İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Yeddilik Rusiyanı “taxıl müharibəsi”ndə ittiham etdi

894 17.05.2022 10:20 İqtisadiyyat A A

Moskva Ukraynanı taxıl bazarından kənarlaşdırmaqla kasıb ölkələri ona qarşı birləşən Qərbdən narazı salmağa çalışır

G7 ölkələri hesab edirlər ki, Ukraynadakı müharibə ərzaq, yanacaq və enerji qiymətlərini bahalaşdırmaqla qlobal iqtisadiyyatın inkişaf perspektivlərini pisləşdirib. Mayın 12-14-də Almaniyada toplaşan G7 ölkələrinin xarici işlər nazirləri Rusiyanı Ukraynanın buğda ixracının mühasirəsini dayandırmağa çağırıblar.

Nazirlərin birgə bəyanatında qeyd olunur ki, hazırda dünyada 43 milyona yaxın insan aclığın bir addımlığındadır. Onlar bildirirlər ki, Rusiyanın Ukraynaya hücumu yeni tarixdə ən ciddi ərzaq və enerji böhranına gətirib çıxarıb. Hesab olunur ki, Rusiyanın fəaliyyətləri nəticəsində qlobal buğda təklifinin azalması ilk növbədə Misir (illik buğda idxalı 13 milyon ton), İndoneziya (10,5 milyon ton) Çin (10,5 milyon ton), Türkiyə (8,5 milyon ton), Filippinə (6,2 milyon ton) ağır təsir edir. Bundan əlavə, iqlim şəraitinə görə buğda istehsal edə bilməyən Afrika və Yaxın Şərq ölkələri də ciddi zərər görürlər. Yaranmış vəziyyət ərzaq təminatı sahəsində qeyri-müəyyənliyə, qiymətlərin sürətli bahalaşması isə beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlara yardım işini çətinləşdirir. Buna görə də G7 nazirləri kasıb ölkələrin əhalisinin aclığına yol verməmək, onların ərzaq təminatına yardım üçün “Ərzaq təhlükəsizliyi üzrə Qlobal Alyans” yaradılması təşəbbüsü ilə çıxış ediblər: “Biz  aqressiv müharibə nəticəsində daha da dərinləşən qlobal ərzaq təhlükəsizliyi problemindən dərin narahatlığımızı bildiririk. Aclıq riskinin real təhlükəyə çevrildiyi indiki vaxtda ən pis variantları istisna etmək, vaxtında zəruri fəaliyyətləri təmin edəcək proaktiv mexanizmlərin qəbul və genişləndirmək üçün əsasların yaradılması son dərəcə vacibdir”.

Antoniu Quterreş koronavirusla mübarizədə Afrikaya kömək etməyə çağırıb -  AZƏRTAC

G7 nazirləri BMT Baş  katibi Antoniu Quterreşin yaxın 5 il ərzində dünyada hər bir kəsin ekstremal hava və iqlim dəyişikliyindən qorunmasını təmin edəcək erkən xəbərdarlıq sisteminin yaradılması ideyasını dəstəklədiklərini bildiriblər. Sonda onlar proaktiv fəaliyyətlərin maliyyələşdirilməsinin zəruriliyini vurğulayıblar: “Biz - humanitar sistemin əsas donorları olaraq proaktiv fəaliyyətlərə maliyyə dəstəyini əhəmiyyətli şəkildə artırmağa çalışırıq”.

G7 nazirlərinin toplantısında həmçinin Rusiyanın Ukraynaya hücumu nəticəsində Qara dəniz limanlarından taxıl məhsullarının ixracının dayanması məsələsini də geniş müzakirə ediblər. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən hazırda mühasirədə olan Ukrayna limanlarında 4,5 milyon ton taxıl var. Ukrayna tərəfi ümumilikdə 20 milyon tondan artıq taxıl məhsulları idxalı imkanının olduğunu açıqlayıb. Müharibə başlayana qədər Ukrayna günəbaxan yağının qlobal ixracının 50 faizini, qarğıdalı ixracının 20 faizini, kolza yağı ixracının 20 faizini, buğda ixracının 12 faizini təmin edirdi.

Müharibəyə görə Ukraynada taxıl əkinləri 30 faizdən çox azalıb. Bu isə payız aylarında ölkənin özünün aclıqla üzləşməsi təhlükəsini yaradır. NASA-nın kosmik agentliyinin peyk müşahidələri də göstərir ki, Ukraynada bu mövsümdə taxıl istehsalı 35 faiz azalacaq. Qurumun analizlərinə görə, bu il Ukrayna keçənilkindən 12 milyon ton az - 21 milyon ton taxıl istehsal edə biləcək. Hazırda davam edən əkin prosesinin yanacaq çatışmazlığı üzündən getdikcə zəifləməsi nəticəsində istehsalın daha az olacağı təhlükəsi böyükdür.

G7 ölkələri kənd təsərrüfatı nazirləri mövcud məhsulun döyüş gedən bölgələrdən çıxarılaraq dünya bazarına ixracının təşkil edilməsi yollarını müzakirə ediblər. Avropa İttifaqının bununla bağlı planlarında yaxın 3 ay ərzində Ukraynadan 20 milyon ton taxılən Rumıniya ərazisi vasitəsilə ixracının təmin olunması nəzərdə tutulur. Bunun Dunay çayı, avtomobil və dəmiryolları vasitəsilə reallaşdırılması planlaşdırılır. Bunun üçün isə Ukrayna dəmiryolları ilə Avropa İttifaqı yollarının enlik göstəricilərinin uyğunlaşdırılması lazımdır. G7 nazirləri bu ixracın rüsumsuz reallaşmasını istəyirlər.

Germany: New Minister of Food and Agriculture is Cem Özdemir - Swine news -  pig333, pig to pork community

G7 nazirlərinin toplantısına qatılan Almaniyanın kənd təsərrüfatı naziri Cem Özdemir Rusiyanı Ukrayna taxılını oğurlayıb satmaqda ittiham edib. Bildirib ki, Rusiya Ukrayna limanları ilə ixracın qabağını almaqla yanaşı, ölkənin Şərqindəki taxıl ehtiyatlarını oğurlayaraq müxtəlif ölkələrə satır, bununla da qlobal ərzaq bazarında yerini möhkəmləndirməyə çalışır.

Almaniyanın xarici işlər naziri Annalena Berbok isə Rusiyanın məqsədyönlü şəkildə qlobal ərzaq bazarında qıtlıq və bahalıq yaratmağa çalışdığını deyib: “Bu müharibə artıq çoxdan qlobal böhrana çevrilib. Rusiya məqsədyönlü şəkildə Ukraynaya qarşı müharibəni taxıl müharibəsinə çevirərək onu digər dövlətlərə yayıb”. Nazirin sözlərinə görə, ilk növbədə Afrika və Yaxın Şərqdə 50 milyona qədər insan yaxın aylarda ərzaq çatışmazlığı üzündən həyatını itirə bilər. Buna isə milyonlarla ton taxılın Ukrayna limanlarından ixracının qarşısının alınması səbəb olacaq. Berbok əmindir ki, bu, müharibənin yan fəsadı deyil, Rusiyanın özünə qarşı birləşən dünyanı parçalamaq üçün apardığı məqsədyönlü hibrid müharibənin nəticəsidir: “Rusiya var gücü ilə qlobal ərzaq böhranının yaranmasının, taxıl qıtlığının ona qarşı sanksiyalar üzündən yarandığına dair kütləvi təbliğat aparır. Bu təbliğata inanmayın! Sanksiyalar ərzaq məhsullarına, dərman preparatlarına, humanitar yardıma tətbiq olunmayıb, olunmayacaq. Bu, Rusiya prezidentinin müharibəsidir. Lakin bizim ümumi qlobal məsuliyyətimiz var. Böyük yeddilik ölkələri bu müharibənin qlobal nəticələrini önləmək prosesində mərkəzi rol oynayır. Eyni zamanda bu qlobal böhranla mübarizənin uzaq məsafəyə yarışa çevriləcəyinə hazır olmaq lazımdır”.

U.S. top diplomat Antony Blinken tests positive for COVID-19 | The Japan  Times

ABŞ dövlət katibi Antoni Blinken bazar günü Berlində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşərək, Ukraynanın ərzaq ixracatının Afrika və Asiyada istehlakçılara çatdırılmasını təmin etmək üçün birgə işləməklə bağlı planları müzakirə edib.

Qeyd edək ki, Rusiya işğalı nəticəsində 7 milyon ton buğda, 14 milyon ton qarğıdalı dəni, 3 milyon ton günəbaxan yağı, 3 milyon ton günəbaxan şrotunun dünya bazarına çıxışı əngəllənib. Bu isə artıq bütün dünyada ərzaq qiymətlərinin kəskin bahalaşmasına səbəb olmaqla, qlobal ərzaq böhranına gətirməkdədir.

Ukrayna G7 nazirlərinin görüşündə taxıl ixracatçısı olan ölkələrin birliyinin yaradılmasını təklif edib. Birlik qlobal ərzaq bazarındakı çağırışlara vahid reaksiyanın verilməsini təmin edə bilər. OPEK kimi bu birlik də qlobal bazarın inkişaf perspektivlərini nəzərə almaqla ixrac həcmlərini müəyyənləşdirə, tələbatdan artıq həcmlərin yaşıl enerji sektoruna yönləndirilməsi mexanizmini hazırlaya, müxtəlif ölkələrin xüsusilə emal olunmuş ərzaq məhsullarının ixracını məhdudlaşdırmaq qərarlarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilər. Ukrayna həmçinin hesab edir ki, üçüncü ölkələr tərəfindən sazişlə bron edilmiş taxıl həcmləri istehsalçı ölkələrdə saxlanmalıdır.

Ukraynadan ixracın azalması nəticəsində buğda qiymətlərinin bahalaşması dünyanın digər ərazilərində buğda əkinlərinin genişləndirilməsini təşviq edir. Məsələn, Braziliya əkin sahələrinin genişləndirilməsi sayəsində bu ildən buğda idxalçısından ixracatçıya çevrilməyi hədəfləyir. Lakin Hindistan, Çin, ABŞ və Fransada əlverişsiz hava şəraiti üzündən istehsalın azalması nəticəsində Braziliyanın ixracının qlobal bazara təsirinin elə də böyük olmayacağı gözlənilir.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR