Şuşaya ikinci gedişimdə şəhərə tamam başqa gözlə baxdım. İlk səfərdə insanı daha çox azadlığın sevinci, qələbənin qüruru, görülən nəhəng quruculuq işləri heyrətləndirir. İkinci səfərdə isə gözün şəhərin görünməyən tərəflərinə ilişir. O tərəflərə ki, zaman orada sanki 1992-ci ilin mayında dayanıb.
Azərbaycanın dilbər guşəsi olan Şuşa yenidən qurulur. Küçələr salınır, yeni yaşayış binaları ucaldılır, hotellər tikilir, məscidlər bərpa olunur. Şəhərin mərkəzində gəzərkən müasir, səliqəli, nəfəs alan bir şəhərin siluetini görürsən. Burada həyat yenidən başlayıb.
Amma bir az dərinə gedəndə mənzərə dəyişir.
Dağıdılmış divarlar, yanmış daşlar, damı çökmüş evlər, qapısı olmayan həyətlər... Elə bil kimsə şəhərin bir hissəsini bilərəkdən zamanın içində saxlayıb ki, tarix heç vaxt unudulmasın.
Hər daş danışır. Hər viranə evin pəncərəsindən görünməyən bir ailənin taleyi boylanır.
Bu evlərə baxdıqca istər-istəməz düşünürəm: İlahi, nə gözəl memarlıq nümunələri imiş. Bu küçələrdə necə zövqlə tikilmiş evlər varmış. Ağ daşdan hörülmüş divarlar, oyma eyvanlar, daş hasarlar... Bunlar sadəcə tikili deyildi. Bir xalqın zövqü, mədəniyyəti, yaddaşı idi.

Və sonra eyni sual yenidən beynimdə səslənir: Bu şəhəri yandırmağa insanın əli necə gəlib?
Şuşadan olan keçmiş məcburi köçkünlərlə illər əvvəl etdiyim söhbətlər yadıma düşür. İşğal dövründə onlardan dəfələrlə müsahibə almışdım. Hər dəfə söhbətin sonunda eyni cümləni deyirdilər: "Biz çıxanda ermənilər Şuşanı yandırdılar...".
O vaxt bu sözləri eşidirdim. Bu gün isə həmin sözlərin izini öz gözlərimlə görürəm.
Uçmuş divarlarda...
Qaralmış daşlarda...
Yerində olmayan damlarda...
İnsan anlayır ki, bəzən tarix kitabları hər şeyi yazmır. Bəzən bir daş, bir uçuq divar yüzlərlə sənəddən daha çox həqiqət danışır. Şuşa bu gün həmin yanğının külünü təmizləyir.
Küçələrə yenidən səs qayıdır. Tikinti texnikasının səsi, ustaların alətlərinin zərbələri... Bunlar dirçəlişin səsidir.

Ancaq keçmiş də tam getməyib. Şuşanın meşəliklərinə, şəhərin dərinliklərinə doğru irəlilədikcə müharibənin izləri yenə qarşına çıxır. Uçurulmuş evlər, talan edilmiş tikililər, yarıya qədər qalmış hasarlar... Elə bil şəhər eyni anda iki dövrü yaşayır: biri gələcəyə gedir, digəri isə keçmişi unutmağa imkan vermir.
İnsan burada bir həqiqəti daha dərindən anlayır. İşğal təkcə torpağın zəbt olunması deyilmiş. İşğal bir xalqın yaddaşına, memarlığına, mədəniyyətinə, ruhuna vurulan zərbə imiş.

Şuşada gəzdikcə cavab tapa bilmədiyim bir sual məni rahat buraxmır: Bir xalq başqa bir xalqın bu qədər gözəl şəhərinə necə qıya bilər? Bu evlər onlara nə etmişdi? Bu məscidlərdən nə istəyirdilər? Bu bulaqlar, bu küçələr, bu daş divarlar kimə düşmən idi?
Şuşada bərpa olunan bina, hər yenilənən küçə, hər ucalan divar bir həqiqəti dünyaya yenidən xatırladır:
Şuşanı yandırmaq mümkün olub.Amma Şuşanın ruhunu məhv etmək heç vaxt mümkün olmayıb. Bu şəhər yenidən ayağa qalxır.
Daş-daş.
Küçə-küçə.
Ev-ev.











Şahanə Rəhimli
Musavat.com






