İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının marağında olan liman - tikintisi NİYƏ yubanır?

386 23.07.2026 12:26 Region A A

Anakliya dərin dəniz limanı layihəsi uzun illərdir Cənubi Qafqazın ən strateji infrastruktur layihələrindən biri hesab olunur. Bu liman təkcə Gürcüstan üçün deyil, Azərbaycan, Ermənistan, Mərkəzi Asiya ölkələri və hətta Avropa ilə Asiya arasında yükdaşımaların gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Buna baxmayaraq, layihə dəfələrlə dayanıb, investorlar dəyişib, müxtəlif maliyyələşdirmə modelləri təklif edilib və tikinti prosesi illərlə yubadılıb.

Anakliya limanının yeni inkişaf planı |JAMnews

Anakliya limanı geosiyasi layihədir və onun taleyi böyük dövlətlərin maraqlarının toqquşduğu nöqtəyə çevrilib. Layihə Gürcüstanı Qara dənizdə iri logistika mərkəzinə çevirməyi, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin imkanlarını genişləndirməyi hədəfləyir. Bu isə regiondakı mövcud iqtisadi və geosiyasi balansı dəyişə bilər. Əgər layihə regionun maraqlarına cavab verirsə, Gürcüstan niyə onu vaxtında reallaşdıra bilmir?

Qeyd edək ki, Gürcüstan hökuməti Anakliya dərin dəniz limanını “lendlord modeli” adlanan yanaşma əsasında tikmək qərarına gəlib. Yeni layihəyə əsasən, limanın əsas infrastrukturu dövlətin mülkiyyətində olacaq və onun inkişafını da dövlət həyata keçirəcək, terminallar isə icarəyə verilərək özəl beynəlxalq operatorlar tərəfindən idarə olunacaq. Bu qərar hökumətin limanın inkişafında əsas rolu strateji investorun oynayacağı modeldən imtina etməsi deməkdir. Dəyişikliklər Çin-Sinqapur konsorsiumu ilə investisiya sazişinin imzalanmamasından sonra elan edilib.

İyulun 6-da iqtisadiyyat naziri Mariam Kvrivişvili mətbuat konfransı keçirərək Anakliya dərin dəniz limanının tikintisi layihəsində ciddi dəyişikliklərin edildiyini açıqlayıb. Bildirilib ki, liman tam şəkildə dövlət mülkiyyətində qalacaq və onun səhmləri satışa çıxarılmayacaq.

Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, Azərbaycan baxımından Anakliya limanı xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, son illərdə Bakı Orta Dəhlizin inkişafına milyardlarla dollar sərmayə yatırıb: “Bakı-Tiflis-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və digər logistika layihələri məhz Avropa ilə Asiya arasında yükdaşımaların artırılmasına xidmət edir. Anakliya limanı istifadəyə verilərsə, bu marşrut daha böyük tonnajlı gəmiləri qəbul edə biləcək və Azərbaycanın tranzit potensialını da artıracaq. Xüsusilə konteyner daşımalarında yeni imkanlar yarana bilər”.

Photo by Politoloq Züriyə Ruslanqızı-Qarayeva  (@politoloq_dr.zuriyaruslanqizi) · July 9, 2025

Z.Qarayeva hesab edir ki, lakin burada maraqlı paradoks mövcuddur: “Anakliya limanı həm də Gürcüstanın mövcud Poti limanı ilə rəqabət aparacaq. Bəzi ekspertlər hesab edirlər ki, mövcud limanlara yatırılmış investisiyalar və müxtəlif biznes maraqları da layihənin sürətlə irəliləməsinə mane olan amillərdən biridir. Bu iddialar rəsmi şəkildə təsdiqlənməsə də, uzun illər davam edən gecikmələr belə ehtimalları gündəmdə saxlayır. Azərbaycan üçün bu layihənin reallaşması strateji baxımdan əlverişlidir, çünki Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq və ölkənin tranzit imkanlarını genişləndirəcək. Ancaq hazırkı vəziyyət göstərir ki, Anakliya artıq sadəcə liman tikintisi layihəsi deyil, Cənubi Qafqazın geosiyasi gələcəyini müəyyən edə biləcək strateji layihəyə çevrilib”.


Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR