İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kuryoz hadisə: Oğurluğa gedən şəxs başqa oğrularla rastlaşdı

1222 18.11.2021 14:32 Kriminal A A

Azərbaycanda özgənin əmlakını ələ keçirmək məqsədilə quldurluq edən zaman kömək üçün başqalarını da bu işə cəlb edən şəxsə hökm oxunub.

Musavat.com Oxu.Az-a istinadən cinayət işinin motivlərini təqdim edir.

Söhbət ondan gedir ki, Vəfadar (ad şərtidir) 2018-2019-cu illərdə Bakıda elektron əşyalar satan mağazaların birində kassir işləyib.

Ancaq onun iş prosesində müdiriyyətlə mübahisələri yaranıb və işdən qovulub.

Bu hadisə Vəfadarda kin yaradıb və o, qisas almaq fikrinə düşüb.

Aptekdən oğurluq etmək istəyənləri prosesə cəlb edir

Vəfadarın qisasının motivi oğurluq olub. Belə ki, o, 2021-ci ilin aprelin 26-da gecə 03:00-da həmin mağazanın önünə gələrək içəri keçməklə soyğunçuluq etmək istəyib.

O, uyğun vaxt tapan kimi mağazanın qapısını açmağa çalışıb... Məsələ burasındadır ki, bu zaman çətin vəziyyətə düşüb.

Yəni mağazanın qapısı iki laydan ibarət olduğundan və hər layı bir tərəfə açıldığından Vəfadar niyyətini həyata keçirə bilməyib.

Qapını açmağa gücü yetməyəcəyini anlayan Vəfadar həmin vaxt görüb ki, iki nəfər tanımadığı şəxs yolun kənarında olan aptekə oğurluq üçün girməyə çalışır.

Vəfadar məhkəməyə ifadəsində bu barədə danışarkən deyib:

“Həmin şəxslərə yaxınlaşdım, bildirdim ki, aptekə oğurluğa girməsinlər, çünki siqnalizasiyası var. Təklif etdim ki, əvəzində mənə kömək etsinlər və əlbirliyi ilə mağazanın qapısını açaq. Bunun müqabilində onların hərəsinə 100 manat pul verəcəyimi dedim. Həmin şəxslər mənimlə razılaşdılar”.

Üç nəfər oğurluq niyyəti ilə birgə iş görüb və nəticədə Vəfadar içəri girib. Ancaq burada qarşılaşdığı mənzərə onun niyyətini quldurluq aktına keçirib.

O, oğurluq üçün daxil olduğu mağazada mühafizəçi ilə üzləşib. Vəfadar psixoloji üstünlük qazanmaq üçün mühafizəçini hədələyib, onun bu işə qarışmamasını, heç kimə bu barədə xəbər verməməsini tələb edib.

Daha sonra kredit şöbəsi otağındakı dolabın üst siyirməsindən 2800 manat nağd pulu ələ keçirib qrupun digər üzvləri ilə birlikdə hadisə yerindən uzaqlaşıb.

Əvvəlcədən vəd etdiyi kimi həmin şəxslərin hərəsinə 100 manat pul verir.

Mühafizəçinin ifadəsi

Hədələməyə məruz qalan mağazanın mühafizəçisi isə ifadəsində göstərib:

“Gecə saat 03:10-da imsak hazırlamaq üçün mətbəxə keçdim. Orada olan zaman zaldan səs-küy gəldiyini eşitdim, dərhal mətbəxdən çıxdım. Bu zaman gördüm ki, kredit şöbəsinin qarşısında uzunboylu bir nəfər dayanıb. O, məni görən kimi əlindəki vintaçanla üzərimə hücum çəkdi, qışqıraraq kənara durmağımı, əks təqdirdə isə məni vuracağını bildirdi. Pulları götürüb getdikdən sonra mən mağazanın müdirinə zəng edib vəziyyəti izah etdim”.

Oğurluq niyyətinin quldurluğa çevirən Vəfadar Cinayət Məcəlləsinin 181-ci maddəsinin (quldurluq) bir neçə bəndi ilə təqsirli bilinib.

O, doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR