İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, vasitəçinin deyil, düşmənin mövqeyidir” - Oqtay Qasımovun yazısı

1286 16.05.2021 10:30 Yazarlar A A

Mayın 12-də Azərbaycan Ordusunun dövlət sərhədlərinin demarkasiyası ilə bağlı dekabrdan başlanan, amma sərt qış mövsümü və mürəkkəb coğrafi relyeflə görə müvəqqəti fasilə verilən prosesi yenidən başlatma cəhdi Ermənistanda ciddi narahatlıq yaradıb.

Hazırda seçki mərhələsinə girən Ermənistanda Azərbaycanla sərhəddə demarkasiya prosesinə dekabrda normal yanaşan Paşinyan hakimiyyəti daxil bütün qüvvələr, hay-küyçü münasibət bildirmək yarışına girib.

Bu qüvvələr yaranmış durumdan istifadə edərək qarşıdakı seçkilərdən “qazanclı” çıxmaq istəyir. Əslində erməni siyasətçilər real mənzərəni və Azərbaycan tərəfinin demarkasiya üçün dəqiq xəritələr, sənədlər təqdim etdiyini, prosesi beynəlxalq standartlara uyğun olaraq GPS sistemi ilə aparılacağını bilir. Onlar həmçinin yaxşı bilir ki, həmin xəritələr Azərbaycanla bərabər Rusiya Baş Qərargahında və Ermənistanın özündə də var. Amma qarşıdakı seçkilər və faşist revanşist təfəkkür həqiqəti etiraf etməyə mane olur. 44 günlük savaşda darmadağın olub ordusunun əhəmiyyətli hissəsini itirən Ermənistan hazırkı durumdan istifadə edib, təbliğat və informasiya müstəvisində bu itkilərin miqyasını azaltmağa, qazanc əldə etməyə çalışır.

Təəssüf ki, haqlı addımlarımız düzgün diplomatik və informasiya dəstəyi ilə təmin edilmədiyindən, Ermənistan beynəlxalq səviyyədə hay-küy qaldıra bilib. Nəticədə həm regional, həm də beynəlxalq təşkilatlar Azərbaycan Ermənistan sərhədindəki durumla bağlı münasibət bildirib.
Bunların sırasında beynəlxalq qurumlarla bərabər, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin münasibətləri də diqqəti çəkdi.

Mayın 12-15 tarixlərindəki açıqlamalarda Qarabağ probleminin “yaradıcısı olan” Rusiya, digər həmsədr ölkələr Fransa və ABŞ-dan daha təmkinli mövqe sərgilədi. 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına konkret münasibət bildirməyən Fransa və Amerikanın (1993-cü ildəki bəzi istisnalar xaric) ültumativ bəyanatları bəlkə də ermənilərin özü üçün də gözlənilməz oldu. Çünki Ermənistandan səslənən bəyanatlar belə, ABŞ və Fransanın bəyanatlarından daha təmkinlidi.

Belə ki, mayın 14-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Calina Porter savaşdan sonra dövlət sərhədlərini dəqiqləşdirməyə çalışan “Azərbaycanın hərəkətlərini təxribat” adlandırdı. O, bildirdi ki, Vaşinqton Azərbaycan -Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir və qoşunların bu bölgədəki istənilən yerdəyişməsini məsuliyyətsizlik hesab edir”.

O, Azərbaycanı qoşunlarını Ermənistan sərhədlərindən geri çəkməyə çağırıb: “Vaşinqton Azərbaycanın öz qoşunlarını Ermənistan sərhədlərindən dərhal çəkməsini və təxribatlardan imtina etməsini gözləyir”. Maraqlıdır, bir gün öncə ABŞ hökumətinin verdiyi normal münasibət, bir sutka keçməmiş-həm də problemlə bağlı üçtərəfli danışıqlar getdiyi halda- nə baş verdi ki, dəyişdi? Yoxsa, Azərbaycan və Ermənistan sərhədlərini ABŞ müəyyən edib və indi Azərbaycanın onu pozduğunumu təsdiq edir? Danışıqların sovet xəritələri və Sovet Ittifaqının varisi olan Rusiyanın iştirakı ilə aparıldığı halda, bu diletant və təxribatçı yanaşmanın məqsədi nədir?

ABŞ bu cür sərt bəyanatı hətta 1992-93-cü illərdə Azərbaycanın yeddi rayonu işğal edilən zaman verməmişdi. Ermənilərlə iç-içə olan hazırkı ABŞ administrasiyasının bu mövqeyi gələcəkdə qarşılaşa biləcəyimiz problemlərin ilkin addımları sayıla bilər. 10 noyabr anlaşmasını həzm edə bilməyən ABŞ oyundankənar qalmamaq üçün “Qarabağın statusu”, “Qarabağa birbaşa yardım” və s. kimi bəyanatlarla prosesə daxil olmaq istəyir. Xüsusilə öz kitabının bir fəslini erməni terrorçuya həsr edən ABŞ-ın BMT-dəki keçmiş səfiri, hazırda USİAD-ın rəhbəri olan Samanta Pauerin Qarabağa birbaşa yardım edilməsi barədə təşəbbüsü və bu fikri dəstəkləyən ABŞ-ın Ermənistandakı səfirinin fikirlərinə rəsmi münasibət bildirilməlidir. ABŞ-ın ölkəmizdəki səfirinə bu kimi hərəkətlərin qəbuledilməz olduğu və Azərbaycanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirildiyi deyilməlidir.

1988-ci il Ermənistandakı zəlzələ zamanı humanitar yardım adı altında təyyarələrlə silah və sursat göndərən Fransanın erməni işğalına dəstəyi, son savaş və ondan sonrakı zaman ərzində Azərbaycana qarşı düşmən mövqeyi artıq səbir kasasını daşırdı. İşğal dönəmində Qarabağdakı müdafiə və mühəndis istehkam qurğuların tikilməsində iştirak edən Fransa, 44 günlük savaş zamanı dəlil-sübut təqdim etmədən Makronun ağzı ilə Azərbaycanı “Suriya və Liviyadan cihadçı-terrorçularla iş birliyində” ittiham edəcək qədər aşağılandı. 10 noyabrdan sonra Fransa parlamenti və Senatı qondarma rejimi tanımaqla beynəlxalq hüququ heçə saydı. Fransa hökuməti bu qərarın bağlayıcı olmadığını bildirib ortadan çıxmağa çalışsa da, çox keçmədən əsl xisləti yenə ortaya çıxdı.

Bakıda “Hərbi Qənimətlər Parkı”nın açılmasına etiraz edilməsi və nəhayət, son günlər Qaragöl ətrafında dövlət sərhədinin demarkasiyasına verilən reaksiya Fransanın simasını bir daha göstərdi: Ermənistanın hay- küyünə dəstək olaraq prezident Makron ermənicə paylaşım edərək “erməniləri dəstəklədiklərini və dəstəkləyəcəklərini” bəyan etdi. Bununla qane olmayıb Paşinyanla telefon danışığında “məsələnin BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınması” məsələsinə baxacaqlarını və “ehtiyac olarsa, Fransanın məsələnin həlli üçün BMT mandatı əsasında hərbi müdaxilə edə biləcəyini” söyləyib.

Bu artıq bir vasitəçinin deyil, düşmənin mövqeyidir. Düşmənlə isə onun addımlarına görə davranılmalıdır. Fransa bu günə qədər Azərbaycana qarşı edə biləcəyi pisliklərin əksəriyyətini edib. Ona görə Fransa ilə münasibətlərə yenidən baxılması labüddür. Bu istiqamətdə atılacaq addımlar aşağıdakılar ola bilər:

1.Həmsədr olaraq prosesdə əvvəldən bitərəfliyini itirdiyini, son bir ildə açıq düşmən mövqeyinə keçdiyini və frankomaniya dövlətlərini də bu siyasətə cəlb etdiyini əsas götürüb Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşmasını tələb etmək.

2.Cənubi Qafqaz ölkələri arasında Fransa ilə ən böyük ticarət dövriyyəsi olan ölkə kimi bu əlaqələri minimuma endirmək. Nəzərə alınmalıdır ki, mənfi ticarət saldosuna malik olduğumuzdan biz zərərli çıxmayacağıq. Fransa şərabı, konyakı, avtomobilləri, parfumeriyası və s. mallar boykot edilməli, idxalı məhdudlaşdırlmalıdır.

3.”TOTAL” şirkəti başda olmaqla neft və qeyri neft sektorunda Fransa şirkətlərinə tanınan imtiyazlar və dəyəri milyardlarla dollar həcmində olan bağlanmış 50-dən artıq müqaviləyə yenidən baxılıb, ləğv edilməli, bu imkanlar dost ölkələrin şirkətlərinə tanınmalıdır.

Fransa və Amerikanın timsalında həmsədr ölkələrin Azərbaycana münasibəti bir daha onu göstərdi ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə bundan sonra ehtiyac qalmayıb. Bu qurum 28 il müddətində problem dondurmaqla erməni işğalını legitimləşdirməyə çalışdı. Bu günlərdə isə Fransa və ABŞ-ın timsalında özünü ifşa etdi.

Oqtay Qasımov, Elçibəy İnstitutunun rəhbəri

rgrg.jpg (20 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR