İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı 200 minlik maşınlar, qazinin etirazı...

2136 03.06.2022 14:01 Yazarlar A A

 

 Kim erməniyə güllə atıbsa, kim bu döyüşlərdə hətta arxa cəbhədə avtomat sazlayıb, top mərmisi daşıyıbsa, qəhrəmandır, müharibə iştirakçısıdır

 

Dünən Qarabağ qaziləri ilə bağlı hadisə yenidən cəmiyyətin diqqətini bu mövzuya yönəltdi.  Müharibələrdən sonra belə narazılıqlar, etirazlar  həmişə olur. Həm də bütün müharibələrdən sonra... Bura Vyetnam müharibəsi də daxildir, Əfqanıstan da, Abxaziya da, Çeçenistan da, Qarabağ da.

Məşhur “İlgım”(“Miraj”) və “Rembo” filmlərini xatırlayırsızmı? Vərəm xəstəsi olan Vyetnam müharibəsi qəhrəmanını inkassator maşını oğurlamağa, Silvestr Stollenin canlandırdığı “Rembo” kod adlı keçmiş döyüşçünün bir polis şerifinin sayğısızlığı səbəbindən  yenidən silaha sarılmasının motivləri də aşağı-yuxarı eynidir.  

Əfqanıstan müharibəsi bir az fərqli idi, amma ordu oradan çıxandan sonra bu barədə onlarla film çəkildi, hamısında da bir ortaq qırmızı xətt vardı: biz vuruşanda, siz haradaydınız?

Birinci Qarabağ savaşından sonra ölkədə uzun müddət siyasi sabitlik olmadı, qaçqınlar bu problemləri daha da qəlizləşdirirdi. Qazilər çox qəzəbli idi, vətənin bir parçası əldən getmişdi, işğal altına düşmüşdü. Amma məğlubiyyətdə bu adamların günahı yox idi ki...Onların dostları, döyüş yoldaşları şəhid olmuşdular, yarımcan qayıdanlar, əlil ağacı ilə gəzənlər hər yerdə qarşına çıxardı...Millətin say-seçmə oğlanları ya şəhid olmuşdu, ya qazi, ya da didərgin. Ölkə kasıb, siyasi vəziyyət qarmaqarışıq...

O zaman da qazilərin haqqına girənlər vardı. Məsələn, ağacdan yıxılıb əzilənlər nə yollasa “Qarabağ əlili” vəsiqəsi alırdı, gedib idarələrdən torpaq sahəsi, ev, çayxana yeri istəyirdi. Amma elə müharibə iştirakçıları vardı ki, “məğlub ordunun nə qazisi?” deyirdi, ehtiyac içində olmasına baxmayaraq, heç bir idarənin qapısını döymürdü. Yadımdadır ki, Bakı İcra Hakimiyyətinin hansısa düşüncəsiz məmuru ayağının biri olmayan qaziyə şəhərdə çəkmə silmək işi təklif etmişdi. Təsəvvür edirsiz? 

Belə “nümunələr” Birinci Qarabağ müharibəsində çox olub. Amma indi min şükür ki, dövran da, Azərbaycan da o dövlət deyil. Dövlət oturuşub, güclənib, abadlaşıb, yeni komitələr, nazirliklər yaradılıb, hərə öz işini bilir. Əvvəl bir adamın sivisi üçün 10 kağız lazım idi, indi hər şey kompüterin bir düyməsinə bağlıdır. Deməyim odur ki, məsələn, bir qazi  haqqında məlumat bazası yaratmaq asan işdir. Halbuki Birinci Qarabağ müharibəsində döyüşmüş, əziyyət çəkmiş o qədər adamlar oldu ki, bunu sənədlə sübut edə bilmədilər, “sənədin kökü” qalmayıb deyib, haqqını yedilər. İndi isə belə olmamalıdır...

İkinci Qarabağ müharibəsi Azərbaycanın təkcə müasir deyil, ümumiyyətlə, tariximizin ən şərəfli səhifəsidir. Kim erməniyə güllə atıbsa, kim bu döyüşlərdə hətta arxa cəbhədə avtomat sazlayıb, top mərmisi daşıyıbsa, qəhrəmandır, müharibə iştirakçısıdır. Şəhidlərimiz bizim baş tacımızdırsa, qazilərimiz bizim o tarixin canlı şahidləridir. Şəhidlər və şahidlər arasında cəmi bir hərf fərqi var. Biz o fərqi görməməliyik, şəhid adı gələndə qürurlanırıqsa, qazi  gələndə ayağa qalxmalıyıq. Hamısının qarşısında, fərq qoymadan...

Şəhərdə medallı qazilər görürəm hərdən, tanımıram, amma yaxınlaşıb onları bağrıma basıram, onlara canlı tarix kimi, qəhrəman kimi baxıram. Mən bir azərbaycanlı, bir şuşalı kimi özümü onlara borclu sayıram. İndi alnıaçıq gəziriksə, indi işğaldan azad torpaqlarımıza gedə bilirksə, onların xidmətləridir bu... İnanıram ki, özünü bu ölkənin vətəndaşı, vətənpərvəri hesab edən hər bir adam belə düşünür.

Dövlət də bu işi müharibədən dərhal sonra ən yüksək səviyyədə  qurmağa başladı. Birinci Qarabağ müharibəsində döyüşənlər belə diqqətdən kənarda qalmadı. Ağır xəsarət almış qazilərə “YAŞAT” Fondu vasitəsilə hər cür yardım da edilir, müalicə üçün ölkə kənarına göndərilirlər də. Amma qazilər arasında narazılıqlar var. Görünür, kimlərsə,  üzərinə düşən işi vicdanla görmürlər. Qazinin niyə hansısa idarənin qarşısında əsəbləri gərilməli, “uşağım acdır” deyib fəryad etməlidir? Niyə? Bakıda şütüyən maşınlara baxın-hər üç-dörd maşından birinin qiyməti ən azı 200 min manatdır. Baxırsan, sürən bir harın balasıdır, haradan alırlar bu qədər pulu?  Kiminsə varında gözümüz yox. Amma bu varlı dövlətdə qaziyə niyə normal təqaüd verilməməlidir ki?  Niyə onlar dövlət orqanların qarşısında əsəb gərginliyi keçirməlidirlər? Bu oğullar axı düşmənə qan uddurublar, onların qarşısından qaçmayıblar, ağlamayıblar, əksinə ermənini ağlar günə qoyublar, millətimizə etdiklərinə görə qisasımızı alıblar. Həm də adamın pisinə gəlir ki, bu videolara axı düşmən də baxır...

İndi hər şey asandır. Kim döyüşüb, yaralanıb, hansı şücaət göstərib, hamısı fiksə olunub. Bu adamlar dövlətini, millətini, torpağını qoruyublar, düşməndən geri alıblar. Onlar ehtiyac içində yaşamamalıdır, onlar haqqı olan pensiyanı da, medalı da, evi də, maşını da almalıdırlar. Mən inanmıram ki, kimsə indi qazi kimi haqqı olmadan dövlətdən yalandan nələrsə tələb etsin.  

...Müharibə hələ bitməyib. Kim belə düşünürsə, səhv düşünür. Dünyanın gərdişinə baxın, təkcə erməni ilə deyil, heç gözlənilməyən düşmənlə də üzləşməli ola bilərik. Qazilər o zaman yenə də öndə olacaqlar.

Onların qiymətini və qədrini bilək...

Nazim SABİROĞLU,
Musavat.com    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR