İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənablar, kimdir haqlı - Ərdoğan, yoxsa Şuşa Zəfərimizi sinirə bilməyənlər?

3230 20.05.2022 16:22 Yazarlar A A

Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiya nümayəndə heyətlərinin Ankaraya gəlmək niyyətinə reaksiyasında “gəlməsinlər” deməsi bir çoxlarının xətrinə dəyib, bəzi paytaxtlarda tozanaq qaldırılıb. Hansı ki, beş il əvvəl Türkiyə prezidenti konstitusiya dəyişiklikləri üzrə referendumla əlaqədar seçki kampaniyası üçün Avstriyaya səfər etmək istəyəndə Vyanadan “gəlməsin” reaksiyası verilmişdi, ancaq o vaxt kimsə bu davranışa görə Avstriya hökumətini ittiham etməmişdi.

O vaxt Avstriyanın xarici işlər və inteqrasiya naziri Sebastyan Kurts iddia eləmişdi ki, guya Ərdoğanın referendumqabağı qatılacağı mitinq Avstriyada yaşayan türk icmasını bölə və ayrıseçkilik yarada bilər. Sən arqumentə bax da, türklərin birliyinin hayında-harayında imişlər sən demə, xəbərimiz olmayıb. Amma budur, Rəcəb Tayyib Ərdoğan ciddi arqumentlərə istinad edərək NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyaya “yox” cavabı verməsi bəzilərini qeyzləndirib.

Antitürk ovqatlı Qərb çevrələrindəki reaksiyalar təəccüb doğurmur, onlardan başqa nə gözləyəsiyik ki? Türkiyə Cümhuriyyətini parçalamaq üçün vaxtaşırı – son dəfə 2017-ci ilin 15 temmuzunda - çeşidli planlar qurub, icraya yönəldən çevrələrin münasibəti bəllidir. Bu, Ərdoğana münasibət deyil, elə Türkiyəyə münasibətdir. Sadəcə, Rəis liderlik etdiyi ölkənin kimlərinsə əlində oyuncağa çevrilməsini, kimlərinsə iradəsinin keçərli olmasını istəmir və buna yol vermədiyi üçün daim qəzəbə tuş gəlir.

Odur ki, bu məsələdə Ərdoğanı günahlandırmağa cəhd edən özümüzünkülərin yanaşması təəccüb və heyrət doğurur. Guya ki, Rəcəb Tayyib İsveç və Finlandiyanın Alyansa üzvlüyünə veto qoyacağını bəyan etməklə Rusiyanın maraqlarına uyğun siyasət yürüdürmüş. Gör bunu kimin və ya hansı dövlətin haqqında deyirlər e...Ukraynaya qarşı rus işğalının qısa müddətdə başa çatmasına əngəl olan, rus tanklarının Putin planına uyğun olaraq 48 saat ərzində Kiyev küçələrində şütüməsinə imkan verməyən Türkiyəni...Rusiyanın əlinə işləməkdə ittiham edirlər. Hansı ki, Rusiya-Ukrayna müharibəsinin başlayacağı haqda kəşfiyyat məlumatları yayılanda, böyük rus hərbi kontingenti Ukraynanı üç tərəfdən mühasirəyə alan vaxtlarda Amerika generalları dənizlərdən Suriyadakı hədəflərə raket zərbələri endirən Rusiya ordusu barədə heyrətlə danışırdı. Onların əminliyi yox idi Ukraynanın uzun müddət dözəcəyinə, Türkiyənin dəstəyi, “Bayraqdar”ları sayəsində Putin hədəfinə çata bilmədi, Ukrayna toparlanmaq üçün vaxt qazandı, özünə inandı və bu müqaviməti görən Qərb paytaxtlarından silah-sursat, hətta döyüşmü dəstəyi verilməyə başladı. Bu mənada Türkiyədən narazı qalmaq üçün Rusiyanın daha çox arqumentləri var, nəinki NATO və ya Avropa Birliyi ölkələrinin.

2015-ci ilin “qırıcı krizi”ndə, Rusiya təyyarəsi Suriya səmasında vurulanda hansı Qərb dövləti Türkiyənin yanında oldu? O vaxt Rusiya-Türkiyə müharibəsi an məsələsinə çevrilmişdi. Sonrakı dönəmdə rus səfirin qətli məsələsi...Belə kritik dönəmlər az olmayıb, amma bunun əvəzində Qərb dünyası maraqlı filmi izləyəcəkmiş kimi, “kanalı dəyişmirdi”. Axı, bütün bunlar yaxın keçmişin reallıqlarıdır, unutmamışıq. Avropa Birliyi milyonlarla qaçqını ağuşuna alan Türkiyəyə yardım ayırmaqdan ötrü...qarşısına şərt qoydu, içərisində əlləri türkün qanına batmış terrorçuların xilası barədə müddəaların da yer aldığı tələblər! Qərb ölkələri bir-birinin ardınca saxta “erməni soyqırımı”nı nəinki tanıdılar, hətta bəziləri “soyqırımı” inkar edənlərə cəza qanununu da qəbul etdilər. ABŞ-sa Türkiyəyə öz pulu ilə F 16-ları satmaqdan imtina etmişdi. Ki, sən niyə Rusiyanın S-400 zenit-raket komplekslərini alırsan? Heç dəxli var?

Hansı ki, bir müddət əvvəl ABŞ həmin S-400-ləri Ukraynaya ixrac etməyi təklif etdi Ankaraya. Ardınca nə baş verdi? ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyi təqdirdə Türkiyəni Amerika F-16-ları tədarük etməkdən imtina etməklə hədələyib...Növbəti dəfə absurd iddia. Bunlar hələ də qəbul etmək istəmirlər ki, “Dünya beşdən böyükdür” və Türkiyə dövlətçilik tarixi olan, qos-qocaman imperiyanın varisi, möhkəm və qətiyyətli şəkildə ayaqda dayanmağı bacaran qüdrətli ölkədir.

Bir çoxları özlərini xəbərsiz aparırlar, düşünmək belə istəmirlər ki, necə oldu qonaqpərvər Türk ölkəsinə gəlmək istəyənlərə "özünüzə əziyyət verib, gəlməyin" deyir. İldə milyonlarla turisti qəbul edib, məmnun yola salan, ürəyinin başında qonağa yer ayıran, hətta bütün düşmənçiliklərinə rəğmən, heç vaxt erməni rəsmilərə də "gəlməyin" deyilməyib, oturub-danışmağa üstünlük verilib. İndi görün adı çəkilən iki ölkə necə tövr nümayiş etdirib ki, Türkiyə lideri bu qədər sərt ismarıc yollayıb: "Özünüzə əziyyət verməyin, sizinlə danışılası sözümüz qalmayıb", şəklində. Türkiyəni ürəyindən vuranları bağrına basan ölkələr üstəlik, Ankaranın tələblərinə əməl edilməyəcəyi, terrorçuların təslim edilməyəcəyini deyirsə, Ərdoğan başqa nə deməlidir? Deməlidir ki, doğru edirsiniz, bəsləyin, təlim keçin, silahlandırın, sonra da göndərin üstümüzə, hərbdəki igid oğullarımızı, dinc sakinlərimizi qətlə yetirsinlər?!

Görün Rəcəb Tayyib Ərdoğanın istəyi nədir ki: deyir İsveç və Finlandiya ərazisindəki terrorçuları Ankaraya təslim edilsin. Türkiyəyə qarşı çeşidli terror planlarında əli olan, 30 mindən çox türkün qətlində yer və rol alanları bağrına basanları müdafiə etməkdə məqsədləri nədir birilərinin? Türkiyənin qətiyyəti nəticəsində son zamanlar terrorçular ölkənin sərhədlərindən uzaqlara sıxışdırılıb, amma savaş bitməyib. Suriya və İraqda terrorçuları silahlandıran Qərb dövlətlərinin Türkiyəni qınamağa mənəvi haqqı yoxdur. Özünə hörmət edən dövlət terrorçuları bağrına basan ölkələri təmsil olunduğu Alyansa buraxmamalıdır. Hansı ki, illər öncə antiterror koalisiyası yaradılıb və son davranışlar prinsiplərə qəti şəkildə ziddir. Məntiqlə, antiterror koalisiyası Ərdoğana minnətdar olmalıdır, terrorçuların kökünü kəsməyi, Avropadan da təmizləmədi hədəflədiyinə görə. Həm də Rusiyanın qəzəbli vaxtında Finlandiya və İsveçin NATO yolçuluğuna başlaması bu ölkələrin də başında çatlaya bilər, “Dünyada sülh cahanda barış” amaclı Türkiyə bunu əsla istəməz və istəmir, Rusiyanı növbəti bataqlığa sürükləyib də, qaçqın selini daşırmağa çalışan birilərindən fərqli olaraq.

Həm də unutmasınlar, bu gün himayə olunan terrorçular nə vaxtsa elə İsveç və Finlandiyanın da boğazına ilan kimi dolanacaq, oraları qan gölünə çevirəcəklər. Vaxtilə Yunanıstan və Fransanın NATO-ya üzvlüyünə “yaşıl işıq” yandırılması Türkiyəyə qarşı nəinki normal münasibətlərə gətirib çıxartmadı, əksinə, düşmənçilik meylləri artdı. Deməli, söhbət Türkiyənin vetosundan getmir, Qərb “mənim adım Mədətdi, bu iş məndə adətdi”-yanaşması sərgiləyir Türkiyəyə qarşı. Bunu heç olmasa, özümüzünkülər anlasaydı. Azərbaycanın haqq davasında Azərbaycanın yanında olan qardaş dövlətdən, onun liderindən söhbət gedir. Azərbaycan Prezidentinin mövqeyini unutmadıq: “Burada Türkiyə yoxdursa da, mən varam!” Bu gün Türkiyəyə qarşı olanlar həm də Azərbaycana qarşıdır, çünki qıcıq həm də sinirə bilmədikləri Qarabağ zəfərindən qaynaqlanır. Görmədikmi, Qarabağ savaşında “atil dron” adlandırdıqları “Bayraqdar”a Ukrayna müharibəsində “xilaskar” dedilər?

Qafqaza müxtəlif bəhanələrlə soxula bilməyənlər Türkiyənin Qarabağda Zəfər yolu çəkməsindən, Şuşa Bəyannaməsindən, Zəngəzur dəhlizinin açılması ilə əsrin həsrətinin bitməsindən əndişə keçirir. Türkiyə ilə bir yerdə olmağa məhkumuq, həmçinin Türkiyəni müdafiə etməyə də. Gücümüzə güc qatmalıyıq, yoxsa bu mövzularda hansısa çatlaq səslər ürək qırar, qəlb incidər, düşməni sevindirər.

Tanrı Türkiyə və Azərbaycanı qorusun!

Elşad Paşasoy,
Musavat.com
237160_3mukv90bk9.jpg (28 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR