İranın milli futbol komandası 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Belçika yığması ilə keçiriləcək həlledici qarşılaşmadan cəmi 24 saat əvvəl ABŞ-ın Los-Anceles şəhərinə gəlib.
Musavat.com xəbər verir ki, komandanın yerləşdiyi Manhəttən-Biç (Manhattan Beach) rayonundakı otelin ətrafında görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Otelə giriş tamamilə məhdudlaşdırılıb və içəri rəsmi olaraq yalnız burada qalan şəxslərin daxil olmasına icazə verilib. Binanın qarşısında və ətraf yollarda xüsusi hüquq-mühafizə orqanlarının postları qurulub, polis maşınları əraziyə nəzarət edərək otelin mərkəzi girişini tamamilə bloklayıb.
Bu gərginlik fonunda İranın baş məşqçisi Əmir Qalenoei FİFA və ABŞ təşkilatçılarını kəskin tənqid edərək, turnirdə "ən çox sıxışdırılan komanda" olduqlarını bəyan edib. Belə ki, siyasi gərginliklər və təhlükəsizlik protokolları səbəbindən İrana digər rəqibləri kimi ABŞ-da uzunmüddətli qalmaq icazəsi verilməyib. Komanda ilk oyundan dərhal sonra Meksikanın Tixuana şəhərindəki bazasına qayıtmağa məcbur edilib və Los-Ancelesə yalnız oyuna bir gün qalmış gəlməsinə şərait yaradılıb. Qeyd edək ki, qrupda hər iki komandanın 1 xalı var – Belçika ilk turda Misirlə 1:1, İran isə Yeni Zelandiya ilə 2:2 hesablı bərabərliyə imza atıb.
Musavat.com






