İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının 4 cümləlik Donbas bəyanatına Rusiyanın demarşı - ŞOK PLAN

1508 15.09.2023 10:22 Siyasət A A

Müttəfiqlik bəyannaməsində “Rusiya hansısa ərazini işğal edəcəksə, Azərbaycan onu tanımalıdır” deyə bir bənd yoxdur; Moskvanın bu qədər qəzəbinin daha hansı səbəbləri ola bilər...

Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın “yeni regionlarında” “seçkilər”lə bağlı bəyanatı Moskvanın xoşuna gəlməyib. Ona görə də Bakıya diplomatik demarş elan edib. Bu demarş Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dili ilə səsləndirilib.

“Azərbaycan tərəfi qarşısında diplomatik xətt boyunca demarş həyata keçirilib. Biz bununla bağlı hər şeyi ifadə etmişik” - sitat. Onun sözlərinə görə, bu cür bəyanatlar qəbuledilməzdir və müttəfiqlik xarakterinə uyğun deyil: “Biz ondan çıxış edirik ki, Bakı ölkəmizin ərazi bütövlüyü məsələsinə öz ərazi bütövlüyünə yanaşması kimi həssaslıq göstərsin”. Görün hansı dövlət müttəfiqliyə sədaqətdən dəm vurur. O ölkə ki ordusu 10 noyabr sənədinin ruhuna uyğun olmayan hərəkətləri Qarabağda üç ildir davam etdirir - erməni separatizmini mühafizə edir, rus bayrağı sancılmış tank öndə gedərək terrorçuların döyüş postlarına silah daşınmasında müşayiətçi rolundadır, Xankəndidə qondarma “rus icması” yaradır, rus mərkəzi açır, Xocalıda pravoslav kilsəsi tikir, Vardanyan adlı quduzu ərazilərimizə göndərir və s.

Halbuki həmin müttəfiqlik bəyannaməsində qeyd olunur ki, Rusiya və Azərbaycan separatizmə qarşı birgə mübarizə aparmalıdır. Moskva Bakıya bu problemə son qoymaqda birgə dəstək vermək əvəzinə, separatizmə hamilik edir. İkincisi, dünya Ukraynanın ərazi bütövlüyünü tanıyır və heç il yarım deyil ki, Xerson, Zaporojye, Donetsk və Luqansk işğal altındadır. Üstəlik, Rusiya özünə birləşdirdiyi bu ərazilərə hələ tam kontrol edə bilmir. Misal üçün, Xerson vilayətinin inzibati mərkəzi olan Xerson şəhəri Ukrayna ordusunun nəzarətindədir, Luqanskın Liman şəhəri haqda da eyni sözləri söyləmək olar, həmçinin ötən həftələrdə Ukrayna lideri Volodimir Zelenski Donetskə səfər etmişdi. Yəni bu necə işğal və ilhaqdır ki, bütövlükdə məsələ bitməyib. Bundan başqa, dünyanın elə ölkəsi yoxdur ki, Ukraynanın ərazi bütövlüyünü tanımasın, Suriya, Şimali Koreya, Eritreya kimi ölkələr istisna... Hətta Rusiyanın müttəfiqi Çin də rəsmi Kiyevi bu məsələdə dəstəkləyib. Eyni zamanda bugünlərdə Qarabağdakı qondarma seçkiləri tanımadığını həm Ukrayna XİN, həm ABŞ Dövlət Departamenti, həm Avropa İttifaqı, eləcə də Britaniya və digər ölkələr elan etdilər. Rəsmi Bakı bunun qarşılığında rus ordusunun işğalı altındakı Ukrayna ərazilərindəki saxta seçkiləri necə legitim hesab edə bilərdi? Bu elə Xankəndidə 23 nəfər təlxəyin bir yerə yığışıb özünə “prezident” seçməsini dolayısı ilə legitimləşdirmək deyilmi?

Qeyd edək ki, söhbət Azərbaycan XİN-in sentyabrın 9-da Ukraynanın işğal altındakı torpaqlarda, Rusiyanın isə rəsmi olaraq öz ərazisi hesab etdiyi regionlarda yerli idarəetmə orqanlarına keçirilən “seçkilər”dən gedir. Azərbaycan XİN-in bəyanatı cəmi dörd cümləyə sığıb: “Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir. Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır. Bu meyarlara cavab vermədiyi üçün Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur". 

Bununla belə, Zaxarova “Bakıya diplomatik demarş elan edib” dedikdə konkretləşmə aparmayıb, amma o anlama gəlir ki, həm diplomatik, həm hökumət kommunikasiyaları vasitəsilə Azərbaycan XİN-in bəyanatına etiraz edilib. Azərbaycan ilk dəfə deyil ki, Ukraynanın ərazi bütövlüyünü tanıdığını elan edir, amma bu dəfə konkret regionda Rusiyanın keçirdiyi “seçki”lərlə bağlı mövqeyi Moskvanı aşkar qıcıqlandırıb. Azərbaycan Rusiyanın rəsmi olaraq ərazi bütövlüyünü tanıyır, amma yeni regionları çərçivəsində deyil... Rusiyanın ən yaxın müttəfiqi Belarusun belə yeni regionları onun ərazisi kimi rəsmən tanıdığı haqda mövqeyi yoxdur. O halda, Rusiyanın bu qədər qəzəblənməsinin yəqin ki, başqa səbəbləri də var...

Bu hansı səbəblər ola bilər? Digər yandan, elə həmin Rusiyanın Ermənistana dəstəyi sayəsində onillər boyunca işğala məruz qalmış Azərbaycanın dünyanın hər hansı bir nöqtəsindəki işğala haqq qazandırması məntiqdən kənar olar.

Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı  olacaq” » Reyting.az

Qabil Hüseynli

Sualımızı cavablandıran professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Rusiya bütün ölçüləri itirib, beynəlxalq hüququn normalarına hörmətsizliyi şakərə çevirib. Q.Hüseynli vurğuladı ki, Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qəsd etməsi, işğal etdiyi torpaqlarda saxta seçkilər keçirməsi nə dünya, nə Azərbaycan tərəfindən qəbul edilir. “Bakı bu "seçki"ni niyə tanımalıdır ki, axı özümüzün də oxşar problemimiz var?! Belə yalan-palan seçkilər qeyri-legitimdir. Az qala bütün dünya belə hərəkət edib, Moskva bundan nəticə çıxarmaq əvəzinə, bizim müttəfiqlik borcumuzu yerinə yetirmədiyimizi iddia edir. Müttəfiqlik yaxşı bir məsələdirsə, Qarabağdakı oyuncaq seçkilər haqda niyə susursan? Niyə separatçıları qışqırdıb Azərbaycanın üzərinə göndərirsən? Kremlin bu yanaşması Azərbaycana hədyanla yanaşı, beynəlxalq hüquq normalarına əməl etməməkdir, ona görə də qətiyyən rəncidə olmağa dəyməz", - deyə professor bildirdi.

Dairəsi ləğv edilən Qənizadə həqiqəti danışdı - VİDEO

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirdi ki, Moskvada imzalanmış müttəfiqlik bəyannaməsində Rusiya hansısa ərazini işğal edəcəksə, Azərbaycan  onu tanımalıdır deyə bir bənd yoxdur: “Bu baxımdan, işğal edilən ərazilərdə keçirilən saxta seçkilər tanınmayacaqdı. Biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, bundan sonra da tanıyacağıq. Rusiyanın xoşuna gəlməsə də, bunu bizdən beynəlxalq hüquq tələb edir”. Hüquq müdafiəçisi bildirdi ki, Moskva separatizmi 30 ildir qorumaqdadır: “Rusiya Minsk Qrupunda həmsədr ölkə ola-ola Xankəndidə separatçıları himayə edib. Vladivostokda keçirilən iqtisadi forumda Putinin Laçın, Kəlbəcər və Dağlıq Qarabağ barəsində dedikləri də bu mənada aydın təsəvvürlər yaradır. Deməli, Rusiyanın Azərbaycan torpaqlarını parçalayıb Ermənistana vermək niyyəti olub, lakin dövlət rəhbərliyimiz bununla razılaşmayıb. Ona görə də biz Rusiyanın işğal etdiyi ərazilərdə, Ukraynadan qopardığı torpaqlarda keçirdiyi saxta seçkiləri tanıya bilmərik”.  Ç.Qənizadənin fikrincə, müttəfiqlik bəyannaməsində Rusiyanın işğal etdiyi ərazilərdə keçirilən seçkiləri qəbul etmək öhdəliyimiz yoxdur, bu, Azərbaycanın demokratik imicinə də zərbə olardı və beynəlxalq tənqidlərə məruz qalardıq: “Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında ədalətli, səmimi mövqeyini hələ ki görmürük”.

Politoloq Turan Rzayev Qərbi azərbaycanlıların siyahıya alınmasının  səbəblərini açıqladı

Turan Rzayev

Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Putin işğal edilən vilayətlərin Rusiya Federasiyasına qəbul edilməsi haqqında sazişləri 2022-ci ilin noyabrında imzalayıb, yəni rəsmi Bakının bu vilayətləri Rusiya ərazisi kimi qəbul etmək öhdəliyi yoxdur: “43 maddəlik bəyannamənin bir maddəsində belə Rusiyanın işğal edəcəyi ərazilərin Azərbaycan tərəfindən qəbul ediləcəyi barədə maddə yer almayıb. Zaxarovanın unutduğu əsas məsələ isə Azərbaycanın Rusiya ilə müttəfiqlik xarakterinə uyğun olaraq bu günə qədər Qərbin, ABŞ-ın sanksiyalarına qoşulmamasıdır. Müqayisə üçün deyim ki, Ermənistan sanksiyalara qoşulduğu kimi həm də Roma Statutunu qəbul edərək Rusiya prezidentinin bu ölkəyə səfərini hüquqi olaraq bloklayıb. Azərbaycan bunu da etməyib. Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR