İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavanşir Paşazadə: “Cənub bölgəsində yaşayan talışlar xainlərin məram-məqsədlərini yaxşı başa düşür”

2612 24.05.2019 08:20 Ölkə A A

Hadı Rəcəbli: “Separatçıların Ermənistanla əməkdaşlığı və ermənilərlə birgə hərəkət etməsi talış camaatında qəzəb və ikrah doğurur”; Arzu Nağıyev: “Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır”

Xarici ölkələrə sığınan bəzi xəyanətkarlar Azərbaycanın cənub bölgəsində yaşayan qəhrəman talış millətinin adından sui-istifadə edib, öz məkrli niyyətlərini həyata keçirməyə cəhdlər edirlər. Ən bağışlanmaz hal odur ki, belə xainlər hətta işğalçı Ermənistanla da əlaqələr quraraq talışların guya “azad” edilməsi uğrunda mübarizə apardıqlarını iddia edirlər.

Qəzetimizin ötən sayında belə vətən xainləri barədə geniş yazı dərc olunmuşdu. 1993-cü ildə ölkədə yaranmış hakimiyyət böhranından istifadə edən qüvvələrin, xarici kəşfiyyat orqanlarının əlində oyuncağa çevrilmiş Ələkrəm Hümmətov və digərləri Azərbaycan dövlətinin onlarla humanizm prinsipləri çərçivəsində davranmasından dərs almayıb, əvəzində xəyanətkar addımlarını davam etdirirlər. Bu yaxınlarda separatçı fəaliyyətinə görə Rusiyada həbs olunaraq Azərbaycana təhvil verilən Fəxrəddin Abbaszadə ilə bağlı baş verənlərdən də dərs çıxarılmayıb. Bəs indiki situasiyada Avropada, Rusiyada, həmçinin Ermənistanda yaşayan məkrli qüvvələr Azərbaycanın cənub bölgəsində separatizmi körükləyə bilərmi?

Bununla  bağlı öncə cənub bölgəsinin deputatlarına müraciət etdik. 

“Mən bu haqda bir neçə dəfə danışmışam. Özlərini talış bölgəsindən sayan və bu bölgəni özlərinə dayaq bilən, oradakı insanların pis vəziyyətdə yaşamasını çox arzu edən bir qrup şəxs həm Ermənistanda, həm də digər ölkələrdə dövlətimizin, prezidentimizin əleyhinə fəaliyyət göstərirlər. Onlar daim Azərbaycan prezidentinin uğurlu iqtisadi və siyasi fəaliyyətinə kölgə salmaq istəyirlər, belə hallar mütəmadi olaraq baş verir”.

Cavanşir Paşazadə ile ilgili görsel sonucu

75 saylı Lənkəran - Masallı seçki dairəsindən deputat seçilmiş Cavanşir Paşazadə bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. O qeyd etdi ki, Ələkrəm Hümmətov, Fəxrəddin Abbaszadə (Aboszadə) kimi Azərbaycana, həmçinin talış millətindən olan insanlarımıza zərər vurmaqdan başqa heç bir işi ilə yadda qalmayan bu şəxslərin heç biri əslində talış deyillər: “Onlar o bölgəyə gəlmə insanlardır. Həmin insanlar daxili kin-küdurətlərini bu günə qədər göstərməkdədirlər”. C.Paşazadə əminliklə bildirdi ki, 1990-cı illərdə törədilən təxribatlar heç vaxt təkrar oluna bilməz: “Bu, mümkün deyil. Həmin şəraiti bir daha yaratmaq istəyənlər heç nəyə nail ola bilməyəcəklər. Çünki cənub bölgəsində yaşayan talışlar onların məram-məqsədlərini yaxşı başa düşür və onları qəbul etmirlər”.

Deputat hesab edir ki, separatçılıq fəaliyyəti ilə məşğul olanların sığındığı ölkələrə müraciət edib onların cəzalandırılmasına nail olmaq lazımdır: “Təbii ki, Ermənistanın münasibəti bəllidir. Ancaq digər dövlətlər ki, var, onların Azərbaycanla normal münasibətləri mövcuddur. Sadəcə, həmin ölkələrin də daxilində müxalifət var və onlar Azərbaycana qarşı müxalif olan şəxslərlə əlaqəyə girib belə kampaniyalar aparırlar. Təbii ki, bunlar boş-boş şeylərdir. Yəni yuxarıda adını çəkdiyimiz üzüqara dövlətdən başqa, heç bir ölkə Azərbaycana qarşı belə xain planlarda yer almayıb. Ancaq həmin ölkələrdəki müxalif qüvvələr Azərbaycana qarşı fəaliyyət göstərənlərlə birləşib nə isə törətmək istəyirlər. Lakin onların səyləri uğursuzluqla nəticələnəcək”.

Hadı Rəcəbli ile ilgili görsel sonucu

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də separatçılara qarşı amansız olmağın tərəfdarıdır: “Separatçı qüvvələr cənub bölgəsinin əhalisindən öz məqsədləri üçün istifadə edə bilməzlər. Çünki bu gün vətəndaşlarımız dövlət başçısının ətrafında sıx birləşiblər. Orada demək olar ki. O ruh, o tendensiya yoxdur. Vaxtilə məqsədlərinə çatmaq istədilər, mümkün olmadı”.

H.Rəcəbli qeyd etdi ki, separatçıların Ermənistanla əməkdaşlığı və ermənilərlə birgə hərəkət etməsi talış camaatında qəzəb və ikrah doğurur: “O insanlara ikrahla yanaşırlar ki, bunlar gedib bizim düşmənlərimizlə ”bacı-qardaş" olublar. İkincisi, Azərbaycanın cənub bölgəsində İslam dininə tapınmış, Allahdan qorxan, qanunlara hörmət edən insanlar yaşayır. Bu bölgənin camaatı cənab prezident İlham Əliyevə, əvvəllər də Heydər Əliyev cənablarına daim dəstək verib. Ancaq bu bölgənin əhalisində separatçılıq, bölücülük elementləri demək olar ki, yoxdur".

Komitə sədri qeyd etdi ki, Ə.Hümmətovdan vaxtilə xarici qüvvələr, xüsusilə də şimal qonşumuzdakı ayrı-ayrı dairələr istifadə edirdi: “Amma nə qədər çalışsalar da, onların planı baş tutmadı. Çünki camaat buna getmədi. Talışlar da Azərbaycanın digər əhalisi kimi, Qarabağ torpaqları uğrunda çoxsaylı şəhidlər verib, bu gün də ərazilərimizi erməni işğalından azad etməyə hazırdırlar. Bu bölgədə vətənpərvərlik hissi kifayət qədər güclüdür. Talışlar heç vaxt özlərini Azərbaycandan ayrı hesab etmirlər”.  H.Rəcəbli hesab edir ki, Azərbaycana qarşı cəbhə açmağa cəhd edən hər kəs cəzalandırılmalıdır: “Təkcə onlar yox, axı niyə biz orduxanları bura gətirməyək?! Bütün xaricdən Azərbaycan dövlətinə və hakimiyyətinə çamur atanlarla bağlı məsələ qaldırılmalı və onların cəzalandırılmasına nail olmalıyıq. Təbii ki, onlar qüvvə deyillər, fərdlərdən ibarətdirlər, məqsədlərinə nail olmayacaqlar. Ancaq istənilən halda, belələrinin hüquqi yolla cəzalandırılması lazımdır. Eyni zamanda kütlə arasında təbliğat işi aparılmalı, məsələlərə aydınlıq gətirilməlidir”.

Fərəc Quliyev ile ilgili görsel sonucu

Separatçı qüvvələrə qarşı sərt mövqe sərgilməyi zəruri sayan, bununla bağlı parlamentdə çıxışlar edən deputat Fərəc Quliyev isə qəzetimizə əvvəlcə dedi ki, Qarabağda baş verənləri separatizm kimi qiymətləndirməyin əleyhinədir: “Bu, Ermənistanın Azərbaycana qarşı müharibəsidir və orada baş verən hadisələri yerli etnik ermənilər törədə bilməzdi. Bu, etnik qarşıdurma olardısa, ermənilər Naxçıvanın Kərki kəndini, yaxud Qazağın 7 kəndini işğal edə bilməzdilər. Bu, separatizm olsaydı, Dağlıq Qarabağdakı azsaylı ermənilər özlərindən qat-qat artıq olan azərbaycanlılara qarşı bu hərəkətləri edə bilməzdilər. Ona görə də bu, separatizm deyil, Azərbaycan-Ermənistan müharibəsidir. Amma Azərbaycanın başqa rayonlarında bizim etnik rəngarəngliyimizdən istifadə edib təbii ki, təxribatlar törətməyə çalışırdılar. Bunun cavabını da bəzən elə həmin etnosların özlərinin yaratdığı qurumlar veriblər. Məsələn, 1992-ci ildə ”Sadval" təşkilatı fəallaşanda “Samur” təşkilatının yaranmasına dəstək vermişəm. O zaman Hidayət Orucov və Arif Rəhimov mənim xahişimlə o bölgəyə gedib müəyyən qədər iş gördülər və qısa zamanda general Qəhrəmanov ordan qaçmağa məcbur oldu. Yəni orada yaradılmış “Sadval” təşkilatına ən güclü müqaviməti ləzgilərin özləri göstərdi. Azərbaycan rəngarəng mədəniyyətə və etnosa malik bir ölkədir, burada etnik ayrı-seçkilik yoxdur. Azərbaycanda hər kəsi vətənçilik birləşdirir, bizim şəhidlər arasında talışlar, ləzgilər, ruslar, yəhudilər də var. Biz irqçi milliyyətçilik deyil, dövlət milliyyətçiliyinə əsaslanırıq. Təbii ki, hər kəs öz etnosuna, millətinə hörmətlə, sayğı ilə yanaşmalıdır. Biz türklər çoxluq təşkil edən millət olaraq həmişə bu millətlərə sahib çıxmışıq. Azərbaycan nə vaxt zədə alıbsa, kənardan basqılara məruz qalıbsa, əraziləri işğal olunubsa, Azərbaycan türklərindən daha çox, Azərbaycan ləzgiləri, Azərbaycan talışları əziyyət çəkiblər. Ona görə də  anlayırlar ki, onların xilası Azərbaycanın bütövlüyündədir. Hesab edirəm ki, tək-tük separatçı rejimlər yaratmaq istəyən fərdlər kənarda, Azərbaycana düşmən olan dövlətlərdə institutlaşmış bir siyasətin “maşa”larıdır  və onların Azərbaycana təsir etmək imkanları yoxdur. Amma hər halda, sayıq olmaq və o bölgələrdə izahat işlərini aparmaq lazımdır".

F.Quliyev hesab edir ki, Azərbaycana qarşı bu cür təxribatlar törətmək istəyən, bölücülük fəaliyyəti göstərənlərin hamısı ölkəmizin xüsusi xidmət orqanları tərəfindən dərhal zərərsizləşdirilməlidir: “Mən hesab edirəm ki, bunlara ən ağır cəzalar kəsilməsə, ayaqları yer alar və düşünərlər ki, belə hadisələri törətmək mümkündür. Hamımız metro hadisəsini xatırlayırıq”. Deputat hesab edir ki, separatçılıq fəaliyyətini davam etdirənlərin yaşadığı Avropa ölkələri və qonşu Rusiya ilə danışmaq lazımdır: “Mən dəfələrlə parlamentdə də məsələ qaldırmışam ki, müraciət etmək lazımdır, oradakı səfirlərin işi bundan ibarətdir. Bizim müvafiq qurumlar həmin ölkələrin uyğun xidmətləri ilə əlaqəyə girməli, onları mütləq ölkəyə qaytarmalı, həmin şəxslər cəzalarını çəkməlidirlər. Harada olmalarından asılı olmayaraq, belə məsələlərdə güzəşt olmaz! Həmin ölkələrlə başqa müstəvilərdə aparılan əməkdaşlıq zamanı da mütləq siyasi ritorika ortalıqda olmalıdır. Açıq deyilməlidir ki, belə adamlara dəstək verərsinizsə, bizim münasibətlərimizə təzədən baxılmalıdır”.

Arzu Nağıyev ile ilgili görsel sonucu

Sabiq milli təhlükəsizlik zabiti Arzu Nağıyev isə qəzetimizə açıqlamasında dedi ki, Ermənistan xüsusi xidmət orqanları tam şəkildə separatizm kanalında öz fəaliyyətlərini davam etdirirlər: “Buna təbii ki, onların havadarları olan dövlətlərin də dəstəyi var və birbaşa onların diktəsi ilə hərəkət edirlər. Fəxrəddin Abbaszadənin həbsi və ekstradisiyasından sonra bu məsələ sakitləşib. Çünki separatizmi təbliğ edən şəxslər artıq özləri üçün bir nəticə çıxarıblar. Heç vaxt onlar gözləmirdi ki, Rusiya onu təhvil versin. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu istiqamət daim əməliyyat nəzarətində saxlanılır və bu gün elə bir ciddi təhdid sayıla bilməz”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR