Azərbaycan Maliyyə Nazirliyi 2026-cı ilin birinci yarısında dövlətin əsas xəzinəsinin – büdcənin gəlir-xərclərinə dair ilkin məlumatı açıqlayıb.
Musavat.com-un xəbər verdiyi kimi, həmin məlumatda yanvar-iyun aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunduğu qeyd edilib.
Bildirilib ki, birinci yarımildə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 624 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Nazirliyin məlumatına görə, cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat təşkil edib ki, bu da proqnozu 350,5 milyon manat və ya 1,9 faiz üstələyib. İlk yarımildə dövlət büdcəsinin xərcləri 17 milyard 230,6 milyon manat proqnoza qarşı 16 milyard 775,5 milyon manat məbləğində icra edilib ki, bu da 97.4 faiz təşkil edir.
Beləliklə, ilin birinci yarısında dövlət büdcəsinin xərcləri gəlirlərindən 2 milyard 403,9 milyon manat az olub.
2026-cı ilin yanvar-iyun ayları ərzində icmal büdcənin gəlirləri 24 milyard 414,1 milyon manat, xərcləri isə 19 milyard 824,4 milyon manat məbləğində icra edilib.
Rəsmi rəqəmlərdən aydın olur ki, bu ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri cari il üçün proqnozdan artıq olsa da, ötən ilin eyni dövründəki göstəricidən 624,5 milyon manat, yaxud 3,2 faiz azdır.
Büdcə xərcləmələri də ötən illə müqayisədə azalıb. Bu göstərici ötən ilin eyni dövründə 17 milyard 95,6 milyon təşkil manat təşkil etməklə cari ildəkindən 320,1 milyon manat yüksək olub.

Qeyd edək ki, hələlik Azərbaycan iqtisadiyyatının yarımillik inkişafına dair digər göstəricilər açıqlanmayıb. Lakin 5 aylıq dinamika sıfıra bərabər olmuşdu və hökumət rəsmiləri problemin tikinti sahəsindən qaynaqlandığını, bu sahənin isə büdcədən maliyyələşdirilən böyük layihələr üzrə vəsait ayrılması başlanmadığına görə gerilədiyini açıqlamışdılar. Aylar üzrə büdcə xərclərinin artım dinamikasına nəzərə yetirsək, may ayındakı 2,5 milyard manata qarşı bu göstərici iyun ayında 3,4 milyard manata yüksəlib. Belə artım büdcədən iri tikinti layihələrinə vəsait ayrılmasına başlandığının göstəricisi ola bilər. Hansı ki, həmin layihələr çərçivəsində görülən işlər, göstərilən xidmətlər ölkədə ümumi iqtisadi artım göstəricisinin sıfırdan irəli keçməsinə şərait yaradacaq əsas amil hesab olunur.
Maraqlıdır ki, Maliyyə Nazirliyi əvvəlki aylardan fərqli olaraq altı aylıq büdcə göstəricilərində dövlət büdcəsinin gəlirlərinin mənbələr üzrə bölgüsünü hələlik verməyib. Lakin İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin 6 aylıq hesabatından aydın olur ki, cari ilin yanvar-iyun ayları ərzində bu qurumun xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur. Xidmət bildirir ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 139 milyon manat və ya 1,6 faiz çox olub.
Birinci yarımildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 milyard 67,4 milyon manat təşkil edib. Bu da cair il üçün proqnozdan 199,4 milyon manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 645,8 milyon manat və ya 10,1 faiz çoxdur.
Beləliklə, aydın olur ki, 2026-cı ilin birinci yarısında neft-qaz sektorundan büdcəyə vergi daxilolmaları 1 milyard 775,3 milyon manata bərabər olub. Ötən ilin eyni dövründə bu göstərici 2 milyard 286,1 milyon manat təşkil etmişdi. Bu isə neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalarda illik ifadədə 510,8 milyon manat, yaxud 22,3 faiz azalma deməkdir. Bu azalmanın kökündə iki amil dayanır: birincisi, Azərbaycanın neft hasilatı və ixracının kəskin azalmasıdır. Gömrük statistikasına əsasən bu ilin yanvar-may aylarında Azərbaycan 8 milyon 828 min 552,37 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azdır.
Bu ixracdan ölkə 5 milyard 121 milyon 378,16 min ABŞ dolları gəlir əldə edib. Bu isə o deməkdir ki, neft ixracından əldə olunan gəlirlər ötən ilin 5 ayına nəzərən 9,24 faiz azalıb.
ABŞ-İran müharibəsinin təsiri ilə neft qiymətlərindəki artıma baxmayaraq, bu, ixrac həcmlərindəki azalmanın yaratdığı gəlir itkisini tam kompensasiya etmir.
Büdcənin neft-qaz sektorundan vergi gəlirlərinin azalmasının digər səbəbi “Şahdəniz” qaz-kondensat yatağından mənfəət vergisinin ödənilmə mexanizminin dəyişməsidir. Belə ki, cari ilədək layihədə iştirak edən şirkətlərin mənfəət vergisi dövlətə çatacaq paydan əldə olunan gəlirlər hesabına büdcəyə ödənilirdi. Nəticədə, Dövlət Neft Fonduna yataqdan çatan gəlir büdcəyə ödənilən vergidən qat-qat az olurdu. Lakin bu ilin birinci rübünə dair Fond və dövlət büdcələrinə dair məlumatlardan aydın olur ki, “Şahdəniz”dən büdcəyə mənfəət vergisi ödənişləri azalıb, Neft Fonduna çatan gəlirlər isə iki dəfəyə yaxın artıb.

ABŞ-la İran arasında münasibətlərin yenidən gərginləşməsi fonunda dünya bazarında neft qiymətləri yenidən yüksəlməyə başlayıb. Bu isə Azərbaycanın dövlət büdcəsinə neft layihələrindən daxilolmaların ixrac həcmlərinin azalmasından daha az təsirlənməsinə imkan verəcək.
Azərbaycan hökuməti cari ilin büdcəsi üçün 3,1 milyard manat kəsir proqnozlaşdırıb. İlin birinci yarısında gəlirlərin proqnozdan 1,9 faiz də olsa çox olması, xərclərin isə 2,6 faiz az icra olunması büdcə defisitindən qaçmağa imkan verib. Lakin ilin birinci yarısında icrası dondurulan iri tikinti layihələrinin icrasına başlanması halında xərclərin sürətlə artması qeydə alınacaq ki, bu da defisitin yaranmasına gətirib çıxaracaq. Hökumət defisitin əsasən daxili və xarici borclanma hesabına bağlanmasını nəzərdə tutur. İlin birinci yarısında daxili borclanma istiqamətində addımlar atılıb – Maliyyə Nazirliyi çoxsaylı istiqrazlar yerləşdirib. Bu addımların ikinci yarımildə daha da artması gözləniləndir. Xarici borclanma ilə bağlı da aktiv fəaliyyətlər icra olunur.
Həm dövlət büdcəsi, həm də ümumilikdə iqtisadiyyat üçün əsas çağırış büdcənin əsaslı xərclərinin icrasına başlanması müddətinin daha uzağa çəkilməsi ola bilər. Bu, iqtisadi durğunluğun tənəzzülə keçməsi, son nəticədə büdcənin Neft Fondundan sonra ikinci əsas gəlir mənbəyində – vergitoplamada ciddi problemlərə gətirib çıxara bilər.
Dünya SAKİT,
Musavat.com






