İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Xankəndi dəmir yolu xətti nə zaman işə salına bilər - açıqlama

3243 24.11.2020 10:00 Gündəm A A

Hazırda müzakirəsi gedən layihədə Azərbaycanla yanaşı, Rusiyanın da maraqları var

Sovet dövründə fəaliyyət göstərən, lakin müstəqillik illərində Qarabağın işğalından sonra istifadəsiz qalan, dağıdılan Xankəndi-Bakı dəmir yolunun yenidən işə salınması gündəmə gəlib. Belə ki, bu istiqamətdə artıq ilkin işlərə başlanılıb.  Xüsusi komissiya noyabrın 22-də 30 ildir istifadəsiz qalan Xankəndi dəmir yolu vağzalına baş çəkib. Məlum olub ki, hazırda təkcə relslər deyil, vağzal da tamamilə yararsız vəziyyətə düşüb.

Dəmir yolunun bərpası məqsədilə müzakirələrin başlandığı haqda “İzvestiya” qəzeti məlumat yayıb. 

Azərbaycan mətbuatında yayılan məlumatda isə qeyd edilir ki, Azərbaycan Dəmir Yolları Yevlax-Xankəndi dəmir yolunun Ağdam, Xocalı və Xankəndindən keçən yeni qolunun inşasını müzakirə edir. Yeni xəttin uzunluğu 104 km olacaq. Xəttin Yevlax (final) - Bərdə - Köçərli - Təzəkənd - Ağdam - Əsgəran - Xocalı - Xankəndi (final) stansiyalarından ibarət olacağı ehtimal olunur.

Məlumat üçün qeyd edək ki, Qarabağın dağlıq bölgəsinə dəmir yolu xəttinin çəkilməsi hələ Çar Rusiyasının dövründə planlaşdırılıb. Bakı-Tiflis-Yevlax dəmir yolunun Şuşaya qədər uzadılması qərara alınıb və yolun inşasına 1912-ci ildə başlanıb. Bu, Rusiya imperiyasında nadir rast gəlinən bir dəmir yolu olmalı idi. Amma çətin relyef tezliklə yolun inşası məsələsini gündəmdən çıxarıb. Dəmir yolunun inşası məsələsinə bir də sovetlər dövründə qayıdıldı. Ancaq bu dəfə Şuşa tikinti planından çıxarıldı. Demək olar ki, dəmir yolu planı tam dəyişdi - marşrutun Ağdam və Bərdədən keçməklə sonuncu stansiyasının Xankəndi olmasına qərar verildi. Xankəndinə gedən relslər 1942-ci ildə döşənib başa çatdı, amma bu yol, yəqin ki, müharibə səbəbindən rentabelli olmadı. 1960-cı illərdə bu xətt yenidən qurulmağa başladı.

Rusiya Xankəndi-Bakı dəmiryolunu açmaq istəyir - VİDEO - İki sahil

1962-ci ildə Bakıdan Yevlağa gələn marşrut xətti Bərdəyə qədər uzadıldı. 1967-ci ildə isə bu bölgənin qatarla Bakıya getmək istəyən sakinləri artıq Ağdamdan yola düşə bilirdilər. 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndi oldu.  Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi məhz bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur.

Bildirilir ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Qeyd edək ki, ekspertlər də sözügedən dəmiryol xəttinin əhəmiyyətini vurğulasalar da, bunun tezliklə reallaşacağını mümkün hesab etmirlər.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Xankəndi Azərbaycan ərazisidir və öz ərazimizdə avtomobil yollarının, dəmir yolunun açılması  normal bir haldır, belə də olmalıdır: “Xankəndi bizimdir, Azərbaycan ərazisidir. Ancaq bu işlərin belə sürətlə həyata keçirilməsi o qədər də inandırıcı görünmür. Çünki hələlik bir müddət təhlükəsizlik məsələlərinin həlli ilə məşğul olacaqlar. Təmir-tikinti işlərinin aparılması kifayət qədər təhlükəsizlik tələblərinə əməl olunmasını tələb edir. Minalanmış ərazilər var, müharibənin izləri hələ silinməyib, partlamamış mərmilər var. Ona görə də qısa zamanda bu xəttin bərpası inandırıcı görünmür. Ən yaxşı halda  icmalar arasında münasibətlərin də yavaş-yavaş bərpa  olunmasına ehtiyac var ki, sonrakı mərhələdə kommunikasiyaların açılmasının bir məntiqi olsun, iqtisadi-sosial səmərəsi olsun. Burada icmalararası münasibətlərin də tədricən düzəlməsi prosesi olmalıdır. Azərbaycan II Qarabağ savaşında qalib gəldi, biz də qalib xalq kimi davranmağı öyrənməliyik. Xankəndində və digər kəndlərdə qalacaq erməni əsilli Azərbaycan vətəndaşlarına bu ölkənin vətəndaşı kimi münasibət göstərməyi və onların gələcəkdə Azərbaycana inteqrasiya olunmasına çalışmalıyıq. Biz 26 il öncəki kimi davranmalı deyilik, əvvəl məğlub durumda idik. Ona görə də sülh haqqında danışıqlar, icmalararası münasibətlər haqqında danışıqlar Azərbaycan tərəfində qıcıq yaradırdı. Təbii ki, haqlı qıcıq yaradırdı. İndi isə erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan pasportu daşımasına, gələcəkdə Azərbaycana inteqrasiya olunmasına çalışmalıyıq. Kommunikasiya xətlərinin açılması da bunun istiqamətlərindən biridir”.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Natiq Cəfərli

Rusiyanın bu məsələdəki maraqlarına gəlincə, N.Cəfərli vurğuladı ki, Rusiya həm bəyanatdan irəli gələn müddəaları yerinə yetirməyə çalışır, həm də özünü bu bəyanatın təninatçısı kimi, qarantı kimi göstərməyə çalışır: “Görüləcək hər hansı işləri Rusiyanın bölgədəki uğuru kimi göstərməyə çalışır. Kommunikasiyaların açılmasında Rusiyanın öz marağı o ola bilər ki, bu ölkənin sülhməramlıları, 2000 nəfərə yaxın ordu birləşmələri ən azı 5 il həmin bölgədə qalacaq. Onların təchizatı ilə bağlı da  müəyyən çətinliklər var. Həmin dəmiryol stansiyalarının açılması bu təchizatın yaxşılaşmasına, sürətinin artmasına yardımçı ola bilər. Çox güman ki, Rusiyanın Bakı-Xankəndi dəmir yolunun açılmasına bu maraqları da var”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da bu xəttin əvvəllər mövcud olduğunu və bu gün də bərpasının vacib olduğunu vurğuladı: “Əvvəllər, sovet vaxtında Yevlaxdan Xankəndinə qədər dəmir yolu var idi. Sonradan  həmin dəmir yolu dağıldı. Bu yaxınlarda mətbuatda məlumat getdi, Azərbaycan Dəmir Yolları QSC Bakı-Xankəndi dəmiryolu ilə bağlı müəyyən layihələr işləyib hazırlayıb ki, vəsait olsa həmin dəmir yolunu bərpa edək. Bu dəmir yolunun çox böyük əhəmiyyəti var. Birincisi, Qarabağ bölgəsində istehsal olunan məhsulların, xüsusən də kənd təsərrüfatı mallarının mərkəzə gətirilməsi, xaricə çıxarılması baxımından çox böyük əhəmiyyət kəsb edir. İkincisi, sərnişindaşımada dəmir yolu digər nəqliyyat növlərindən daha ucuzdur. Sərnişinlər bu xətdən istifadə edə bilər. Ümumiyyətlə, dəmir yolunun çəkilməsi çox vacibdir. Yəqin ki, bu layihə həyata keçiriləcək”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR