İnsanlara hürriyət, millətlərə istiqlal!

Bankın filial müdirinin 800 min dolları bir neçə saata necə ələ keçirilib? - TƏFƏRRÜAT

1465 25.12.2019 15:37 Kriminal A A

“GünayBank”ın keçmiş sədr müavini növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Emin Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində Türkiyə vətəndaşı Zıvalı Serdar ifadə verib.

Zərərçəkmiş deyib ki, Emin Zeynalovu tələbə yoldaşı olmuş Orxan Vəliyev vasitəsi ilə tanıyıb: "Mən Bakıda təhsil almışam. Burada tələbə yoldaşım Orxan Vəliyevlə yaxın dostluğumuz yarandı. Universiteti bitirdikdən sonra qərara gəldik ki, birlikdə bizneslə məşğul olaq. Həmin ərəfədə Türkiyədə inşaat sektorunda yaxşı qazanc əldə etmək mümkün idi. İlk olaraq Türkiyədə işə başladıq. Sonra işləri Bakıda da davam etdirdik. 2018-ci ildə Orxan mənə dedi ki, tanışı Emin Zeynalov bankda işləyir və valyuta dəyişməklə məşğuldur. Təklif etdi ki, biz də Eminə pul verək. Mənim Orxanda 2 milyon dollarım var idi. Bizim işimiz belə idi ki, bir-birimizdə pulumuz olanda onu köçürmə etmirdik. Çünki bank xərcləri çox olurdu. Biz 6-12 aydan bir hesablaşırdıq. Mənim Bakıdakı qazancımla, Orxanın Türkiyədəki qazancından çıxırdıq. Bizim birlikdə Vyanada da biznesimiz var. Əvvəlcə 2 milyon dollar verdik. Sonra da 2 milyon 500 min dollar".

Suallara cavab verən Zıvalı Sərdar deyib ki, 4.5 milyon dolların hamısı ona məxsus olub. Hazırda pulunu tələb edən zərərçəkmiş Emin Zeynalovu ilk dəfə gördüyünü də qeyd edib: "Mən şəxsən Eminlə görüşməmişəm. İlk dəfə pulu verəndə Orxan mənə zəng elədi ki, pulu Eminə verir. Mən də razılaşdım".

Məhkəmədə zərərçəkmiş qismində Azərbaycan Beynəlxalq Bankının "Sumqayıt" filialının müdiri Tural Bağırov da ifadə verib. Tural Bağırov deyib ki, təqsirləndirilən Emin Zeynalovu 2001-ci ildən tanıyır: "Eminin qaynı ilə dost idik. Həmin ərəfədə Emin hələ universitetdə oxuyurdu. Sonra Emin də bank sektorunda işləməyə başladı. "GünayBank"da sədr müavini idi. Onun ucuz qiymətə valyuta mübadiləsi ilə məşğul olduğunu bilirdim. Mənim tanışlarım mənə valyuta mübadiləsi üçün müraciət edəndə Eminə yönləndirirdim. Çünki Emin daha ucuza alış və satış edirdi".

Tural Bağırov deyib ki, bir gün Emin ona zəng edərək ucuz qiymətə avro almağı təklif edib: "Mən də razılaşdım. Bir dəfə 100 min dollar, sonra 700 min dollar da göndərdim. 800 min dollara avro alınacaqdı. Sonra göndərilən 100 min manata isə dollar alınacaqdı. Bu əməliyyat bir gündə həyata keçirilməli idi. Zəng elədim, dedi ki, saat 12-yə qədər həll edəcək. Sonra 3-də, 4-də ödəyəcəyini dedi. Amma ödəmədi. Mən zəng edib dedim ki, nəsə problem varsa, görüşək. Dedi ki, axşama qədər həll edəcək. Sonra həmin gün Eminə zəng çatmadı. Səhər "GünayBank"a getdim. Eminin atası ilə də görüşdüm. Məlum oldu ki, artıq Emin yoxdur".

Suallara cavab verən Tural Bağırov deyib ki, 2015-2018-ci illər ərzində Emin Zeynalovla dəfələrlə valyuta dəyişmə əməliyyatları edib və heç bir problem yaşanmayıb.

İttihamda yazılır ki, Emin Zeynalov "GünayBank"da sədr müavini olan zaman müxtəlif şəxslərdən külli miqdarda pul alıb. Həmin şəxslərə vəd edib ki, bankdan kənar valyuta dəyişməklə qısa zamanda qazanc əldə edəcək, onlara da qazanc verəcək.

Bu məqsədlə Emin Zeynalov Rəşad Qəribovdan 200 min dollar, bacısının əri Fərid Məmmədov 1 milyon dollar, Tamerlan Şeyxzamanovdan 100 min dollar, M.Məmmədəliyevdən 2,5 milyon dollar, Əmrah İldırımzadədən 300 min dollar, Rövşən Əlizadədən 200 min dollar, Eldar Abbasovdan 600 min dollar, Rüfət Kərimovdan 1.4 milyon dollar, İlkin Nuriyevdən 750 min dollar, Orxan Vəliyevdən 4 milyon dollar, Vazeh Xələfovdan 20 min dollar, Elnur Talıbovdan 45 min dollar, Elgün Bağırovdan 1 milyon 850 min dollar, Türkiyə vətəndaşı Zivari Sərdar Mustafa oğlundan 4.5 milyon dollar, Araz Süleymanovdan 1.5 milyon dollar, Rahim Məmmədovdan 500 min dollar, Sahib Səfərovdan 3.5 milyon dollar, Tural Bağırovdan 1 milyon 460 min dollar, Heydər Süleymanovdan 134 min dollar alıb. Ümumi zərər 30 milyona yaxındır.

İş yoldaşı Xalidə Məmmədovanın isə evini satdığını və yeni ev almaq istədiyini bilib. Ona tanışları vasitəsi ilə sərfəli ev alacağını vəd edərək 143 min 700 dollar nağd pulunu ələ keçirib.

Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Emin Zeynalov elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir. Qeyd edilir ki, E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurlar da var.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR