, hələ Qərbi azərbaycanlıların qayıdışına müsbət cavab verməyiblər. Heç olmasa mina xəritələrini də vermirlər ki, insanlarımız mina qurbanı olmasın. Haylar müharibəni atəş açmadan davam etdirirlər.

DAHLİZ.jpg (240 KB)

Odur ki, hay sülhə gəlməmiş, “çırmanmayaq”, hər kəs öz işi ilə məşğul olsun, özünü siyasət uzmanı saymasın! İmkan verək, dövlət öz işini görsün, prosesi aparsın. İşimizlə məşğul olmağımız dövlətimizə xidmətdir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR