İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir Polşa qalmışdı... polyak prezidentdən Bakı ilə bağlı tapmaca kimi mövqe

6750 08.07.2023 10:25 Son xəbər A A

Duda hesab edir ki, Cənubi Qafqazın hansı ölkəsinin həqiqətən sülh istədiyini çox yaxşı bilir, amma konkret ad çəkmir; məgər regionda sülh istəyən dövlət bəlli deyil?

“Rəsmi Varşava Cənubi Qafqazın hansı ölkəsinin həqiqətən sülh istədiyini çox yaxşı bilir”.

“Yeni Müsavat” xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşdə deyib.

Polyak prezident qeyd edib ki, ölkəsi 44 günlük müharibədən sonra bölgədəki vəziyyəti izləyir. Simonyan isə xatırladıb ki, Ermənistan Avropa Sülh Fondu (APF) vasitəsilə texniki yardım xahişi ilə Avropa İttifaqına (Aİ) müraciət edib. O, həmçinin Aİ-nin Ermənistanda monitorinq missiyasının yerləşdirilməsinin vacibliyini qeyd edib, “Dağlıq Qarabağdakı böhran”, “Azərbaycanın təcavüzü nəticəsində Ermənistanın suverenliyinə təhdidlərlə bağlı təfərrüatları” açıqlayıb.

Simonyan ardınca tipik erməni həyasızlığı ilə bildirib ki, “Ermənistan beynəlxalq tərəfdaşlardan Azərbaycana qarşı sanksiyaların tətbiqinə qədər bu cür qanunsuz və qeyri-insani hərəkətləri pisləmələrini” gözləyir.

Öz növbəsində Duda qonağını Ermənistan və Polşa arasında əlaqələrin inkişafında maraqlı olduğuna əmin edib.

Qeyd edək ki, Polşa Azərbaycanın da daxil olduğu Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramının əsas təşəbbüskarlarından biridir. Azərbaycanla normal münasibətlərə malikdir. Duda Bakıda rəsmi səfərdə olub (2019). Eləcə də Prezident İlham Əliyev Polşanı rəsmi ziyarət edib. O zaman cənab Duda niyə konkret ölkə adı çəkməyib? Onun tapmacavari mövqeyinin səbəbi nədir, nəyə işarə vurur?

Yada salaq ki, Aİ-nin Ermənistandakı (Azərbaycanla şərti sərhəddə) uzun müddətli missiyasının tərkibində Polşa da təmsil olunub.

Simonyan isə erməni rəsmilərinin köhnə “plastinkası”nı işə salıb. Yenə təhlükəsizliyə təhdid, “blokada”, “humanitar böhran”, “etnik təmizləmə” ifadələrini işlədib. Yəni hansı ölkəyə getsələr, hansı platformada çıxış etsələr, Qarabağda guya böhran yarandığı barədə danışırlar. Bu dəfə də NATO ölkəsi Polşanı seçiblər.

Siyasi şərhçi Xəyal Bəşirovun sözlərinə görə, Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə var: “Polşa lideri də onlardan birini nəzərdə tutur, amma avropalı siyasətçi spekulyasiya edir. Prezident rəsmi mövqe bildirəndə dəqiqləşdirməlidir. Məncə, Azərbaycanı nəzərdə tutur. Sadəcə, erməni lobbisindən çəkindiyi üçün ad demir. Əslində Duda anlayır ki, işğalçı kimdir, sülh istəyən kim”.

Ekspertin fikrincə, Azərbaycanın sülh tərəfdarı olduğunu bilən ölkələr çoxdur, Polşa da həmin qəbildən olan ölkələrdəndir: “Avropalı liderlər görürlər ki, Azərbaycan Avropa İttifaqının enerji təminatında hansı rolu oynamaqdadır. Ona görə Polşa prezidenti də yeganə sülhün təminatçısı kimi Azərbaycanı görür, sadəcə, diplomatik manevr edərək ad çəkmir.

Simonyan istərdi ki, ölkəsinin adını açıqlasın. Hər halda, diplomatik baxımdan etik deyil. Avropalı siyasətçilər açıq mövqe bildirməlidirlər. Görünür ki, hər iki dövlətin xoşuna gəlmək üçün belə danışıb. Onların nə deməsindən asılı olmayaraq, regionda sülhün tərəfdarı Azərbaycandır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR