İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Pekin olimpiadasını boykot etməyə hazırlaşır – “Vaşinqton Post”

349 17.11.2021 18:00 Dünya A A

Ağ ev 2022-ci ilin fevral ayında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot etməyə hazırlaşır. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın “Vaşinqton Post” qəzeti yazıb.

Qəzet etibarlı mənbələrə istinadla boykot qərarını bu ayın sonu prezident Cozef Baydenin elan edəcəyini xəbər verib.

“Vaşinqton Post”un əldə etdiyi bilgiyə əsasən, söhbət diplomatik boykotdan gedir. Yəni amerikalı idmançıların yarışda iştirakına icazə veriləcək, amma ABŞ prezidenti, eləcə də onun başçılıq etdiyi hökumətin heç bir nümayəndəsi olimpiada ilə əlaqədar Pekinə yollanmayacaq.

ABŞ rəhbərliyinin boykot yolunu seçməsinə səbəb kimi Çin Xalq Respublikasında insan haqlarının qəddarcasına pozulması göstərilir. Rəsmi Vaşinqtonun öz siyasi boykotu ilə buna nümayişkaranə şəkildə etiraz bildirmək qərarına gəldiyi qeyd olunur.

Beynəlxalq insan haqları qurumları neçə vaxtdır demokratik dövlətləri, xüsusilə ABŞ-ı Pekin-2022 Qış Olimpiya Oyunlarını boykot etməyə çağırır. Amma hüquq müdafiəçiləri tam boykotun, yəni idmançıların da Pekinə getməməsinin tərəfdarıdır.

Boykot çağırışlarında Çində insan hüquqlarının amansızcasına pozulması hallarından bəhs edilərkən demək olar həmişə ilk növbədə uyğurlara verilən zülmlər xatırladılır. Uyğurların məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalması, uyğur qadınların uşaq dünyaya gətirməsinə maneələr törədilməsi kimi hallara diqqət çəkilir.

ABŞ Dövlət Departamentinin son hesabatında 2017-ci ildən bəri 2 milyon uyğur və digər etnik azlıq nümayəndəsinin Çinin Sincan bölgəsində əsir düşərgələrində saxlandığı deyilir.

Bir çox ölkə, o cümlədən ABŞ Çin hökumətinin uyğurlara qarşı siyasətini soyqırımı kimi qiymətləndirir.

2021-ci ilin may ayında ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Pekin-2022-ni siyasi cəhətdən boykota tərəfdar olduğunu qeyd edib. Mart ayında isə senator Mitt Romni bu yarışı bütünlüklə, idmançılarla birgə boykot etməyin daha düzgün yol olduğunu söyləyib.

2008-ci ildə Pekində Yay Olimpiya Oyunları keçirilib. O vaxt ABŞ prezidenti olan, 2006-cı ildə Çin hökumətinin təqib etdiyi Tibet buddizmi ardıcıllarının lideri Dalay Lama ilə görüşərək ona Konqresin Qızıl medalını təqdim edən Corc Buş boykot çağırışlarına baxmayaraq Pekin-2008 Yay Olimpiya Oyunlarının rəsmi qonaqları sırasında yer alıb.

1980-ci ildə, Cimmi Karterin prezidentliyi dövründə ABŞ Sovet İttifaqının idman yarışından yararlanıb özünü reklam etməsinə şərik çıxmamaq üçün Moskvada keçirilən Yay Olimpiya Oyunlarını tam boykot edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR