Təklif: “Bu məntəqələrin yeri taksi tətbiqlərində qeyd olunsun”
2025-ci ildən başlayaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən (AYNA) xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin sərnişinləri üçün minib-düşmə yerləri yaradılmağa başlayıb. AYNA-nın mətbuat katibi Tural Orucov Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, bu günə qədər ümumilikdə 14 küçə və prospektin 25 məntəqəsində minib-düşmə yerləri yaradılıb:
“Q.Qarayev; Atatürk, 8 Noyabr, Neftçilər prospektlərində, Füzuli; M.Useynov; A.M.Şərifzadə; Ş.Bədəlbəyli; C.Cabbarlı, Z.Əhmədbəyov, Y.Səfərov, 28 May, R.Behbudov, Z.Əliyeva küçələrində minib-düşmə yerləri yaradılıb”, deyə T.Orucov qeyd edib.

Musavat.com-un əməkdaşı sözügedən məntəqələrdən bir neçəsində olub, paytaxt sakinlərini və sürücüləri danışdırıb.
Sürücülər hesab edirlər ki, cərimələrdən yan keçmək üçün xüsusi lövhələrin quraşdırılması yaxşıdır, amma digər tərəfdən heç də bütün sərnişinlər bu barədə məlumatlı deyil:
Sürücü Kazım Məsimov dedi ki, neçə aydır bu lövhələr quraşdırılıb:
“Amma hələ də sərnişinləri başa sala bilmirik ki, hər yerdə saxlaya bilmirik. Cərimələrin əlindən bezmişik. Qazancımızın yarısını cərimələrə veririk. Bizi başa düşmürlər”.
Digər sürücü Abbas Hüseynov da söhbətə qoşuldu. O da bildirdi ki, bəzən yaşlı adamlar, ya da uşaqlı ailələr, qadınlar olur, deyəndə ki, bir az qabağa, ya 10 metr geri gəlin, deyirlər ki, taksi bizi durduğumuz yerdən götürməlidir:
Hər gün eyni problem...Biz də insanıq. O gün sərnişinə deyirəm ki, bir az qabaqda taksi üçün xüsusi yer var, oradan götürə bilərəm sizi. Deyir ki, yox, mən ora gələ bilmərəm. Hər gün cərimə olunmamaq üçün nə qədər sifarişə imtina verilir. İl olub 2026, hələ də problem həllini tapmayıb. Heç nə dəyişməyib. Yenə də gecə-gündüz işləyirik, cərimə ödəyirik. Siz elə bilirsiniz, hamı başa düşür, hamı bilir bu lövhələrin mənasını? Yox! Bəlkə daha çox yerdə quraşdırılsa, daha çox yerdə camaat görsə, vəziyyət biraz düzələr, amma belə çətin məsələdir...”

Sərnişinlərlə də söhbətləşdik. Onların da bu mövzu ilə bağlı özlərinə xas şikayətləri var.
Məsələn, Bakı sakini Sənubər Ağayeva deyir ki, dayanacağa yaxın yerdə dayanıb, amma mətbuatda görəndə ki, belə lövhələr quraşdırılıb, orda dayanmağa başlayıb:
“Amma mən gəncəm. Diqqət edirəm. Hamı görmür axı...”
Digər sərnişin isə belə dedi: “O gün dayanacaqda dayanmışdım. Sürücü zəng etdi ki, lövhənin yanına gedim, mən də getdim. Onlar da yazıqdır, 5 manat qazanacaqlar deyə niyə cərimə olunsunlar? Bir-birimizi nəzərə alsaq, yaxşı olar”.
Sakin: “Səhv etmirəmsə, bu məntəqələr bir neçə ay əvvəl quraşdırılmağa başlayıb. Mənim təklifim budur ki, bu məntəqələrin yeri taksi tətbiqlərində qeyd olunsun. Məsələn, mən xəritədə görə bilim ki, yaxında minib-düşmə yeri var ya yox? Belə olsa, onlara da, bizə də rahat olar”.

Diqqət etmək lazımdır ki, bu məntəqələr yaradılarkən verilən rəsmi açıqlamada bildirilib ki, sürücülər həmin ərazidən yalnız 3 dəqiqə ərzində istifadə edə bilərlər. Adından göründüyü kimi, sözügedən məntəqələr qısamüddətli sərnişin mindirib-düşürmə üçündür. Bunun üçün isə bir neçə dəqiqə kifayət edir.
AYNA-dan Musavat.com-a o da bildirilib ki, mütəxəssislər tərəfindən digər küçə və prospektlərdə təhlillər aparılır. Təhlillər nəticəsində yeni minib-düşmə yerlərinin yaradılması təmin edilir. “Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir”, deyə açıqlamada qeyd olunub.
Nigar HƏSƏNLİ,
Fotolar müəllifə məxsusdur
Musavat.com






