İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Turan birliyi ilə bağlı tədbirdə ilginc təkliflər - FOTOLAR

3716 13.04.2024 22:21 Ölkə A A

Aprelin 13-ündə Beynəlxalq Qarabağ Təşkilatı (BQT) və Azad Vətən Partiyasının (AzVP) birgə təşəbbüsü ilə dəyirmi masa keçirilib. Musavat.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman oğul və qəzlarımızın xatirəsini sayğı ilə yad edib, ruhlarına dua oxuyublar. Həmçinin Türk şəhidliyini ziyarət edən Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstandan olan təmsilçilər Bakının və bütün Azərbaycan torpaqlarının daşnak tör-töküntülərinin, bolşeviklərin işğaldan azad edilməsi uğrunda şəhid olan qardaşlarımızın xatirəsini sayğı ilə anıblar.

Daha sonra “Kaspian Plaza”nın “Lütfi Zadə texnoloji mərkəzi”ndə “Azərbaycan tarixi və milli ideya” mövzusunda keçirilən dəyirmi masa əvvəlcə şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Toplantıya moderatorluq edən BQT-nin koordinatoru , iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi bildirib ki, Qarabağ torpaqları düşmən işğalından azad edilənədək, 150-200 illik tarixdə cənubli-şimallı bir xalq, millət olaraq ən böyük milli ideyamız müstəqillik ideyası olub. Sonrakı illərdə torpaqlarımızın erməni işğalından azad edilməsi ideyası ətrafında birləşmişik. 2020-ci ildə başlayan proses 2023-də reallaşıb və bu gün bütün ərazilərimizə nəzarət edirik.

“İstənilən milli ideyanı formalaşdırmaq üçün mütləq tariximizə istinad etməliyik. Bu gün tariximizlə bağlı çoxlu çatışmazlıqlar var”-deyən Şamil Mehdi yeni milli ideya ətrafında birləşməyimizin zəruliyindən bəhs edib.

Daha sonra tarix üzrə fəlsəfə doktoru Akif Nağı Azərbaycan tarixinə qısa nəzər salıb, yeni baxışla əlaqəli fikirlərini açıqlayıb. Akif Nağı Turan birliyi ideyasını həm milli ideya, həm də Türk dünyasının ümumi ideyası olaraq təklif edib. Siyasi partiyaların da QHT-lər kimi cəmiyyətin bir hissəsi olduğunu və vətəndaş cəmiyyəti ilə birgə hərəkət etməsinin ümumi işə fayda verəcəyini qeyd edən bu işdə daha səylə çalışmağın zəruriliyindən danışdı. Müzakirələrin gedişində A.Nağının müəllifi olduğu, Azərbaycan, ingilis, rus dillərində dərc olunmuş kitablarından da bəhs olundu. Müəllif dedi ki, milli ideya mütləq olmalıdır. Cənab preziddnt də bu barədə fikrini deyib. “Vaxt var idi ki, milli ideyanı Qarabağın azadlığı üzərində qururduq. İndi biz təklif edirik ki, milli ideya kimi bütün türk dövlətlərində və türk dünyasında Turan birliyi ideyası götürülsün. Azərbaycan Prezidenti də vurğuladı ki, bizim ailəmiz türk dünyasıdır. Bizim əsas məqsədimiz də bu ideyanı təbliğ etməkdir”. A.Nağı qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Turan Dövlətləri Birliyi adlandırılsa, daha uğurlu seçim olardı. Natiq bildirib ki, Turan ideyasının inkişafında türk dövlətlərində yaşayan etniklərin iştirakına da nail olmaq lazımdır.

Təklif ətrafında tarix elmləri doktoru Qasım Hacıyevin təəssüflə vurğuladığına görə, Azərbaycan tarixində ağ-qara ləkələr o qədərdir ki, bitmir: “Elə bir dönəm yoxdur ki, ora saxtalaşdırılmamış olsun. Hətta 1972-ci ildə Əbülfəz Elçibəy bizə şərq xalqları tarixindən dərs deyən zaman bildirirdi ki, nə oxuyursubuz, hamısı saxtadır. Sovetlər zamanı Azərbaycan tarixinin yeganə doğru yazıldığı dövr Əlövsət Quliyevin dövrü olub. Ancaq onu rus dilindən Azəbaycan dilinə dərc etməyi qadağan etdilər”.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar çıxışında qeyd edib ki, siyasi partiyalarla ictimai təşkilatların bir arada olması çox normaldlr. Ziya bəy bildirib ki, Kür- Azərbaycan tarixi, Araz mədəniyyəti türk tarixinin mühüm bir parçasıdır.

“Biz də Azərbaycanın bir parçasıyıq. Dədələrimiz İrəvandan Arazı keçərək İğdıra gedib”-deyən Ziya Zakir bəy qeyd etdi ki, Akif Nağı Turançılıq yolunda gözəl işlər görüb, amma bu iş burda qalmamalıdır. Onun sözlərinə görə, bəzən Türk tarixini yanlış yola yönəldirlər: “Keçmişimizi doğru öyrənmədiyimizdən başımıza müsibətlər gəlib.

Avropa Birliyi kimi, Türk Birliyi adı altında bir yerdə olmalı, birliyimizi irəli aparmalıyıq. Mədəni birliyimiz çərçivəsində irəli getsək, daha böyük uğurlu nəticələr əldə edə bilərik”.

Van Azərbaycan Evinin və Van Küresünlilər Tarix və Kültür Araşdırma Dərnəyinin başqanı Bilal Yücebaş ilk dəfə Bakıda olduğunu söyləyərək bildirib ki, ata torpaqlarımız Azərbaycandır: “Özümüzü öz evimizdə hiss edirik. Cənubi Azərbaycana çox getdik, amma ilk dəfədir Bakıdayıq”. V.Yücebaş deyib ki, biz turançılıq ideyasının bir parçasıyıq: “Azərbaycan və Türkiyənin bu işləri irəli aparması çox önəmlidir. Bir millət, iki dövlət şüariı artıq öz sözünü deyib. Gənclərin, xanımların bu işlərin içində olması lazımdır”.

Gürcüstan türklərini təmsil edən Maarif Cəmiyyətinin rəhbəri Ələddin Qarabağlı qeyd etdi ki, bu istiqamətdə xeyli işlər görülməlidir. Keçən il Gürcüstanda Azərbaycan məktəblərinin qurultayını keçirməyə nail olan Ə.Qarabağlı Borçalı türklərinin ana dilində dərsliklər probleminin olduğunu, bu problemin həlli üçün kömək gözlədiklərini bildirdi: “Gürcüstanda yaşayan azərbaycanlı şagirdlər bu günədək Azərbaycan tarixini keçməyiblər. 80-ci illərdə 6 ay müddətdə tədris olunub, sonra dayandırılıb. Bu, assimilyasiyadır”. Natiq səslənən ideyanı dəstəkləyərək, “Turan birliyi, türkçülük, azərbaycançılıq çox önəmli məsələdir. Bu gün ziyalıların bir araya gəlməsi, fikir söyləməsi olduqca vacibdir”, söyləyib. 

Daha sonra tədbirdə iştirak etmək üçün Rusiyadan gəlmiş diasporamızın fəalı Elşən İbrahimov, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, filologiya üzrə fəlsəfə doktoru Səkinə Bayramlı, iqtisadçı Azər Səfərov, tədqiqatçılar Novruz Novruzov, Fəzli Mir, Afiq Axundov, Emin Hacıyev və digərləri çıxış ediblər, səslənən ideya ətrafında münasibət bildiriblər, ilkin təşəbbüs olaraq müsbət yanaşma ortaya qoyublar, səslənən təklifin ictimailəşdirilməsinin vacibliyini qeyd ediblər. Həmçinin bu ideya ətrafında daha detallı müzakirələrin aparılması barədə qərar qəbul olunub.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR