ABŞ dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) ləğv ediləcəyini vəd edib. Bu barədə CNN nəşri məlumat yayıb. “Hökumətimizin sərəncamında olan bütün vasitələrdən istifadə edərək və səylərini birləşdirə biləcəyimiz bütün müttəfiqlərlə əməkdaşlıq edərək, biz Beynəlxalq Cinayət Məhkəməsini ləğv edəcəyik”, – Rubio bəyan edib. Dövlət katibinin sözlərinə görə, məhkəmə ABŞ-yə qarşı güllə və ya raketlərlə deyil, qondarma beynəlxalq hüququn gücü ilə müharibə aparır.
Nəşr iddia edir ki, Ağ Ev administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin Əfqanıstanda ABŞ hərbçilərinin ehtimal olunan müharibə cinayətlərini araşdırma cəhdlərindən narazıdır.
Beynəlxalq Cinayət Məhkəməsi Haaqa şəhərində yerləşən hökumətlərarası beynəlxalq tribunaldır.
Məhkəmə ilk həbs orderlərini 2005-ci ildə, ilk hökmünü isə 2012-ci ildə çıxarıb. Təqsirləndirilən şəxslər arasında dövlət başçıları və digər yüksək vəzifəli rəsmilər də olub. Son illərdə diqqət çəkən işlərə Putin barədə həbs orderi, həmçinin Netanyahu və müdafiə naziri Yoav Qallant, eləcə də bir sıra HƏMAS liderləri barədə əlaqədar çıxarılan orderlər daxildir. Musavat.com yada salır ki, BMT-nin rəsmi sözçüsü Stefan Dujarrik ABŞ Dövlət katibi Marko Rubionun soyqırımı, müharibə cinayətləri, insanlığa karşı cinayətlər və təcavüz aktlarını araşdıran qlobal məhkəməni ləğv etmək (parçalamaq) təklifinə Bəbaş katib Antonio Quterreşin münasibətini açıqlayıb.
Sözçü qeyd edib: “BCM katiblikdən və BMT sistemindən ayrı, müstəqil bir təşkilat olsa da, bizim üçün beynəlxalq ədalət sisteminin mühüm və qaçılmaz bir tərkib hissəsi olaraq qalır. Onun fəaliyyəti çoxlu sayda üzv dövlət tərəfindən geniş şəkildə dəstəklənir və ağır cinayətlərə görə qlobal məsuliyyətin təmin edilməsinə birbaşa kömək edir”. Dujarrik, həmçinin ABŞ-nin Niderlandın Haaqa şəhərində yerləşən BCM-i təsis edən 1998-ci il Roma Statutu müqaviləsinin tərəfi olmadığını da xatırladıb.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov BMT məhkəməsinin ləğvini absurd ideya hesab edir. Onun sözlərinə görə, Tramp administrasiyasından qeyri-ənənəvi çağırışların gəlməsi adi hala çevrilməkdədir: "Haaqa tribunalı BMT-nin mühakimə kürsüsüdür. Tramp gah NATO-dan çıxmağı, gah Kanadanı Birləşmiş Ştatlara birləşdirmək bəyanatlarını səsləndirmiş liderdir. Ona görə ABŞ hökumətindən Beynəlxalq Cinayət Məhkəməsinin ləğvi təşəbbüsünü eşitmək də təəccüb doğurmur. Amma ABŞ BMT-nin məhkəmə qolunun işinə müdaxilə edə bilməz. Bu təsisatın hüququ çatır ki, hərbi cinayətlər törətmiş istənilən şəxsi mühakimə etsin. Yəni bu məhkəmə bir ölkənin hakimiyyətinin istəyi ilə ləğv edilə bilməz".
Hüquqşünasın sözlərinə görə, əslində, bu mübahisə təsadüfən meydana çıxmayıb: “Vaşinqtonun ABŞ hərbçilərinin Əfqanıstanda və müttəfiqi İsrailin Qəzzada törətdiyi iddia edilən müharibə cinayətlərini araşdırmaq cəhdlərinə görə Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri, prokuroru və prokuror müavinləri də daxil olmaqla ümumilikdə doqquz rəsmi əməkdaşına qarşı sanksiyalar tətbiq etməsindən sonra bu məsələ daha da alovlanıb. Rubio da deyib ki, "bu məhkəməni kərpic-kərpic sökərək darmadağın edəcəyik". Amma iş orasıdır ki, ABŞ Roma statutuna qoşulmayıb. Yəni Haaqa məhkəməsi həbs qərarı versə belə, ABŞ tərəfindən tanınmır. Sadəcə, son yanaşma beynəlxalq hüquqa qarşı açılan cəbhədir. Əfsuslar olsun ki, ABŞ-nin hazırkı iqtidarı əvvəlkilərdən belə mövqeyi ilə fərqlənir".
Onu da deyək ki, 2002-ci ildə çoxtərəfli Roma Statutu əsasında yaradılmış BCM fərdləri soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti kimi beynəlxalq cinayətlərə görə mühakimə etmək səlahiyyətinə malik olan ilk və yeganə daimi beynəlxalq məhkəmədir. BCM milli məhkəmə sistemlərini əvəz etmək üçün deyil, onları tamamlamaq üçün nəzərdə tutulub. Roma Statutuna qoşulmayan və məhkəmənin yurisdiksiyasını tanımayan ölkələrə Çin, Hindistan, Rusiya və ABŞ daxildir.
Emil Salamoğlu
Musavat.com






