Dünən gecə futbol üzrə dünya çempionatının ikinci yarımfinal oyunu çərçivəsində İngiltərə və Argentina milli komandaları arasında keçirilən matçdan qabaq çoxlarının dilində, ağzında bir ifadə vardı: “Folklend münaqişəsi”.
Bir çoxları sualı konkret qoyurdu: “Görək Argentina İngiltərədən Folklendin qisasını ala biləcəkmi?”
“Qisas almaq” deyən, yazan adamlar Argentina millisinin İngiltərə yığma komandası üzərində qələbə qazanmasını nəzərdə tuturdular. Hesab olunurdu ki, argentinalılar ingilisləri məğlub edib DÇ-nin finalında oynamaq hüququ qazansalar, bu, tarixi qisasın alınması demək olacaq.
Argentina millisi bütün zamanların ən titullu və bacarıqlı futbolçusu olan Lionel Messinin 101 dəqiqə boyunca yorulmadan etdiyi dirijorluq sayəsində İngiltərə futbolçularına qalib gələrək finala adladı. Bəs bu, Folklendin qisasının alınması demək oldumu?
Olmadı. Çünki heç bir idman qələbəsi torpaq itkisinin bədəli ola bilməz. İdman qələbəsi coşmuş emosiyalara su səpən, özünə, öz gücünə inam aşılayan rəmzi qələbədir, onun altındakı maddi qazanc olsa-olsa, çempionluq üçün nəzərdə tutulmuş pul mükafatı, müvəqqəti saxlanılan kubok, bir də şan-şöhrətdir. (Bu şan-şöhrətin turizm sektorunun gəlirlərini artırması məsələsi də var).
Torpaq itkisi isə faciənin tam özüdür. Argentina İngiltərəyə futbolda uduzmasa da, qısa sürən müharibədə uduzub və torpaq itirib.
Bu torpağın adı Folklend adalarıdır. “Folklend” – yəni “xalq torpağı”. Bu adı o adalara ingilislər qoyublar. Ondan əvvəl adaların adı Malvinas olub.

Bu xüsusda sosial şəbəkədə Osman Eminov adlı coğrafiyaşünas istifadəçinin paylaşdığı məlumatda bildirilir ki, Folklend adaları Cənubi Atlantik okeanının ən cənub hissəsində, Argentinanın cənub sahillərindən təxminən 480 km məsafədə yerləşir. Adalar coğrafi baxımdan Argentinaya yaxındır və vaxtilə onun torpağı olub. Folklend adaları Britaniyadan 12 6600 km-dən çox uzaq məsafədədir. Buna baxmayaraq, Britaniya 261 il əvvəl hesab edib ki, bu adalar onun əzəli ərazisidir və indi də elə hesab edir. Bu, o qədər də təəccüblü deyil. Dünyanın dörd okeanının üçünü aşaraq materiklərdə, arxipelaqlarda çoxsaylı müstəmləkələr yaratmış Birləşmiş Krallıq bu işğal aktlarını həmişə “fəth” sayıb və sayır.
Ona görə də bu adalar hələ də Britaniyanın nəzarəti altındadır və müasir dünyanın ən mübahisəli geosiyasi məsələlərindən biri sayılır.
Arxipelaq iki əsas adadan - Şərqi və Qərbi Folklenddən, bir də Atlantik okeanında səpələnmiş 700-dən çox kiçik adadan ibarətdir. Adaların ümumi sahəsi təxminən 12 200 km²-dir. Sahil xəttinin uzunluğu 1 300 km-ə yaxındır. Adaların relyefi dağlıq və sərtdir, bəzi yüksəkliklər 700 metrə çatır. Adalar məskunlaşdırıb, yaşayıç məntəqələri var. Bu muxtar əyalətin paytaxtı Stenli şəhəridir və Şərqi Folklend adasında yerləşir.
Folklend adaları avropalılar tərəfindən ilk dəfə 1592-ci ildə görülüb. 1690-cı ildə britaniyalı dənizçi Con Devis iki əsas ada arasındakı boğazı “Folklend” adlandırıb. 1765-ci ildə britaniyalılar ilk məskunlaşmanı qurublar, lakin ispanlar 1770-ci ildə onları adalardan qovublar.
1816-cı ildə Argentina İspaniyadan müstəqillik əldə etdikdən sonra, Buenos-Ayres hökuməti Folklend adalarına sahiblik iddiası irəli sürüb. Lakin 1833-cü ildə ingilislər geri qayıdaraq adalara nəzarəti ələ alıb və o vaxtdan bəri adalar üzərində yurisdiksiya məsələsi mübahisə predmetidir. Birləşmiş Krallıq 20-ci əsrdə əksər müstəmləklərini itirsə də, Folklend adalarını özündə saxlamaqda davam edir.
1940-cı ildə Argentina Mərkəzi və Cənubi Amerika dövlətlərinin dəstəyini qazanaraq adaların qaytarılması tələbini gündəmə gətirib. 1971-ci ildə tərəflər arasında danışıqlar başlayıb, lakin nəticəsiz qalıb.
Bu adalara görə, 1982-ci ilin aprelində Argentina və Britaniya arasında 2 ay 12 gün davam edən müharibə də olub. Argentina hərbi qüvvələri həmin ilin aprel ayının 2-də adaları işğal edib, Britaniya buna cavab olaraq böyük hərbi dəniz və hava qüvvəsi göndərib və 14 iyun 1982-ci ildə argentinalıları Folklendi tərk etməyə məcbur edib.

2013-cü ilin martında Folklend adalarında yaşayan sakinlər arasında referendum keçirilib və sakinlərin 99,8%-i Britaniyanın tərkibində qalmağa səs verib. Argentina bu referendumun nəticələrini tanımasa da, xalq səsverməsinin bu cür nəticələnməsi çox təbiidir. İqtisadi problemlər içində boğulan, tez-tez siyasi qeyri-sabitlik dövrü yaşayan Argentinadansa, sabit iqtisadiyyatlı krallığın təbəəsi olmaq, rifah içində yaşamaq daha məqbul variant deyilmi?
Folklend adaları Britaniyanın “dənizaşırı ərazisi” statusuna malikdir. London ümumi sayı 3 min nəfər, bir ortabab Avropa qəsəbəsinin əhalisi qədər olan ada sakinlərini qoruyur, təmin edir. Yerli əhali əsasən balıqçılıq, qoyunçuluq və turizm hesabına yaşayır.
Ola bilər, onlar yalnız Argentina millisi dünya və qitə çempionatlarında uğur qazananda bu ölkənin vətəndaşları olmadıqlarına görə epizodik üzüntü yaşayırlar, qalan vaxt isə Britaniya kralına sadiqdirlər.
Uzun sözün kəsəsi, yüz futbol qələbəsi ola, onların fərəhi bir Folklendin əldən getməsinin məyusluğunu xəfiflədə bilməz.
Özümüzdən götürək, əgər Qarabağ Ermənistanın əlində qalsaydı, bizim “Qarabağ” klubu isə on illərlə Ermənistanın komandaları müxtəlif turnirlərdə çiləsəydi, bu, bizim torpaq yaramızın gözünü qaysaqladardımı? Yox. Şuşanın zirvəsində dayanıb dərin və gen dərələrdə baxmaq, enib İsa bulağından su içmək yüz futbol qələbəsindən daha əfzəldir.
Araz Altaylı, Musavat.com






