İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının ağacları da adamları kimi...

888 08.08.2019 12:56 Yazarlar A A

Bakının ağacları da adamları kimi kövrək olublar, toxunmamış sınırlar – bəli, küləkli Bakının ağacları daha küləklərə tab gətirmirlər.

Bircə fərq var ki, ağaclar göz qabağında, necə deyərlər, aşkarda sınırlar, adamlar isə içəridən, gizlin–gizlin.

Sınan ağaclar qədimidir, on illərlə, bəlkə də bundan da çox Bakının tarixinə şahidlik edən, onunla birlikdə soyuğu- şaxtanı, qızmar yayı və çiskinli yazı-payızı yaşayan köhnə ağaclardır.

Elə adamların sınanları da, necə deyərlər, köhnə kişilərdir, hansılar ki, bu şəhərə, bu ölkəyə, onun tarixinə, yaşadığı çətinliklərə, əcaib metamorfozlarına tab gətirməyən kişilərdir.

Amma qədimi ağacların qürubu və onların hətta orta şiddətli küləklərə belə davam gətirməməsi mən bəndənizdə başqa assosiasiyalar da yaradır.

Köhnəlik, qədimilik daha duruş gətirə bilmir, yavaş-yavaş çökür və əslində biz bu illər ərziində qədimi ağaclardan on dəfələrlə artıq yeni ağaclar da əkməli idik, amma əkməmişik, necə ki, həyatımızda, siyasətimizdə yenilik etməmişik, “dədə-baba üsulu”ndan yapışıb durmuşuq, üstəlik, təəccüb də edirik ki, niyə dünyanın başqa xalqları bizə bir qədər fərqli, hətta təəccüblə baxırlar, axı biz “tolerant ölkəyik”, bizimlə birgə yaşayan digər xalqları hələ ki nəinki yemirik, hətta özümüzkülərlə onlar arasında hansısa fərq də qoymuruq, özümüzün soydaşlarımıza hansı münasibəti bəsləyiriksə, onlarla da elə davranırıq – gah başlarını sığallayırıq, gah da qapazlayırıq, özümüzünkülər üçün nəzərdə tutduğumuz cürbəcür yasaqları – qadağaları nöqtə-vergülünə toxunmadan onlara da şamil edirik, özümüzünkülər kimi onların da yalnız və yalnız tərifləmək haqqı var, özümüzünkülər kimi onların da yalnız seçkiyə gəlib qutuya bülleten salmaq haqqı var, qalanısa bizim başbilənlərimizin vəzifəsidir –qutudan nə çıxacağını isə yalnız onlar müəyyən edirlər...

Bəli, bu ölkənin təkcə qədimi-köhnə ağacları deyil, köhnə qaydaları da daha duruş gətirə bilmirlər: ağacları təbiətin, qaydaları isə zamanın küləkləri sındırır. Amma biz bunları görmürük, daha doğrusu, görmək istəmirik, sınmış ağacları doğramaq, budamaq üçün bitkiçilik idarəsinin əli baltalı işçilərini göndərdiyimiz kimi, sınan köhnə qaydaları da təmir – bərpa etmək üçün insanların üstünə əli zopalı polisləri göndəririk...

Mən elə də pessimist bir adam deyiləm. Amma bizim hakimiyyət mənsublu ekspertlərimiz məni bağışlasın, mən onların dediyi böyük, fövqəl yenilikləri bu şəhərdə, ümumiyyətlə, bu ölkədə tapa bilmirəm. Ötən əsrdə, xüsusən ondan bir əsr əvvəl də Bakı pullu-paralı şəhər olub, amma gəlin qaragül papaqlarımızı qabağımıza qoyub bir suala cavab verməyə çalışaq: Nəyin hesabına? Bəli, nəyin hesabına? Əziyyət çəkib diqqitnizi səfərbər etməyə çalışmayın, cavab sadədir: yalnız neftimizin hesabına!..

Bəli, iki əsr bundan əvvəl də Bakı “qara qızıl”ın hesabına milyonlar səltənəti idi, bu gün də belə səltənətdir, bircə fərqlə ki, o vaxtlar milyonçu əhli əsasən bəxti gətirib torpağında neft tapılan adi və insaflı insanlar idi, indisə milyonçular bizim şanlı məmurlarımızdır.

O vaxtın milyonçuları pullarını bu millətin yolunda xərcləyirdi, indiki milyonçu məmurlar isə neftdən gələn milyonları min cür üsulla oğurlayaraq xarici banklara daşıyırlar. O vaxt da böyük şəhərin böyük hissəsi kasıb idi, indi də belədir. O vaxt da bu şəhərin küçələrində bahalı maşınlar şütüyürdü, indi də belədir. Bircə, məsələ halal-haram söhbətindədir: o vaxt pullar əsasən halal üsullarla qazanılırdı, indi isə hər cür üsula əl atırlar və deyirlər ki, pulun qoxusu olmur, əsas odur, adamın çoxlu pulu olsun, onda onunla hamı hesablaşacaq...

Amma köhnə-qədimi ağaclar kimi, köhnə qaydalar da küləklərə davamsız olur, onlar dəyişməlidir, yenilənməlidir, əks təqdirdə yüngül bir külək belə onları aşıracaq. İki əsr bundan əvvəl ilk baxışda halal-dürüst qazanılan pullarda da bir haram vardı, çünki o vaxtın milyonçuları daha insaflı olsalar da, bütün hallarda bu pullar tamam halal deyildi, ona görə ki, neft bütün millətin sərvəti idi. Odur ki, həmin dövrün qaydaları yeni siyasi küləklərə davam gətirmədi, çökdü və o dövrdə qazanılan böyük pulların bir hissəsi xarici banklarda batdı, digər hissəsini isə bu ölkəyə yeni qayda gətirənlər müsadirə etdi.
İndiki “qayda”larla bağlı da gec-tez, əvvəl-axır elə belə olacaq, çünki indi haram daha çoxdur, qəddarlıq və insafsızlıq daha çoxdur, qazanılan çox böyük pullar nəinki haramdır, hətta bir çox hallarda aşkar oğurluqdur. Odur, indiki zamanda da inkişafdan yox, bizim köhnəlikdən, əski qaydalardan necə sallaşaraq yapışmağımızdan və bir gün növbəti siyasi küləklərin bu qaydaları da necə sovuracağından danışmaq lazımdı.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR