İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və Ankaradan xilas yolu xəritəsi - dünya iki Türk lideri dinləsə...

2893 10.03.2022 15:51 Gündəm A A

İkinci Dünya müharibəsindən sonra indi dünyanın ən qarışıq, vahim, təlatümlü, təhlükəli dövrüdür. Daha dəhşətlisi odur ki, hətta nüvə silahından istifadə təhdidləri də var. Bunu bir anlıq təsəvvür etmək belə insanı titrədir. Ancaq hələlik görünən budur ki, aqressiv davranışlar səngimir, davam edir.

Dünya bir növ indi ikiyə bölünüb: bir tərəfdə Rusiya və onun azsaylı tərəfdarları, dostları, digər tərəfdə Qərb-Avropa və onun tərəfdaşları...
Beynəlxalq aləm Rusiyanın Ukraynanı işğal etməsi fonunda təpkilər göstərsə də, RF-na sanksiyalar tətbiq olunsa da bunlar real mənzərəni dəyişmir.
Beləliklə, Ukrayna üzərindən körüklənən bu prosesin çox ağır fəsadları olacaq və bunlar görünməkdədir.

           ***

Əlbəttə, dünyanın bütün ağır dönəmlərində, sülh, əməkdaşlıq, barış xəttini tutan, neytrallıq göstərən, vasitəçilik missiyasını daşıyan dövlətlər də olub. Hazırkı proseslərdə, baş verənlərə münasibətdə isə bu şərəfli missiyanı öz üzərinə iki türk dövləti götürməkdədir: Qardaş Türkiyə və Azərbaycan indi ortaya nümunə qoyur və sülhə nail olmaq üçün bütün imkanları ilə birgə çalışırlar.

          ***

İndi bütün dünyanın nəzərləri Türkiyəyə dikilib. Bu həm də diqqətin Azərbaycana da yönəlməsi deməkdir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın timsalında barışdırıcı bir missiya hərəkətə keçib.
Əslində, iki qardaş dövlətin liderlərinin davranışları, dostluğu, apardıqları siyasət, qurulan münasibətlər illərdir ki, dünyaya bir nümunədir.

Hazırda Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir.

275559196_525919788887804_5226746483346437440_n.jpg (285 KB)

Sözsüz ki, Ərdoğanla görüşdə dünyada baş verən proseslərin müzakirəsi və barış yönündə birgə siyasət aparmaq da müzakirə olunacaq. Əminliklə söyləmək olar ki, qanlı proseslərin dayanmasında Ərdoğan və Əliyevin səmimiyyəti, təşəbbüskarlığı, fədakarlığı və təcrübələri mühüm rol oynayacaq. Hələlik detallar və zaman barədə danışmaq tezdir, ancaq yekun nəticənin məhz Azərbaycan və Türkiyə liderlərinin vasitəçiliyi ilə əldə olunacağına şübhə yoxdur. Bütün parametrlər üzrə dünya liderlərini müqayisə edəndə bu qənaətə gəlmək olur ki, hazırda Əliyev və Ərdoğandan başqa kimsə sülhün əldə olunmasında maraqlı deyil.
Dünya bu iki lideri dinləsə, hər kəs qazanar. Xilas xəritəsini onlar güman ki, hazır da edib...
           

          ***

Belə bir qarışıq zamanda təbii ki, Türkiyə və Azərbaycan əməkdaşlığının ən yüksək həddə çatdırılması məsələsi də prioritet təşkil etməlidir. Faktiki olaraq proseslərin lokomotivi roluna çevrilən iki qardaş ölkənin daha yaxın əməkdaşlığı, strateji məsələlərdə birgə davranış zərurətdir. Azərbaycan və Türkiyə prezidentlərinin ən səmimi şəkildə, nümunəvi dostluq münasibətləri Türkiyə-Azərbaycan strateji müttəfiqliyini daha da yaxınlaşdırmaq üçün əsas baza kimi qiymətləndirilir. Onlar qarşıdakı dönəmdə də daha mütəşəkkil çalışaraq olduqca mühüm, dünya düzəninə müsbət təsirlər edən qərarlar verəcəklər.
       

          ***

Bir mühüm məqama diqqət edək: 2021-ci ilin iyununda imzalanan və 2022-ci ilin əvvəlində həm Türkiyənin, həm də Azərbaycanın ratifikasiya etdiyi Şuşa Bəyannaməsi strateji müttəfiqliyi zirvəyə yüksəltmək üçün tarixi bir sənəddir. Şuşa Bəyannaməsi daimi müttəfiqliyin baza sənədidir: bu artıq bir bəyannamə deyil, hər iki ölkənin parlamentində təsdiqlənmiş QANUNDUR!

Erdoqan Susada.jpg (58 KB)
Bu qanuna əsaslanaraq, Azərbaycanla Türkiyə “bir millət, iki dövlət” yanaşmasından “bir millət, bir dövlət” prinsiplərinə doğru hərəkət edə biləcək. Həm siyasi, həm iqtisadi, həm humanitar, həm də hərbi baxımdan iki dövlətin birgə hərəkət etməsi artıq qanunla tənzimlənir!
Xüsusi ilə hərbi-texniki əməkdaşlıq məsələsində mühüm addımlar atılıb və atılmaqdadır. Azərbaycanda Türkiyə sistemi üzrə ordu quruculuğu davam etdirilir, komando birliklər yaradılır və s.
Dünyada ikinci belə bir yaxınlıq, qardaşlıq nümunəsi yoxdur.
Məsələn, burada qeyd verə bilərik ki, dünyada eyni soy-kökə, eyni din, eyni dil qrupuna məxsus digər qardaş xalqlar da var. Nümunə olaraq rus və Ukrayna xalqlarını deyə bilərik. Ancaq bu gün Rusiya Ukrayna xalqının başına bombalar yağdırır, iki qardaş xalq müharibə edir...
Azərbaycan-Türkiyə münasibətləri isə tarixən gerçək bir qardaşlıq olub və hazırda ən yüksək səviyyədə də qalmaqda, inkişaf etməkdədir.
Əlbəttə, bu düzəni quran, nizamlayan, son illərdə ən yüksək zirvəyə yüksəldən liderlər də alqışlanmalıdır!

           ***

Həm regional, həm də qlobal baxımdan yanaşdıqda Azərbaycan-Türkiyə müttəfiqliyi yalnız bu iki ölkənin qazancı deyil. Bundan hər kəs fayda görür və görəcək.
Bölgədəki bütün dövlətlərin Türkiyəyə ehtiyacı olmasına kimsə şübhə edə bilməz. Ondan hamı yarıyır və yararlanır. Əgər Ermənistan da ağlını başına yığıb 10 noyabr razılaşmasına əməl etsə, sülh müqaviləsindən boyun qaçırmasa, Türkiyə ona sərhədlərini açacaq. Darmadağın olmuş və iqtisadi səfalət yaşayan Ermənistan üçün bu hava-su kimi lazımdır.
Ancaq bunun üçün onlar sülh müqaviləsi imzalamalı və mənasız revanş düşüncələrini dəfn etsə, hər kəsin iqtisadi çöküş yaşadığı bir vaxtda, dirçələ bilər...
Bu kontekstdə Zəngəzur dəhlizi ilə bağlı prosesin sürətlənməsində Ermənistan və onun havadarları da xüsusi maraq göstərməlidir. Zəngəzur dəhlizi faktiki olaraq hazırda yeni düzəni qurulan dünyaya Cənubi Qafqazdan açılan bir qapıdır. Bunu hər kəs doğru qiymətləndirməlidir.
Türkiyə-Azərbaycan müttəfiqliyinin, tərəfdaşlığının və işbirliyinin dünya umun mühümlüyünü hazırda daha aydın görmək mümkündür: Avropanı bürüyən enerji çaxnaşması, indiki ağır iqtisadi və geosiyasi şərtlər daxilində TANAP və TAP-ın həyati əhəmiyyətini izah etməyə lüzum yoxdur, hər kəs bunu başa düşür. Siyasi baxımdan bu kəmər də uzaqgörənliyin nəticəsi kimi dəyərləndirilə bilər.

          ***

Sonda: Uzun zamandır Türkiyə və Azərbaycan bir prosesin üzərində çalışır. Söhbət türk birliyindən - Türk Dövlətləri Təşkilatından gedir. Bu prosesə təbii ki, mane olmaq istəyən qüvvələr var idi və indi də yox deyillər.

1187925_yyohk7ws3b.jpg (72 KB)

Günümüzdə baş verənlərin fonunda bəzilərinin niyə bundan narahat olduğunu da anlamaq mümkündür. Ancaq sağlam yanaşmalardan baxdıqda, mövcud geosiyasi reallıqlarda türkdilli ölkələrin əməkdaşlığının böyük əhəmiyyəti və rolunun hər kəsə gərəkli olduğu ortaya çıxır. Bu istiqamətdə səylər davam etdirilməlidir. Bu, yaxın gələcəkdə daha çox lazımlı xətt olacaq...

3a711bd8ba59c29ab74f9b80ab2f6621.jpg (85 KB)

Elşad MƏMMƏDLİ
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR