ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu və digər hərbi birləşmələr yaxın günlərdə Yaxın Şərqə yerləşdiriləcək.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Amerika gəmilərinin hər ehtimala qarşı İran ərazisinə doğru hərəkət etdiyini bildirmişdi.
Ekspertlər vurğulayıb ki, ABŞ ənənəvi olaraq gərginliyin artdığı dövrlərdə regiondakı hərbi mövcudluğunu artırır və bu, profilaktik müdafiə xarakteri daşıya bilər.
İranın nüvə silahı əldə etməsinə iki ay qalmışdı və ABŞ hərəkətə keçib nüvə təsisatlarını darmadağın etdi. Musavat.com-un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində bildirib.
“İran danışmaq istəyir. Biz danışacağıq”, - Tramp əlavə edib.
Lakin eyni gündə İranın yüksək rütbəli hərbi komandiri təhdid bəyanatı səsləndirib. İranın Xatəm əl-Ənbiya mərkəzi qərargahının komandiri general-mayor Əbdürrəhim Musəvi Əbdürəllahi ölkəsinə qarşı hər hansı bir hücumun sürətli və dağıdıcı cavab ilə nəticələnəcəyini deyib.
Gunaz.tv-nin xəbərinə görə, o, İran ərazisinə, təhlükəsizliyinə və ya maraqlarına edilən hər hansı bir hücumun dərhal cavablandırılacağını söyləyib.
“İran torpağına qarşı hər hansı bir təcavüz sürətli, dəqiq və dağıdıcı cavabla qarşılanacaq" -iranlı general hədələyib. O, əlavə edib ki, İran müharibəyə başlamayacaq, lakin istənilən hücuma güclü cavab verəcək.
Bu arada, İsrailin müdafiə qurumları Trampın İslam Respublikasının mövqelərini hədəf almaq qərarına gəlməsi ehtimalını nəzərə alaraq orduda həyəcan səviyyəsini artırıb. İsrailin "Haaretz" qəzeti təhlükəsizlik rəsmilərinə istinadən bu haqda xəbər yayıb.
Məlumatda yaxın bir neçə gün ərzində hərbi əməliyyatların mümkünlüyü qeyd olunur.
Bildirilir ki, ABŞ-ın hərbi əməliyyatı halında İran raket hücumu ilə İsraili müharibəyə sürükləyə bilər. Bəzi ordu rəsmiləri həmçinin bildiriblər ki, Tehranın cavabının ilkin mərhələlərində İsrail əsas hədəf olmaya da bilər.
Göründüyü kimi, həm danışıqdan bəhs olunur, həm də hərbi hazırlıqlardan. ABŞ liderinin Sülh Şurasının təsis toplantısında “danışacağıq”-bəyanatı verməsi hansı mənanı verir? İranın davranışları fonunda bu, silahla “danışmağa” gətirib çıxara bilərmi?
Bu və gündəmdəki bir çox xəbərləri hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat






