İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Zelenskiyə Azərbaycan mesajı: "Bakı bacardı, siz də bacararsınız"

712 09.07.2026 00:54 Dünya A A

ABŞ prezidenti Donald Trampın NATO sammitində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü zamanı səsləndirdiyi fikirlər beynəlxalq gündəmdə diqqət çəkib. Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı nikbin mövqe sərgiləyərkən gözlənilmədən Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini nümunə göstərib.

Tramp bildirib ki, Moskva ilə Kiyev arasında da razılığın əldə olunacağına inanır və bunun mümkün olduğunu hesab edir. ABŞ lideri vurğulayıb ki, əvvəllər də uzun illər davam edən münaqişələrin həllinə nail olunub.

Bu kontekstdə o, Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni misal çəkərək, həmin prosesdə əldə olunan nəticələrə istinad edib. Trampın Cənubi Qafqazdakı prosesi Rusiya-Ukrayna müharibəsi ilə müqayisə etməsi və Bakı ilə İrəvan arasındakı münasibətləri nümunə göstərməsi xüsusi maraq doğurub.

Jurnalistlərin Rusiya və Ukrayna arasında sülh sazişinin imzalanması üçün konkret vaxt çərçivəsinin olub-olmadığı barədə sualını cavablandıran Tramp belə bir son tarix müəyyən etmədiyini deyib.
"Xeyr, mənim heç bir son tarixim yoxdur. Burada son tarixlər təyin edə bilməzsiniz. Çox şey təhlükə altındadır", – deyə ABŞ prezidenti bildirib.

Tramp eyni zamanda Ukraynaya səfər etməyə hazır olduğunu da açıqlayıb. O, bunun mümkün olduğunu desə də, həmin vaxta qədər müharibənin başa çatmasını arzuladığını qeyd edib.

ABŞ prezidentinin Azərbaycan-Ermənistan münasibətlərini nümunə göstərməsi hansı siyasi mesajları ehtiva edir? Vaşinqton Cənubi Qafqazdakı təcrübəni Ukrayna böhranının həllində model kimi təqdim etməyə çalışır? Trampın bu açıqlaması ABŞ-ın region siyasətində yeni yanaşmanın göstəricisidir?

Mövzu ilə bağlı fikirlərini Musavat.com-la bölüşən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Donald Trampın Azərbaycan-Ermənistan münasibətlərini Rusiya-Ukrayna müharibəsi fonunda nümunə kimi göstərməsi təsadüfi deyil və bir neçə mühüm geosiyasi mesaj ehtiva edir.

Deputatın sözlərinə görə, ilk növbədə bu açıqlama Azərbaycanın yaratdığı yeni regional reallığın artıq qlobal siyasi dairələrdə qəbul edilməsinin göstəricisidir: “Əgər bir müddət əvvəl Cənubi Qafqaz beynəlxalq platformalarda daha çox münaqişə və təhlükəsizlik riski kimi təqdim olunurdusa, bu gün region artıq sülh modeli və diplomatik transformasiya nümunəsi kimi qiymətləndirilir. Bu isə Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir. Trampın bu müqayisəsi göstərir ki, uzun illər həlli mümkünsüz hesab olunan münaqişələrin belə siyasi iradə və yeni reallıqlar fonunda həlli mümkündür. Burada Azərbaycanın 2020-ci ildən sonra formalaşdırdığı yeni təhlükəsizlik arxitekturasına verilən siyasi qiyməti də görmək olar. Digər mühüm məqam ondan ibarətdir ki, ABŞ Prezidenti sülhün mümkünlüyünü izah edərkən məhz Azərbaycan-Ermənistan prosesini nümunə göstərdi. Bu, Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi konstruktiv yanaşmanın beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir.

Əlbəttə, Rusiya-Ukrayna müharibəsi ilə Azərbaycan-Ermənistan münaqişəsinin mahiyyəti tamamilə fərqlidir. Lakin Trampın vermək istədiyi əsas mesaj odur ki, onillərlə davam edən ən mürəkkəb münaqişələr belə siyasi iradə olduğu halda həll yoluna çıxa bilər. Bu açıqlama eyni zamanda ABŞ-ın Cənubi Qafqaza yanaşmasında yeni mərhələnin formalaşdığını göstərir. Vaşinqton regionu artıq təkcə geosiyasi rəqabət məkanı kimi deyil, həm də Avropa ilə Asiyanı birləşdirən strateji nəqliyyat, enerji və təhlükəsizlik platforması kimi qiymətləndirir. Azərbaycan isə bu prosesdə əsas sabitləşdirici aktorlardan biri kimi çıxış edir. Donald Trampın Azərbaycanı nümunə göstərməsi ölkəmizin beynəlxalq nüfuzunun, diplomatik çəkisinin və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin növbəti təzahürüdür. Bu gün Azərbaycanın adı artıq qlobal siyasi müzakirələrdə təkcə münaqişə ilə deyil, sülhün qurulması və regional sabitliyin təmin olunması ilə də assosiasiya edilir".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR