İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda "Sobsan" fabrikində yanğın söndürülüb, xəsarət alanlar var FOTO VİDEO YENİLƏNİB 9

13645 05.07.2020 08:01 Son xəbər A A

Bakının Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən tam söndürülüb. 

FHN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.

Yanğının xüsusilə mürəkkəbliyinə, obyektdə böyük həcmdə tezalışan və partlamaya meylli maddələrin saxlanıldığına baxmayaraq, yanğınsöndürmə və xilasetmə qüvvələrinin effektiv tətbiqi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının qarşısı alınaraq daha böyük fəsadların baş verməsinə, o cümlədən yanğının genişlənərək ətraf ərazilərə yayılmasına, obyektə bitişik evlərə keçməsinə imkan verilməyib.

Həmçinin, fabrik ərazisindəki salamat qalmış mal-materiallar FHN qüvvələri tərəfindən yanğından mühafizə məqsədilə ərazidən kənarlaşdırılıb. Yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3 000 kv.m. ərazi yanıb. FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib.
Yanğının başvermə səbəbləri araşdırılır.

****

Bakının  Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən alınıb.

FHN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, hazırda bəzi xırda tüstülənmə mənbələrinin tam söndürülməsi işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

****

Binəqədi rayonundakı Sobsan boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini qeyd edib ki, artıq yanğının yayılma təhlükəsi yoxdur: “Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı 5-i Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bəzilərinə ambulator yardım göstərilərək, öz iş yerlərinə qayıdıblar”.

Nazir müavini bildirib ki, ilkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tez alışan maddələr əksəriyyət təşkil edib. 

****

Musavat.com-un məlumatına görə, Sobsan boya fabrikində yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

****

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

****

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.

****

Hazırda Sobsan boya fabrikində yanğın partlayışla davam edir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan APA-ya verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib.


TƏBİB-dən verilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadsına müraciət edən olmayıb.

****

Əldə edilən son məlumata görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

****

Bakının Binəqədi rayonunda Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahdan APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.

Qərargahdan APA-ya verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

***

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir. 

APA-nın hadisə yerində olan müxbirinin məlumtına görə, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb. 

APA-nın məlumtına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. 

FHN-dən APA-ya faktı təsdiqləyiblər. 

Əlavə məlumat veriləcək.


 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR