İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizi ya eşidəcəksiniz, ya da... eşidəcəksiniz! – Münxendə ayağını yerə ən bərk basan ölkə  

1852 17.02.2024 14:25 Siyasət A A

Qalibi mühakimə etmirlər, illah da o haqlı olanda. Münxen Təhlükəsizlik Konfransının yubiley tədbirinə Azərbaycan nümayəndə heyəti ilk dəfə çox güclü bir mövqe ilə, alnıaçıq və özünəinamlı, 92.12%-lik legitimliyə malik Prezidenti ilə, ən önəmlisi, ərazi bütövlüyü və suverenliyini öz potensialı hesabına bərpa etmiş statusda qatılıb.

Artıq “Dağlıq Qarabağ məsələsi” tarixdə qalıb. Qərbin bəzi məkrli ermənipərəst və anti-Türk çevrələri bunu tam həzm edə bilməsə də. Ermənilərin Qarabağa qayıdışı, “erməni mədəni irsinin mühafizəsi” və s. bu qəbil bəhanələrlə uydurma mövzunu qlobal gündəmə qaytarmaq üçün dəridən-qabıqdan çıxsalar da.

Şübhəsiz ki, Münxendə də buna cəhdlər olacaq. Ələlxüsus, Fransa rəsmiləri timsalında...

Aydındır ki, belə cəhdlər erməniyə sevgidən qat-qat çox, Türkə ənənəvi nifrətdən, Azərbaycanafobiyadan və islamofobiyadan qaynaqlanır. Eyni zamanda, təzyiq yolu ilə Bakıdan dividentlər qoparmaq niyyəti güdür. Fəqət, zaman artıq bambaşqadır. Bütün bu geosiyasi oyunların mahiyyətini, qayəsini isə hamıdan yaxşı elə Prezident İlham Əliyev bilir.

Odur ki, deyəcəkləri nəsə olacaqsa, mütləq eşidəcəkləri də olacaq. Biz buna çoxdan hazırıq. Azərbaycan heç vaxt olmadığı qədər Münxendə uğurlu, hücum diplomatiyası ilə təmsil olunur...

Ancaq tədbirin elə birinci günü İlham Əliyevlə görüşmək üçün xarici qonaqlar tərəfindən müraciətlərin sıralanması, ardınca bir-bir reallaşması göstərdi ki, hamı, özəlliklə Qərb Azərbaycanı dinləmək istəyir, nəinki ona nəsə diktə etməyi, yaxud ağıl öyrətməyi. Hər halda, ilkin təəssürat belədir.

Gerçək budur ki, Azərbaycanı ya eşidəcəksiniz, ya da... eşidəcəksiniz! Hesablaşmaq da öz yerində. Bizim daha kimsənin məsləhətinə ehtiyacımız, kimsənin torpağında gözümüz yox. “Müdrik”, “uzaqgörən” məsləhətlərinizi, öyüd-nəsihətinizi özünüzə saxlayın. Azərbaycanı isə sakit buraxın. İlham Əliyevin andiçmə mərasimində söylədiyi kimi, biz öz məsələmizi artıq həll etmişik, vasitəçilərə ehtiyacımız yox. “Getsinlər, öz işləri ilə məşğul olsunlar”.

Əlbəttə ki, bu, həm Qərbə (ABŞ + Avropa Birliyi), həm də Rusiyaya ünvanlı tarixi bir ismarış idi. Haqqımız da çatır. Azərbaycan ATƏT-in üzdəniraq Minsk Qrupunun üç “vasitəçi” həmsədr ölkəsindən (ABŞ, Rusiya, Fransa) çəkdiyini çəkib. Artıqlaması ilə. Ən uğurlu dialoq formatı isə birbaşa dialoqdur...

Enində-sonunda zavallı Ermənistan da bunu anlayacaq. Başqa yol(u) yox. Çünki acı təcrübə sübut edib ki, ABŞ, Rusiya və Fransa kimi dövlətlər vasitəçiliyi qərəzsiz, boşuna etmir, mütləq tərəflərdən nəsə umur, çox vaxt hətta suverenliyə toxunacaq dərəcədə.

Unutmayaq, Rusiyanın özü hələ də ən yüksək səviyyədə Nikol Paşinyanı qınayır ki, niyə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla “Qarabağ problemi”ni qapadıb? Həmçinin digər iki “vasitəçi” dövlət indiyədək ərazi bütövlüyü və suverenliyimizin bərpasına gətirən hərbi qələbəmizi tam olaraq, qəbullanmayıblar.

Təsadüfi deyil ki, Bakı xalqımızın yaddaşında çox pis xatirə, qara ləkə kimi qalan Minsk Qrupunun rəsmi ləğvi, onu bütün “izlərinin” silinməsi məsələsini də qoymağa başlayıb. Dünən Münxendə, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşü zamanı İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların rəsmi qaydada ləğv edilməsinin vacibliyini” bildirib. ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib.

Sirr deyil ki, erməni tərəfi zaman-zaman bu ölü qurumu (MQ) gündəmə gətirməklə, həmsədrlərin adını çəkməklə nə vaxtsa onun xortlayacağına ümid edir. Kim bilir, Ukrayna müharibəsi olmasaydı, “üçlük” bəlkə günü bu gün də qır-saqqız kimi yaxamızdan yapışıb qalmışdı.

O səbəbə nə qədər gec deyil, MQ-nin rəsmi (formal) ləğvinə də nail olub yerini yaxşıca “dezinfeskiya” etmək gərəkdir. Ki, bir də Azərbaycan əleyhinə qayəsində belə yaramaz formatların durduğu xain planlar qurulmasın...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR