İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizimkilər niyə Zidan, Messi, Mbappe ola bilmir...

1815 16.02.2019 08:25 Yazarlar A A

Düzünə qalsa, mən də istəyirdim ki, futbol millimizin baş məşqçisi əcnəbi olmasın.

Düşünürdüm ki, əcnəbi məşqçi olursa, Zidan, Raykaard, Qullit kimi keçmişdə parlaq futbolçu olmuş biri olsun, olmursa, heç kəsin tanımadığı, uğursuz məşqçi nəyimizə lazımdır.

Arqumentim beləydi ki, o tanınmamış, uğursuz məşqçi gəlib ayda bir ətək, karyerasının sonuna qədər isə yeddi xaral pul alıb, çıxıb gedəcək, sonra da bir əcnəbi futbol qəzetinə müsahibə verib deyəcək ki, o ölkədə futbol oynamağı bacarmırdılar, istedadları çatmırdı.

Biz əslində istedadlı camaatıq, sadəcə, yiyəmiz yoxdur, qolumuzdan tutub istedadımızdan yararlanmağı başa salanımız yoxdur. Həm də təkcə futbolda yox...

Zərif bulağının buz kimi, dupduru suyuna and olsun, bizim kənddə elə nadir səs sahibləri vardı ki, vaxtında adamı olsaydı, bir az burda oxudub, sonra Milana göndərsəydi, Luçano Pavorotti onunla iki əlli görüşər, deyərdi, sinyor Naser olan yerdə mənim ariya oxumağım düz gəlməz. Amma o adam ömrü boyu kənddən qırağa çıxmadı, eləcə o cür nadir səsiylə “Bülbül gülüstana gəlsin, gəlməsin” oxuya-oxuya suçuluq elədi.

Müdhiş rəssamlıq qabiliyyəti olan kəndçimiz vardı, nə peşəkar təhsil ala bildi, nə rəsmləri ilə pul qazanmağı bacardı, eləcə şərab emalı zavodunun panel hasarına bəzəkli və kölgəli hərflərlə “Sosializm bayrağını yüksəklərə qaldıraq!”, “Bəşəriyyətin işıqlı gələcəyi kommunizmdir” kimi şüarlar yazıb xalturalar elədi, sonra rəngsazlıqla məşğul oldu, axırda suvaq işinə keçdi. Halbuki onun istedadını qiymətləndirən, yetişdirən, parladan olsaydı, indi əsərləri möhtəşəm qalereyalarda sərgilənərdi.

İndinin özündə də ölkəmizin kəndlərində yüzlərlə messilər, ronaldolar, mbappelər batıb gedir, nə onları axtarıb tapıb bir tərəfə çıxardan var, nə özləri bir yol bilirlər, bildikləri odur ki, topun dalınca qaçsınlar, 3-4 saat eyni templə və qışqıra-qışqıra futbol oynasınlar.

Bura Hollandiya deyil ki, hər kəndin, qəsəbənin futbol məktəbi, gözəl və həmişəyaşıl futbol meydançaları, uşaqlara təlim, məşq keçən əla müəllimləri olsun. Yoxdur buralarda belə şey.

Bir də hələ istedadlı olmaq, gözəl səsə, əl qabiliyyətinə, digər virtuaz məharətlərə sahib olmaq azdır, adam gərək ağıllı, bundan da ötəsi, savadlı olsun, öz intellekti, dünyagörüşü üzərində daima işləsin. Gözəl səslə yaxşı “Qarabağ şikəstəsi” oxuya bilərsən, amma yaxşı musiqi təhsil almamısansa “Fiqaronun ariyasını oxu” desələr, elə biləcəksən, söhbət seyid Füqəradan gedir.

Hələ bir neçə başqa dərd də var - kiçik məqsədlər uğrunda çalışmaq, dayaz düşünmək, qudurmaq...

Tutaq ki, kəndlərdə batıb gedən 15-16 yaşlı messilərdən birinin qolundan tutub şəhərə gətirdik, aparıb futbol klublarının birinə düzəltdik, o da həvəslə məşqə başladı, hər oyunda xet-trik elədi, üzümüzü ağartdı, adı parladı, 5-10 manat pul qazandı, 1-2 ildən sonra, bilirsinizmi, nə olacaq? Uşaq ümumi məşqdən sonra əlavə məşq edərək, Platini kimi şərfini qapı tirinin “doqquzluğu”ndan asıb dəqiq cərimə zərbəsi vurmaq üzrə ustalığını artırmaq istəyəndə komanda yoldaşlarından biri ona yaxınlaşacaq: “Ə qaqa, burda nağarısan? Məşq eliyirsən? Ə, başın xarafdı, sən öl. Kimə lazımdır? 2-3 min pul alırsan da. Mbappe olassan? Ə, davay gedək qəlyana, uşaqlar yığışıb getdilər”.

Bizim uşaq da bir getməyəcək, iki getməyəcək, üçüncü dəfə qəlyançılara da qoşulacaq, saunaya gedənlərə də, “adama bir civi götürüb” Qubaya cumanlara da. Nəticədə daha xet-trik edə bilməyəcək. Çünki qəlyan, sauna və “civi”lər xet-trik etməyə mane olur. 18 yaşlı “Mbappe”ni basacaqlar dublyor komandaya. Al, sana PSJ-də, “Barsa”da oynamaq perspektivi... məhv oldu, getdi.

Hər işimiz belədir. Böyük futbolçu yetişdirə bilmədiyimiz kimi, böyük məşqçilər də yetişdirə bilmirik. Öz gücünə yetişmək istəyənlərə də bir fənd, iki badalaq, dizini yerə gətiririk, futbol dünyasına gəldiyinə peşman olur. Sonra da gedirik, “sineçki”lərə, “çeviç”lərə, “qorçuk”lara o qədər pul verib gətiririk ki, gəlib bizə futbol oynamaq öyrətsinlər.

Görünür, çox məşq etməklə, çox oxumaqla deyil, nəsə başqa şey fikirləşmək, köhnə vərdiş və düşüncələrdən xilas olmaq, adı dünya ilə bir olanların düşündüyü kimi düşünmək, onlar kimi çalışmaq lazımdır. Yoxsa onlar bizə ha desinlər ki, idmançı alkoqoldan və tütündən uzaq olmalıdır, xeyri olmayacaq, 28 yaşlı veteran futbolçu deyəcək, ə, qaqa, sən öl, qələt eləyir, kefini sür, bizdən Mbappe-zad olmaz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR