Bəllidir ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa forumunda "3+3" formatı barədə də danışıb. Dövlət başçısı deyib ki, Cənubi Qafqazda "3+3" formatı bərabərhüquqlu altıtərəfli əməkdaşlıq olmalı və növbəti Minsk Qrupuna çevrilməməlidir.
İlham Əliyevin çıxışından aydın görünür ki, Bakı artıq "3+3" formatını yalnız təhlükəsizlik platforması deyil, geniş regional əməkdaşlıq institutu kimi görür. Prezident vurğulayıb ki, format bərabərhüquqlu əsasda fəaliyyət göstərməli, Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın maraqlarını nəzərə almalı, Gürcüstan qoşulana qədər isə ən azı beştərəfli mexanizm kimi işləməlidir. Bu yanaşma onu göstərir ki, Azərbaycan regional problemlərin yalnız ikitərəfli münaqişələr prizmasından deyil, iqtisadi, nəqliyyat, enerji, logistika və təhlükəsizlik gündəliyi çərçivəsində müzakirəsini istəyir. Prezidentin çıxışındakı ən mühüm mesajlardan biri "3+3" formatının növbəti Minsk qrupuna çevrilməməsi barədə xəbərdarlıq idi. Bu, təsadüfi ifadə deyil.

ATƏT-in Minsk Qrupu təxminən 30 il ərzində Qarabağ münaqişəsinin həllində real nəticə əldə edə bilmədi. Azərbaycan 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etdikdən sonra Qarabağ məsələsini bağlanmış hesab edir. Bu səbəbdən Bakı hər hansı beynəlxalq platformanın yenidən Azərbaycan-Ermənistan münasibətlərinə vasitəçilik etməsini və ya münaqişə mövzusunu gündəmdə saxlamağa çalışmasını qəbul etmir. Prezidentin mesajı ondan ibarətdir ki, "3+3" əməkdaşlıq platforması olmalıdır, vasitəçilik institutu deyil.
Azərbaycanın yanaşması əslində regional problemlərin region ölkələri tərəfindən həll olunması prinsipinə əsaslanır. "3+3" platforması da məhz bu ideyanı ifadə edir. Burada Cənubi Qafqazın üç dövləti – Azərbaycan, Ermənistan və Gürcüstan, həmçinin regionun üç böyük aktoru – Türkiyə, Rusiya və İran iştirak edir. Bu model kənar geosiyasi rəqabətin təsirini minimuma endirməyi, regional qərarların region daxilində qəbul edilməsini və qarşılıqlı iqtisadi asılılığın artırılmasını hədəfləyir. Bu baxımdan "3+3" formatı Azərbaycanın gözündə yeni vasitəçilik mexanizmi deyil, regionun gələcəyini müəyyənləşdirəcək əməkdaşlıq platformasıdır. Əgər digər iştirakçılar da bu yanaşmanı bölüşərlərsə, yaxın perspektivdə xarici işlər nazirləri səviyyəsində beştərəfli görüşün keçirilməsi və platformanın praktiki fəaliyyətə başlaması mümkün görünür...
Professor Qabil Hüseynli Musavat.com-a dedi ki, iki qonşu ölkədə gedən müharibə şəraitində "altılıq" platformasının reallaşacağına inanmır. Rusiyanın Ukrayna, İranın ABŞ ilə münaqişə vəziyyətində olduğunu bildirən Q. Hüseynli hesab etmir ki, bu şəraitdə "3+3 formatında toplaşmaq mümkündür: "Bu layihə müsbət təşəbbüsdür. Cənab prezident həmişə sözügedən ideyanı dəstəkləyib. Məsələ burasındadır ki, Rusiyanın Gürcüstanla diplomatik əlaqələri yoxdur, Ermənistan isə Moskvanın iştirak etdiyi tədbirlərdən yayınır. Bu baxımdan, bəlkə də 5 ölkənin iştirakı ilə belə bir zirvə keçirilə bilər. Amma tərəflər buna can atmır. Rusiyanın isə başı müharibəyə elə qarışıb ki, "3+3 platformasını təşkil edə bilməz. Yəni Moskvadan dəvət gəlsə belə, Azərbaycanla Ermənistanın maraq göstərəcəyini gözləmirəm".
Digər tərəfdən, politoloq güman edir ki, Rusiya bu formatda görüşləri Azərbaycan və Ermənistan arasında üçlü görüş təşkil etmək üçün fürsət sayır: "Əminəm ki, Rusiya rəhbərliyi dərhal üçtərəfli 10 noyabr sənədini yada salacaq, etibarını itirmiş razılaşmanın müddəalarına istinad edəcək. Zənnimcə, prezident Minsk Qrupu ilə müqayisə edərkən bu nüansı nəzərdə tutub. Çünki Moskvanın belə bir formatda görüşə ehtiyacı var və Vaşinqtona öz təsir imkanlarını nümayiş etdirmək istəyə bilər. Amma bir daha deməliyəm ki, Rusiya əvvəlki deyil, müharibə onu strateji cəhətdən kiçildib. Eyni zamanda, İran da bu platformaya maraq göstərə bilər, amma Qərb Ermənistana bu formatda görüşlərdən yayınması üçün təzyiq göstərəcək. Ona görə də Azərbaycan və Türkiyənin təklif etdiyi regional əməkdaşlıq formatında zirvə o halda mümkündür ki, bərabərhüquqlu yanaşma statusunda olsun. Rusiya və İran elə hesab etməsinlər ki, burada dominant ola bilərlər".
Q. Hüseynli əlavə edib ki, "3+3 formatı yaxın perspektivdə görünmür və səbəbləri də regionda baş verən siyasi-hərbi proseslərdir: "Azərbaycan və Ermənistan yekun sülh sazişi imzaladıqdan sonra bu platforma gündəmə gələ bilər. Sülh sənədindən sonra Ermənistanın Türkiyə ilə də əlaqələri inkişaf edəcək. Gürcüstan isə hansısa formada razı salınmalıdır. İndilikdə isə fərqli və obyektiv səbəblərdən belə bir zirvə gözləmirəm".
Emil Salamoğlu
Musavat.com






