Son günlər Rusiya mediasında, sosial şəbəkələrdə və xüsusilə hakimiyyətə yaxın "Telegram" kanallarında Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası başladılıb.
Müəyyən müddət davam edən nisbi sakitlikdən sonra Azərbaycanın yenidən hədəfə çevrilməsi göstərir ki, söhbət ayrı-ayrı media qurumlarının təşəbbüsündən yox, vahid mərkəzdən idarə olunan informasiya siyasətindən gedir.
Müxtəlif platformalarda eyni məzmunlu ittihamların, eyni tezislərin və oxşar ritorikanın təkrarlanması bu kampaniyanın koordinasiyalı şəkildə həyata keçirildiyini göstərən əsas əlamətlərdəndir.
Bəs nə üçün indi? Bəzi qüvvələr indi hərəkətə keçdi? İndi gəlin son günlər Azərbaycanın Rusiyaya qarşı etdiyi jestlərə və onların bunun qarşılığında atdıqları uyğun olmayan addımlara diqqət edək:

İki gün öncə Prezident İlham Əliyev IV Qlobal Şuşa Media Forumunda Rusiya ilə münasibətlərin normallaşması istiqamətində müsbət mesajlar verdi. Dövlət başçısı bildirdi ki, iki ölkə arasında müxtəlif səviyyələrdə təmaslar bərpa olunub, hökumətlər, xarici işlər nazirlikləri və prezident administrasiyaları arasında dialoq davam edir.
Prezident həmçinin vurğuladı ki, Azərbaycan Rusiya ilə münasibətlərə önəm verir və qarşılıqlı əməkdaşlığın inkişafında maraqlıdır.
Bundan dərhal sonra xarici işlər naziri Ceyhun Bayramovun iyulun 16-da Rusiyaya səfər edəcəyi açıqlandı. Məhz bir müddət əvvəl münasibətlərdə yaşanan gərginlik fonunda belə səfərin mümkün görünmədiyini nəzərə alsaq, bunun Bakının münasibətlərin bərpasına yönəlmiş siyasi iradəsinin göstəricisi olduğu aydın görünür.
![]()
Onu da qeyd edək ki, biz bu yazını yazdığımız zaman Ceyhun Bayramov Rusiyada səfərdədir və görüşlər keçirir...
Maraqlıdır ki, Azərbaycanın konstruktiv mövqeyi fonunda Rusiya informasiya məkanında tamamilə əks proses başladıb. Bir tərəfdən ikitərəfli münasibətlərin inkişafı barədə rəsmi bəyanatlar verilir, digər tərəfdən isə Kremlə yaxın media resursları və ictimai rəyə təsir imkanları olan şəxslər vasitəsilə Azərbaycana qarşı aqressiv kampaniya aparılır.
Son günlər müxtəlif media resurslarında və sosial şəbəkələrdə azərbaycanlılar "mütəşəkkil cinayətkar qruplaşma", "kriminal diaspora" kimi təqdim olunur, ayrı-ayrı cinayət hadisələri bütöv xalqın adına yazılır. Halbuki Rusiyada milyonlarla azərbaycanlı yaşayır və onların böyük hissəsi onilliklərdir həmin ölkənin iqtisadiyyatına, ticarətinə, kənd təsərrüfatına, elm və səhiyyə sisteminə töhfə verir. Etnik mənsubiyyəti cinayətlə eyniləşdirmək hüquqi yanaşma deyil, açıq şəkildə ksenofobiyanın və milli ayrı-seçkiliyin təzahürüdür.
Əslində, Rusiyada milli və dini dözümsüzlük yeni hadisə deyil. Son illər beynəlxalq insan hüquqları təşkilatları bu tendensiya barədə dəfələrlə xəbərdarlıq ediblər.
"Human Rights Watch", "Amnesty International", BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi Komitəsi müxtəlif hesabatlarında miqrantlara və qeyri-slavyan xalqlara qarşı ayrı-seçkiliyin artdığını qeyd ediblər.

Xüsusilə 2024-cü ildə "Crocus City Hall" terror aktından sonra Mərkəzi Asiya və Qafqaz mənşəli şəxslərə qarşı kütləvi reydlərin keçirilməsi, sərt polis nəzarəti və etnik mənsubiyyətə görə insanların şübhəli şəxs kimi təqdim olunması bu tendensiyanın daha da gücləndiyini göstərdi.
Azərbaycana qarşı aparılan informasiya kampaniyası da məhz belə bir ictimai mühitdə həyata keçirilir. Burada məqsəd yalnız Azərbaycanı hədəfə almaq deyil, həm də daxili auditoriyada yeni "təhlükə obrazı" formalaşdırmaqdır. Tarix göstərir ki, ciddi daxili problemlərlə üzləşən siyasi sistemlər çox vaxt diqqəti xarici düşmənə yönəltməyə çalışırlar. Bu texnologiya XX əsrdən bəri müxtəlif ölkələrdə tətbiq olunan klassik siyasi üsullardan biridir. Xarici düşmən obrazı cəmiyyətin diqqətini iqtisadi çətinliklərdən, sosial narazılıqdan və siyasi problemlərdən yayındırmağa xidmət edir.
Hazırda Rusiyada belə problemlərin kifayət qədər olduğu sirr deyil. Qərbin tətbiq etdiyi genişmiqyaslı sanksiyalar iqtisadiyyata ciddi təzyiq göstərməkdə davam edir. Müdafiə xərclərinin rekord həddə çatması büdcəyə əlavə yük yaradır. İnflyasiya yüksək olaraq qalır, rubl uzun müddətdir təzyiq altındadır. Əmək bazarında işçi çatışmazlığı yaranıb, yüksək texnologiyaların idxalına qoyulan məhdudiyyətlər sənaye istehsalına mənfi təsir göstərir. Bunun fonunda Ukrayna müharibəsinin uzanması və hərbi əməliyyatların yaratdığı maliyyə yükü daxili vəziyyəti daha da mürəkkəbləşdirir.
Eyni zamanda Ukraynanın son aylarda pilotsuz uçuş aparatları ilə Rusiyanın müxtəlif regionlarında yerləşən neft emalı zavodlarına, hərbi aerodromlara və logistika mərkəzlərinə endirdiyi zərbələr təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.
Bir sıra regionlarda hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, enerji infrastrukturuna hücumlar yanacaq bazarında problemlər yaradıb.
Belə şəraitdə hakimiyyət üçün informasiya gündəmini dəyişmək və ictimai diqqəti başqa istiqamətə yönəltmək daha da vacib məsələyə çevrilir.
Digər mühüm amil isə qarşıdan gələn Dövlət Duması seçkiləridir. Seçkilər ərəfəsində hakimiyyətə yaxın informasiya resurslarının milli təhlükəsizlik, xarici təhdid və "xarici təsir" mövzularını daha fəal gündəmə gətirməsi əvvəllər də müşahidə olunub. Azərbaycana qarşı hazırkı kampaniya da bu siyasi texnologiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Lakin Moskvanın nəzərə almadığı mühüm bir reallıq var. Cənubi Qafqaz artıq əvvəlki region deyil. 2020-ci ildən sonra regionun geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, regionun əsas enerji və nəqliyyat qovşaqlarından birinə çevrilib. Avropanın enerji təhlükəsizliyində Bakının rolu əhəmiyyətli dərəcədə artıb. Orta Dəhliz layihəsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi Azərbaycanın regional çəkisini daha da artırıb.
Məhz buna görə Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi "Cənubi Qafqazı qavramaq və anlamaq üçün köhnə metodologiyalar tamamilə köhnəlib" fikri təkcə siyasi bəyanat deyil, regionun yeni geosiyasi reallığının ifadəsidir. Təzyiq dili, informasiya hücumları və imperiya stereotipləri ilə bu reallığı dəyişmək mümkün deyil.

Azərbaycana qarşı aparılan kampaniya, əslində, Bakıdan daha çox onu təşkil edən mərkəzlərin siyasi düşüncə tərzini nümayiş etdirir. Qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq əvəzinə informasiya manipulyasiyalarına üstünlük verilməsi uzunmüddətli perspektivdə nə ikitərəfli münasibətlərə, nə də regionda sabitliyə xidmət edir. Müasir geosiyasi şəraitdə təsir imkanları təzyiqdən deyil, etibarlı tərəfdaşlıqdan, iqtisadi əməkdaşlıqdan və beynəlxalq hüquqa hörmətdən keçir. Cənubi Qafqazın yeni reallığı da məhz bunu diktə edir.
Əli Rais,
Musavat.com






