Moldova Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfər etməzdən əvvəl vəziyyəti ciddi şəkildə dəyərləndirməyi və ehtiyac olmadığı təqdirdə bu səfərlərdən çəkinməyi tövsiyə edib. Buna səbəb Rusiya Federasiyasına giriş zamanı Moldova vətəndaşlarının üzləşdiyi artan təzyiqlər, uzunmüddətli dindirilmələr və məcburi hərbi müqavilə bağlamaq tələbləridir.
Musavat.com xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Rusiya sərhədçiləri xüsusilə 18-60 yaş arası kişiləri, təzə verilmiş pasportu olanları, tək səyahət edənləri, Ukraynaya əvvəllər səfər etmiş şəxsləri və Rusiya vətəndaşlığı daşıyan moldovalıları ciddi nəzarətə götürürlər. Sərhəddə yoxlamalar 3 saatdan 12 saata qədər davam edə bilər. Bu müddət ərzində vətəndaşların sənədləri müsadirə olunur, onlardan mobil telefonlar və digər elektron cihazlara çıxış tələb edilir, həmçinin poliqraf testindən keçmələri tələb olunur.
Dindirmə zamanı şəxslər peşə fəaliyyəti, ailə üzvləri, müharibəyə münasibətləri və Ukraynaya səfərləri barədə ətraflı sorğu-sual olunurlar. Nazirlik bildirir ki, saxlanılan şəxslərə psixoloji təzyiq göstərilərək, onları Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə imzalamağa məcbur etməyə çalışırlar. Tələbləri yerinə yetirməkdən imtina edənlər isə ölkəyə buraxılmamaq, inzibati cərimələr və ya həbslə təhdid olunurlar.
Qeyd edək ki, son günlər iki ölkə arasında diplomatik gərginlik fonunda bu cür sərt tədbirlər intensivləşib. Moldova XİN çətin vəziyyətlə üzləşən vətəndaşların dərhal diplomatik missiya və konsulluqlarla əlaqə saxlamalarını xahiş edib.
Musavat.com






