İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənnət Əliyevin arzusundan... cənnət Hadruta, Şuşayadək aparan mübarək yol

2301 26.12.2021 11:27 Yazarlar A A

24 dekabr, 2011-ci il:

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirak edib. (Prezidentin 50 illik yubiley günündə -E.P.) Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məcburi köçkün Cənnət Əliyevin evində yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısının o zaman dediklərindən bir parça: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, bütün köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmalıdırlar. Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilməlidir... Oraya qayıtmaq üçün indi biz diplomatik səylərimizi aparırıq. Əgər görsək ki, bu səylər nəticə vermir, onda istənilən anda biz hərbi yolla torpağımızı qaytarmalıyıq...”

24 dekabr, 2021-ci il:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və övladları Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər...Daha sonra onlar Şuşa şəhərinə gediblər...

İki xəbərin arasında 10 illik fasilə var. Amma çatılan hədəf azı əsrə bərabərdir!

2011 və 2021-ci illər

2011-ci ildə 50 illik yubileyini Ağcabədidəki qaçqın şəhərciyində qeyd edən İlham Əliyev 60 illik yubileyini artıq azad Qarabağda, Hadrutda qeyd elədi, özü də Komando hərbi hissəsinin açılışı ilə, Şuşaya növbəti dəfə qədəm basdı, Xankəndidə küncə sıxılıb, oğrun-oğrun Qalaya boylanan bir ovuc bədbəxtin növbəti dəfə bağrını yardı Cıdır düzündə Azərbaycan xalqına səslənişi ilə! 10 il öncə hərb xəbərdarlığı etmişdi. 10 ilin tamamında hərb yolu ilə qazanılan qələbənin məkanından növbəti xəbərdırlıq edildi: “Əgər...”

2020-ci ilin 9 oktyabrında işğaldan azad edildi Hadrut. Özü də çoxillik işğaldan. Hadrut (Ağoğlan) 30 ildən əvvəl də işğal olunmuşdu, səssiz-səmirsiz.

Ermənilərin beyninə yerimişdi ki, guya buralar onlarındır. Təsadüfi deyildi ki, hətta 10 noyabr 2020-ci il kapitulyasiya bəyanatəndan sonra da Ermənistandan Hadruta terrorçu qruplaşmalar göndərilmişdi, ordumuz dekabr günlərində həmin terrorçuların burnunu ovdu, bu günədək cəzalarını çəkməkdədirlər. “Hadrut qaçqınları” adı altında bir qrup erməni İrəvanda səfirliklərin qapısında çox süründü, erməni liderlər çox sərsəmlədilər, ancaq Azərbaycan “it hürər, karvan keçər” prinsipi ilə yoluna davam etdi. Budur, 2021-ci ilin martında Azərbaycanın qalib liderinin dövlət bayrağımızı ucaltdığı Hadrutda Azərbaycanın döyüş bayrağını (!) Ali Baş Komandandan təntənəli şəkildə qəbul etmiş müasir ordu hissəsi yaradılıb! Azərbaycanın müdafiə naziri Zakir Həsənovun raportunu, general Mais Bərxudarovun, zabit və əsgərlərimizin Baş Komandanı qarşılama səhnəsini izləmək qürurverici idi!

Prezident bundan bir az öncə də dəfələrlə Hadruta səfər etmişdi, məscidin (!), digər mühüm layihələrin təməlini qoymuşdu. Onu da demişdi ki, şəhərin baş planının yenidən işlənməsinə ehtiyac var. Bu faktın özü dövlət başçısının Hadruta nə qədər böyük önəm verdiyini göstərirdi.

Prezident İlham Əliyev Hadrutda yeni məscidin təməlqoyma mərasimində (9 oktyabr, 2021)

Və Hadrutun baş planı hazır olanadək 21-ci əsrin ordusuna məxsus müasir hərbi hissənin açılış mərasimi oldu! Mini hərbi parad da keçirildi. Erməni quldurlar o paradı, tüstülü-atəşli təlim səhnələrini, dağ vüqarlı, polad biləkli hərbçilərimizin gözlərindəki parıltını, sərgilədikləri döyüş səhnələrini gördükdən sonra çətin ki, rahat yuxuya getsinlər... Bu, həm də xəbərdarlıq idi. Baş Komandanın tribunadakı xəbərdarlığının məntiqi davamı. Hadrutda “Dəmir yumruq” heykəlinin qoyulması da səradan məsələ deyil, unutmasınlar, tezliklə şələ-şülələrini, əski parçalarını yığışdırsınlar!

Dövlət başçısının dediyi kimi, son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınıb, o cümlədən Ermənistanlar həmsərhəd bölgələrdə, işğaldan azad olunmuş ərazilərimizdə. Bu hərbi hissələr müasir standartlara cavab verir, hərtərəfli təminat məsələlərinə diqqət yetirilir. Hərbi sahəyə böyük diqqət yetirilməsini hər zaman müşahidə edirik. Çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr lazımi standartlara cavab verir. Prezident də çıxışında bildirdi ki, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindədir.

Sitat: “20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır”.

Ali Baş Komandan hərbçilərimizin qarşısındakı çıxışında da bildirdi ki, müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb. Qeyd olundu ki, orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir.

Sitat: “Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”.

Ölkə başçısı keçən il demişdi ki, biz Türkiyə ordusunun kiçik modelini qururuq. Qısa müddət keçib və artıq komando hərbi hissələri düşmənin başına yenidən od ələməyə hazır vəziyyətdədir! Belə bir hərbi hissənin Hadrutda, keçmiş Dağlıq Qarabağ bölgəsində yaradılması isə çox mətləblərdən xəbər verir. Qarabağdakı dəlmə-deşiklərdə gizlənmiş erməni quldurları ilə birgə, onları xilas edəcəklərini düşünənlər üçün də düşünməyə zaman azdır artıq, “qum saatı” qurulub!

Azərbaycanın dövlət başçısı Hadrut əməliyyatının önəmindən də bəhs edib:

“Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. Strateji qəsəbəni işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Hadrut işğalçılardan azad edilməsəydi, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar və bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı”.

Bu fikirlər Azərbaycan rəhbərliyinin təkcə Şuşaya gedən yolumuzu kəsən maneələri aradan qaldırmaq planının olmasından xəbər vermir. Həmçinin deyilənlər təkcə Hadrutun vazkeçilməzliyi anlamı da kəsb etmir, bunlar məsələnin bir tərəfidir. Keçilən yol və hazırda həyata keçirilən işlər Xankəndi, Xocavənd, Xocalıya doğru yolumuzun anonsudur. Bəzi amillər nəzərə alınaraq dilə gətirilmir, amma Hadrutdakı döyüş briqadasının “qulağının dibində”ki Xocavənddə, yaxud Şuşamızın “ayağının altındakı” nöqtələrdə erməni quldurlarının “at oynatması” mümkünsüz olacaq, buna əminik!

Müharibə dövründə Ermənistan çox çalışdı ki, heç olmasa, Hadrutu nəzarəti altında saxlasın, hətta saxta məlumatlar da yayırdılar, erməni ordusunun “ruh”unu qorumaq üçün. Amma xeyri olmadı, ordumuz Hadrut azad ediləndən sonrakı qısa müddətdə Ermənistan ordusunda fərarilik halları daha geniş yayıldı və son nəticədə fərarilərin sayı 10 mini keçdi! Hadrut əməliyyatı erməniçiliyin belini qırdı! Təsadüfi deyil ki, Hadrut əməliyyatından 8 gün sonra Füzuli şəhəri azad edildi, daha sonra Zəngilan, Qubadlı rayonları və Laçının cənub hissəsi yağdan təmizləndi. Son nəticdə şanlı ordumuz Laçın dəhlizinə çıxış əldə etdi və Şuşaya yol göründü! Prezidentdən sitat: “ Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər”.

Və bu zəfərə görə Baş Komandan o müqəddəs, uca zirvədən şəhidlərimizə sayğısını ifadə etdi, ordumuza dəyər verdi, xalqımıza minnətdarlığını çatdrıdı. “Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”. Bu, xalq-hakimiyyət birliyinin nəcib və ali səviyyədə ifadəsi, həm də Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində gözəl səsləniş, “birliyimiz diriliyimizdir”, mesajıdır. Əbədi olsun! Hələ bizi qarşıda çox zəfərlər gözləyir...

Yazımıza Laçın köçkünləri ilə görüşdən başladıq, yekunda da on il öncədən xatırlatma edək. Məcburi köçkün Cənnət Əliyev deyir:

Prezident İlham Əliyevin Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü (2011)

“50 yaşınızı gəlib bizimlə keçirməyinizi heç nə ilə əvəz etmək olmaz. Bunun qiyməti yoxdur. Gün o gün olsun ki, 100 yaşınızı da qeyd edəsiniz”.

Prezident İlham Əliyevin cavabı: “Sizinlə birlikdə Qarabağ torpağında bu günü qeyd edək!”

Şükürlər olsun, qutsal arzular çin oldu! Cənnət kişinin arzusundan cənnət Hadruta, Şuşayadək uzun, incə bir yol qət edildi, şərəfli, Zəfər yolu...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR