İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya qarşı “Qarabağ planı” - Şuşa Bəyannaməsi işə düşə bilər 

1556 17.02.2024 11:38 Siyasət A A

Ermənistanın məkrli ssenariləri olduğu üçün regionda yeni müharibə riski qalır, lakin bu dəfə hücuma keçsə, qarşısında həm də Türkiyəni görəcək - analitiklərin təhlili

“Ermənistanın çox məkrli planları olduğu üçün regionda hələ də yeni müharibə riski qalır”. “Yeni Müsavat” bildirir ki, bunu türkiyəli tanınmış ekspert, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, professor Eray Guçluer deyib. 

“Bu ölkə silahlanır və sərhədlərin delimitasiyasını ləngidir. ABŞ, Fransa, Hindistan, qismən də İran və Rusiya ona silahlar verir. Səbəb isə sərhədlərin müəyyən edilməməsi, sülh müqaviləsinin şərtlərinin razılaşdırılmaması, Zəngəzur dəhlizinin hələ də açılmamasıdır. Təhlükələr var ki, sərhədlərin qeyri-müəyyənliyi bəhanəsi ilə Ermənistan gələcəkdə Azərbaycana yenidən hücum edə, Qarabağda muxtar bölgə yarada və bununla da yenidən Qarabağ problemini kəskinləşdirə bilər”, - ASAM rəhbəri xəbərdarlıq edib. Onun sözlərinə görə, Ermənistan Azərbaycana hücuma cəhd etsə, regionda konvension müharibə başlayacaq (iki və daha çox dövlət arasında açıq qarşıdurma şəraitində aparılan müharibə forması - red.) və Şuşa Bəyannaməsi ilə Türkiyənin bu müharibədə iştirakı legitimlik qazanacaq.

Bunu nəzərə alan analitik Ermənistanın belə böyük riskə getməyəcəyinə inanır: “Eyni zamanda Ermənistana silah tədarükü ciddi narahatlıq doğurur. Çünki bu, silahlı münaqişənin mümkün bərpası üçün tətikləyici faktora çevrilə bilər. Normalda Ermənistan belə səhvlərə yol verməməlidir. Lakin erməni diasporunun təsiri altında radikal addımlar ata bilər”. Ekspert əlavə edib ki, Türkiyə artıq belə ssenarilərə hazırdır və “əgər Ermənistan nə vaxtsa belə axmaqlığa qol qoysa, ərazilərini itirə bilər”. Söhbət əlbəttə ki, ən əvvəl kapitulyant Ermənistanın əsas havadarı Fransadan gedir. Azərbaycan, onun lideri isə rəsmi Parisin bəd niyyətləri ilə bağlı xəbərdarlığını həm İrəvana, həm də onu qızışdıran xarici qüvvələrə dəfələrlə çatdırıb. Son olaraq Prezident İlham Əliyev fevralın 14-dəki andiçmə zamanı deyib: “Ermənistanın nə qədər havadarı olsa da, heç kim bizi dayandıra bilməz. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər”.

“Ermənistanın hələ də öz dövlətçiliyini xilas etmək və Zəngəzur ərazisindən Azərbaycan üçün dəhliz açmaq şansı var. Əks halda, Azərbaycan Ordusu bunu özü edəcək". Bunu isə münaqişələr üzrə ekspert, erməni əsilli amerikalı Artur Martirosyan Ermənistan telekanalının siyasi tok-şousunda deyib. Onun sözlərinə görə, əgər Ermənistan Zəngəzur ərazisindən Naxçıvana dəhliz açılmasına könüllü razı olsa, o zaman bu yol üç ölkənin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatında göstərildiyi kimi, Rusiya hərbçilərinin nəzarətində olacaq: "Əks halda, yol zorla açılacaq. Və heç kim deməsin ki, Azərbaycan Ordusunun qarşısını ala biləcəklər. Paşinyanın nə Borrelə, nə də Makrona zəng etməyə vaxtı olacaq. Heç kim Ermənistana kömək etməyəcək". Ekspert hesab edir ki, Ermənistan Rusiya ilə münasibətlərində də diqqətli olmalıdır: “Ermənistan hakimiyyətinə məsləhət görə biləcəyim ikinci şey Rusiya ilə münasibətləri korlamamaqdır. Ukraynadakı müharibədən kimin qalib çıxacağını hələ heç kim deyə bilməz. Rusiya qalib gəlsə, Kreml İrəvanı diz çökdürəcək. Bütün risklər nəzərə alınmalıdır”.

Bakı şərt irəli sürür ki...” - Ekspert DETALLARI açdı

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimova görə, Azərbaycan ona qarşı ölkə hüdudlarından kənarda qalaqlanan təhdid ocaqlarını aşkarlamaq, həmin mənbələrdən yola çıxaraq dövlətə qarşı koordinatlar quran qeyri-leqal şəbəkələrin işini iflic etmək çağırışı ilə üzləşir: “Azərbaycan bu məsələdə strateji müttəfiqi olan Türkiyənin verdiyi kəşfiyyat məlumatları və tərəfdaş ölkələrin bəzi məxfi hesabatları ilə tanış olmaqla üstün mövqeyə yiyələnə bilər. Prosesin böyükölçülü miqyası Yaxın Şərqdə genişlənən eskalasiya həyəcanı, ekstremizmin alovlanması, radikal təşkilatların "çiçəklənməsi" və bunun Cənubi Qafqaza təsirləri fonunda təhlil edilə bilər. İlham Əliyevin sərhədlərlə əlaqədar təqdim etdiyi istiqamətlərdən biri də Ermənistanla münasibətlərin normallaşması prosesinin işığında əhəmiyyət daşıyırdı. İlk olaraq, Əliyevin Azərbaycan-Ermənistan mövcud “sıfır nöqtələri”ni şərti sərhəd kimi xarakterizə etməsi Bakının öz şərtlərini yeni regional konyunktura uyğun böyüdəcəyinin anonsudur". Ekspert qeyd edir ki, Əliyev “əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq” deyərək, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi mövqeyi ilə fikrinin ardını gətirdi: “Gec-tez Ermənistanda konstitusiya dəyişikliklərinin qaçılmaz olduğu görünə bilər. Lakin bir sual dövriyyədə fırlanır - görəsən, erməni cəmiyyəti, müxalifəti mümkün dəyişikliklərə hansı formada reaksiya verəcək və onlar iğtişaşlara gedəcəkmi? Hər halda, Azərbaycan Ermənistana ana qanununu dəyişdirməyi məsləhət görürsə, onun mümkün praktiki nəticələrinə də hazırlıq ssenarilərinə malikdir”.

Siyasi təhlilçi hesab edir ki, Əliyev andiçmə mərasimində çıxışı zamanı Azərbaycanın xarici siyasətdə yeni kursunu da elan etdi: “Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq. Bakı nə Qərb, nə Rusiya xəttini seçir, əksinə, bu iki qütb arasında manevr imkanlarını genişləndirmək və daha güclü mövqe tutmaq üçün öz cəbhəsini qurur. Paşinyanın son açıqlamaları isə o deməkdir ki, İrəvan sərhəddə mümkün təxribatlar öncəsi beynəlxalq ictimai rəyi "Azərbaycan müharibəyə başlayacaq" istiqamətində formalaşdırır. Əslində bununla Zəngilan istiqamətindəki təxribatın da hədəfini etiraf etmiş oldu. Bakını adekvat addımlara sövq edərək, hücum edən tərəf kimi göstərirlər, hazırda erməni snayperinin atəş açmasının arxa plana keçirilməsi və məsələni 4 erməni hərbçinin məhv edilməsi üzərində fokuslamaq cəhdləri də bunu isbat edir". 

Ekspertin fikrincə, Ermənistanın məqsədi sərhəddə vəziyyəti öz xeyirlərinə dəyişməkdir: “Paşinyan bunu açıq şəkildə dilə gətirir: sərhəddə "güzgü prinsipi" tətbiq edilməli - qoşunlar geri çəkilməlidir; sərhədin delimitasiyası SSRİ dağılanda mövcud xətlər üzərində aparılmalıdır. İrəvan anlayır ki, Bakı qoşunların geri çəkilməsini və sərhədin onların istədiyi formada müəyyən edilməsini qəbul etməyəcək. Məsələnin bu cür qalması Bakı üçün problem yaratmır, çünki sərhəddə üstünlük Azərbaycan Ordusunun əlindədir. İrəvan iki seçim qarşısında qalıb: ya sərhəddəki vəziyyətlə barışmalı və Bakının delimitasiyanı sonraya saxlayaraq, sülh sazişini imzalamaq təklifini qəbul etməlidir, ya da sərhəd delimitasiyasını sülh sazişi çərçivəsində aparmağa nail olmalıdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR